"Milyarderlər ittifaqı”nda çat - AKTUAL

Abbas Abbasov qurumun toplantılarına qatılmır, daha bir neçə şəxs qurumu tərk edə bilər

Azərbaycan mətbuatının "Milyarderlər ittifaqı" adlandırdığı  Rusiya Azərbaycan Təşkilatları İttifaqı yaranarkən sabiq spiker Rəsul Quliyev yenu qurumla bağlı belə bir açıqlama vermişdi: "Onların üstünə təpinən kimi qorxub dağılışacaqlar". Sabiq spikerin açıqlamasında həqiqət vardı. Rəsul Quliyev siyasətə biznesdən gəlmiş bir adam kimi iş adamlarını yaxşı tanıyırdı və onların siyasi iddialarının hara qədər gedə biləcəyini də bilirdi. Həqiqətən də siyasi analitiklər "Milyarderlər ittifaqının" uzun yaşamayacağını bilirdilər. Özəlliklə də, Abbas Abbasov, İsgəndər Xəlilov kimi iş adamlarının qurumda qalmayacağı bəlli idi. Artıq qurum daxilində çat yaranıb. Bir sıra üzvlər RATİ-ni tərk etmək qərarı veriblər. RATİ-nin əsas ideya müəllifi, Ziyalılar Forumunun üzvü Rüstəm İbrahimbəyov da Moskvadan gələndən sonra verdiyi silsilə müsahibələrinin sonuncusunda bu məsələyə toxunub. Öncə bir nüansı vurğulayaq ki, kinossenarist əvvəlki kimi şövqlə və inamla danışmır, onun ümidsizliyə qapıldığı aşkar görünür. Onun əvvəlki müsahibələrindəki qəzəb, özünəarxayınlıq yoxdur. Görünür ki, ona Moskvada müəyyən mesajlar veriblər və anladıblar ki, RATİ-nin perspektivi yoxdur. Rüstəm İbrahimbəyov sonuncu müsahibəsində olduqca ümidsiz danışır və Abbas Abbasova çağırış edir: Ya RATİ-də qal, ya da get. İbrahimbəyov bildirir ki, Abbas Abbasov ya quruma sədrliyi davam etdirməlidir, ya da RATİ-yə başqa sədr seçiləcək. Əslində Abbas Abbasov iki yol ayrıcında qalıb. O, RATİ-dən qopmaq da istəmir. Elə zənn edir ki, Kreml bu qurum ətrafında spekulyasiyaları ciddi siyasi layihə kimi icra edə bilər. Xüsusən, "Abbas Abbasov RATİ-nin prezidentliyə namizədi ola bilər" kimi fikirlər sabiq baş nazir müavinini ümidləndirib. Amma onun Söyün Sadıxovdan fərqli olaraq Azərbaycanla bağları daha çoxdur və o, bu əlaqələri itirmək istəmir. Oğlu parlamentin deputatıdır, özünün və yaxınlarının ölkədə böyük biznesi var. Abbas Abbasov Azərbaycanla bağlarının  qırılmasından ehtiyat edir. Bu baxımdan sabiq baş nazir müavininin RATİ-dən qopacağı aydın məsələdir. Yəqin ki, yaxın vaxtlarda Abbasov artıq soyuq yanaşdığı RATİ-nin toplantılarına qatılmayacaq.  Bəs onu qurumda kim əvəz edəcək və daha kimlər RATİ-ni tərk edə bilər? Abbas Abbasovdan sonra ikinci olaraq gündəmə İsgəndər Xəlilov gəlib. Müxalifət mətbuatı yazır ki, İsgəndər Xəlilovun obyektlərində yoxlamalar başlanıb. Bu günə qədər siyasi iddia ortaya qoymamış İ.Xəlilovun bu yoxlamalardan ehtiyat edərək  RATİ-dən gedəcəyi gözlənilir. Artıq onun yaxın ətrafından buna dair mesajlar gəlməkdədir. Bəs RATİ-nin başçısı kim ola bilər? Nə Telman İsmayılov, nə Araz Ağalarov, nə Nazim Ağamirov, nə də Vahid Ələkbərovun bu quruma sədr olacağı real görsənmir. RATİ-yə sədr olacaq iki şəxs qalır:Rüstəm İbrahimbəyov və Söyün Sadıxov. Söyün Sadıxovun Azərbaycanda yaxşı imici yoxdur. Onu "bazar adamı", "soğan satan" kimi təqdim edirlər. Belə bir adamın siyasi iddia qoyan bir təşkilata rəhbərliyi uyğun olmazdı. Böyük ehtimalla, RATİ-yə sədrliyi elə Rüstəm İbrahimbəyova həvalə edəcəklər. Yəqin ki, qurumun prezidentliyə namizədi də o, olacaq.

Aslan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31