Rusiya heç vaxt Qarabağ məsələsində ədalətli mövqe tutmayıb
Rusiyanın xarici işlər naziri Sergey Lavrov keçirdiyi mətbuat konfransında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunub. Bildirib ki, Dağlıq Qarabağın yekun statusunun müəyyənləşdirilməsi şərti və işğal olunmuş ərazilərin sülh yolu ilə azad olunması tələbi hər zaman qüvvədə qalır. Rusiyalı nazir bildirib ki, münaqişənin həlli ilə bağlı bir sıra sənədlər mövcuddur.
18 Yanvar 2017 14:36 SiyasətQənirə Paşayeva: "Bu ölkə hər zaman işğalçı Ermənistanın yanında olub və bu gün də onun yanındadır"
Rusiyanın xarici işlər naziri Sergey Lavrov keçirdiyi mətbuat konfransında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunub. Bildirib ki, Dağlıq Qarabağın yekun statusunun müəyyənləşdirilməsi şərti və işğal olunmuş ərazilərin sülh yolu ilə azad olunması tələbi hər zaman qüvvədə qalır. Rusiyalı nazir bildirib ki, münaqişənin həlli ilə bağlı bir sıra sənədlər mövcuddur. Nazir həmçinin ötən ilin aprelində təmas xəttində baş verən toqquşmalara da toxunub: "Ötən ilin aprelində baş vermiş qanlı hadisə dərin narahatlıq yaradır. Rusiya həmin vaxt qan tökülməsinin qarşısının alınmasında vacib rol oynayıb. Vyanada, daha sonra Sankt-Peterburqda Azərbaycan və Ermənistan prezidentləri insidentlərin araşdırılması mexanizminin işə düşməsi və təmas xəttində ATƏT müşahidəçilərinin artırılması barədə razılığa gəldi. 2011-ci ildə də insidentlərin araşdırılması məsələsi Həştərxan görüşündə müzakirə edilmişdi. Bu tədbirlər çox vacibdir. İnsidentlərin araşdırılması və ATƏT müşahidəçilərinin sayının artırılmasına dair razılıq ona görə reallaşa bilmir ki, bununla bağlı ATƏT-də konsensus yoxdur. Bunu təşkilatın üzlərindən də maraqlanmaq olar". Lakin Minsk qrupunun həmsədri olan ölkənin naziri ortalıqda olan sənədlərin nədən ibarət olduğunu, daha doğrusu Ermənistanın bu sənədlərlərin hansı ilə razılşadığını açıqlanmayıb. Üstəlik, həmsədr ölkənin təzavüzkar dövlətə hər hansı təzyiq göstərəcəyi məsələsinə qətiyyən toxunulmayıb. Əksinə, Azərbaycanın işğal altında olan torpaqlarının hərbi yolla geri qaytarılmasının mümkün olmadığına işarə edilib. Bu faktlar bir daha onu göstərir ki, Rusiya hələ də for-postu olan Ermənistanın könlünü qırmaq istəmir. Rusiyanın bu mövqeyi isə Azərbaycan ictimaiyyəti tərəfindən narazılıqla qarşılanıb.
Politoloq Elxan Şahinoğlu bildirib ki, Sergey Lavrov "Dağlıq Qarabağın yekun statusunun müəyyənləşdirilməsi şərti və işğal olunmuş ərazilərin sülh yolu ilə azad olunması tələbi hər zaman qüvvədə qalır" fikrini səsləndirməklə demək istəyir ki, Dağlıq Qarabağın statusu bəlli olmalı və Azərbaycan müharibəyə başlamayacağı təminatı verməlidir ki, işğal altındakı torpaqlar boşaldılsın: " Bundan sonra hələ də inananlar var ki, Rusiya Ermənistanı Dağlıq Qarabağ ətrafındakı rayonları qeyd-şərtsiz boşaltmağa məcbur edəcək". Politoloq Zaur Məmmədov qeyd edib ki, münaqişənin öz həllini tapmaması, münaqişənin status - kvosunun dəyişməməsi Ermənistan tərəfinin lehinə olan vəziyyətdir. Ermənilər danışıqların uzadılması ilə illərdi ki, məşquldurlar: "Lakin aprel hadisələri göstərdi ki, münaqişə istənilən vaxt alovlana bilər. Bu isə, təkcə Cənubi Qafqaz dövlətləri üçün yox, eyni zamanda bütün regional dövlətlər üçün də olduqca təhlükəlidir. Burada hətta region dövlətlərinin ərazi bütövlüklərinin pozulmasından da söhbət gedə bilər". Onun sözlərinə görə, Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə mane olan tərəflər ağıllarını başlarına yığıb ilk olaraq ətraf rayonları Azərbaycana qaytarmağa Ermənistanı təhrik etməlidirlər: " Cənubi Qafqazda gələcəkdə baş verəcək müharibə şimaldakı və cənubdakı qonşularımız üçün də pis nəticələnə bilər. Ermənilər vaxti ilə öz çirkin planlarını həyata keçirərək ərazilərimizdə öz dövlətlərini qurublar. Aydındır ki, Azərbaycan öz ərazisində ikinci erməni dövlətinin qurulmasına bugün də, onilliklər sonra da icazə verməyəcək. Biz gələcəyə baxaraq hərbi cəhətdən güclənməyə davam etməliyik" Millət vəkili Qənirə Paşayeva qeyd edib ki, Rusiya nə zaman Qarabağ probleminin həllində ədalətli, obyektiv mövqe tutub ki, Lavrovun son bəyanatında da ədalətli mövqe gözləyək. Rusiya hər zaman işğalçı Ermənistanın yanında olub və bu gün də onun yanındadır. Onun sözlərinə görə, Ermənistan Azərbaycan torpaqlarını o zamanlar məhz Rusiyanın dəstəyi, hərbi yardımı ilə işğal etmişdi: "Lavrova gəlincə, yadımdadır televiziyada işlədiyim dövrdə Qarabağla bağlı danışıqlar gedirdi. Biz də gözləyirdik. Həmin bu Lavrov gəlib o zamankı xarici işlər naziri Oskanyanın qoluna elə mehribanlıqla girdi, bir tərəfə çəkilib qardaş mehribanlığı ilə qızğın müzakirələr aparırdılar ki, onları çəkən kameraları belə unutmuşdular... Qarabağla bağlı o müzakirələrdən gəlib elə həmin kadrı vermişdim və altına da "şərhsiz" deyə yazmışdım. İşğal altında olan torpaqlarımıza gəlincə, onu azad etmək üçün biz sadəcə, öz gücümüzə arxalanmalıyıq. Yanımızda isə sadəcə, Türkiyə, Pakistan və başqa çox az sayda bir neçə səmimi qardaş-dost ölkə var və olacaq. Yaxşı günün dostları çox olur, amma çətin günün dostu-qardaşı kimdir, onu da hamımız bilirik. Yeri gəlimişkən, aprel döyüşləri deyəsən, Lavrovu yaman narahat edib. Bir də mətbuat konfransını tam izləməmişəm. Jurnalistlərdən kimsə Lavrovdan soruşmayıb ki, sizin hərbi qüvvələrinizin Krımda nə işi var?" Hərbi ekspert Üzeyir Cəfərov deyib ki, bu illər ərzində ilk dəfə idi ki, məhz ermənilərin havadarları olan ruslar nəhayət ki, illərlə gizli saxladıqları, Azərbaycanın tam əleyhinə olan məkrli Kreml planlarını açıqladılar: "Bizlər Azərbaycan dövləti olaraq ATƏT-in bivec Minsk qrupunun həmsədr ölkələri olan Amerikadan və Fransadan Rusiyanın yol verdiyi özbaşınalığa və BMT TŞ-nın 4 məlum qətnamələrinin üstündən xətt çəkdiyinə görə, özünün də vaxtıykən səs verdiyi sənədləri şübhə altına aldığına görə konkret mövqe, münasibət tələb etməliyik. İstənilən halda, faktiki ATƏT-in Minsk qrupunun fəaliyyətinə xitam verilməli, açıq və aydın şəkildə işğalçıya dəstək verdiyinə görə Rusiya Federasiyasının bu qrupdan çıxarılmasına təşəbbüs göstərməliyik. Hiss edirəm ki, Rusiya siyasi-hərbi rəhbərliyi bu gün Qarabağ məsələsində Ermənistanı məmnun edəcək, cəbhədə daha da gərginliyə yol açacaq bir mövqe sərgilədi. Bunun ardınca isə çox, lap dəhşətli hadisələrin olacağını düşünürəm". Hərbi-siyasi icmalçı Ramil Məmmədli bildirib ki, 210 il qabaq Qacar (türk) dövlətinə üz çevirərək Rusiya ilə diplomatik əlaqələr quran Qarabağ xanlığı elə həmin imperiya tərəfindən də qısa müddət sonra işğal edildi. 210 ildir Qarabağ Rusiyanın bu və ya digər formatda işğalı altındadır. Bu işğal indidə də davam edir. Onun sözlərinə görə, ermənilər burada görüntü rolunu oynayır: "Dostunu düşmənindən ayıra bilməyən millətin taleyi belə olur. O ki qaldı Rusiyanın xarici işlər naziri Sergey Lavrovun keçirdiyi mətbuat konfransına, Qarabağ münaqişəsi ilə bağlı Lavrovun dedikləri Azərbaycan xalqının "buzunu açmaq" üçün idi. Babalarımızın səhvlərinin "meyvəsini" yeyirik. Bizim bir yolumuz qalıb. İtirdiyimizi geri almaq üçün savaşmaq. Tanrı Azərbaycanı qorusun".
Alim