Dünya iqtisadiyyatı Davosda müzakirə edilir
Bu günlərdə dünya dövlətləri, iqtisadi mərkəzlərinin diqqəti yenidən İsveçrəyə yönəlib. Səbəb ənənəvi olaraq keçirilən Davos Forumudur. Bu dəfəki forum əvvəlki illərdən fərqli olaraq daha çox əhəmiyyətli hesab edilir və qloballaşan dünyada sabit iqtisadi münasibətlərin davam etməsi arzusunda olan hər bir ölkə Davos Forumuna xüsusi önəm verir. Çünki 2014-cü ilin sonlarından dünyada baş verən iqtisadi və maliyyə böhranından çıxış yolları aramaq üçün Davos, eləcə də bu kimi mühüm toplantılar hər bir ölkə üçün cəlbedici görünür. Artıq dünəndən (yanvarın 16-dan) başlayaraq əksər ölkələrin dövlət başçıları və hökumət rəhbərlərinin Davosa gəlişi başlayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də foruma qatılmaq üçün İsveçrəyə səfər edib. Məlumat üçün qeyd edək ki, forum ərəfəsində Davos İqtisadi Forumunun rəsmi saytında dövlət başçısı İlham Əliyevin “Azərbaycanın 2017-ci il üçün iqtisadi prioritetləri” sərlövhəli məqaləsi verilib.
17 Yanvar 2017 14:35 SiyasətTahir Mirkişili: "Azərbaycan Dünya İqtisadi Forumda iştiraka ölkədə həyata keçirilən iqtisadi islahatların yaratdığı yeni imkanları dünya ölkələrinə çatdırmaq imkanı kimi baxır"
"Tam şəffaf və strateji baxışlarının ortaya qoyulması, sabitlik və inkişafın proqnozlaşdırılması forumda Azərbaycana marağı daha da artıracaq"
Bu günlərdə dünya dövlətləri, iqtisadi mərkəzlərinin diqqəti yenidən İsveçrəyə yönəlib. Səbəb ənənəvi olaraq keçirilən Davos Forumudur. Bu dəfəki forum əvvəlki illərdən fərqli olaraq daha çox əhəmiyyətli hesab edilir və qloballaşan dünyada sabit iqtisadi münasibətlərin davam etməsi arzusunda olan hər bir ölkə Davos Forumuna xüsusi önəm verir. Çünki 2014-cü ilin sonlarından dünyada baş verən iqtisadi və maliyyə böhranından çıxış yolları aramaq üçün Davos, eləcə də bu kimi mühüm toplantılar hər bir ölkə üçün cəlbedici görünür. Artıq dünəndən (yanvarın 16-dan) başlayaraq əksər ölkələrin dövlət başçıları və hökumət rəhbərlərinin Davosa gəlişi başlayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də foruma qatılmaq üçün İsveçrəyə səfər edib. Məlumat üçün qeyd edək ki, forum ərəfəsində Davos İqtisadi Forumunun rəsmi saytında dövlət başçısı İlham Əliyevin "Azərbaycanın 2017-ci il üçün iqtisadi prioritetləri" sərlövhəli məqaləsi verilib. Məqalədə qeyd edilir ki, son illər ölkə həyatının bütün sahələrində reallaşdırılan məqsədyönlü tədbirlər öz uğurlu nəticələrini verib. İqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən enerji sahəsində qlobal əhəmiyyətli layihələrin icrası ölkəmizin imkanlarını artırmaqla yanaşı, regional və beynəlxalq əməkdaşlığın inkişafı işinə də xidmət edir. Bu baxımdan Azərbaycanın təşəbbüsü və liderliyi ilə icra olunan "Cənub Qaz Dəhlizi" layihəsi Azərbaycan qazını Avropa bazarlarına çatdırmaqla Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə də öz dəyərli töhfəsini verəcək. Layihə çərçivəsində "Şahdəniz-2" qaz-kondensat yatağının işlənməsi üzrə işlərin 87 faizi, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi üzrə işlərin 72 faizi, Trans-Anadolu Boru Kəmərinin (TANAP) inşası üzrə işlərin 60 faizi, Trans-Adriatik Boru Kəmərinin (TAP) inşası üzrə işlərin 30 faizi icra edilib. Qeyd etmək lazımdır ki, "Şahdəniz" yatağı təsdiq edilmiş qaz ehtiyatı ən azı 1,2 trilyon kubmetr olan dünyanın ən böyük qaz yataqlarından biridir. Azərbaycanın son illərdə əldə etdiyi nailiyyətləri xatırladan prezident İlham Əliyev həmçinin diqqətə çatdırıb ki, əldə etdiyimiz real uğurlarla yanaşı, çağırışlarla da üzləşmişik. Qlobal iqtisadi böhran prosesləri Azərbaycan iqtisadiyyatına da öz təsirini göstərib, gəlirlər azalıb və ötən il ərzində milli valyuta 10,1 faiz ucuzlaşıb. Lakin adekvat addımlar ataraq biz bu çətinliklərin öhdəsindən uğurla gəlirik. Daha dayanıqlı inkişafa nail olmaq üçün "Strateji Yol Xəritəsi" təsdiqlənib, struktur, institusional, pul-kredit, maliyyə və
digər istiqamətlərdə dərin islahatlar aparılır, vergi və gömrük sahəsində idarəetmə təkmilləşdirilir, bütün sahələrdə şəffaflıq təmin edilir. Misal üçün, ötən ilin 10 ayında ticarət dövriyyəsinin azalmasına baxmayaraq, gömrük rüsumlarının toplanan həcmi 53 faiz artıb. Prezidentin məqaləsində bildirilir ki, 2016-cı ildə atdığımız addımlar bu məqsədə nail olunması işinə xidmət edəcək. Azərbaycan artıq Dünya İqtisadi Forumunun Qlobal Rəqabət Qabiliyyətliliyi İndeksinə görə 37-ci yerdədir (MDB ölkələri sırasında 1-ci yerdə) və biz bu uğuru daha da möhkəmləndirmək əzmindəyik.
Ümumiyyətlə, Azərbaycan Davos İqtisadi Forumuna hər zaman böyük əhəmiyyət verib və davamlı olaraq onun toplantılarında iştirak edib. Ümumiyyətlə, bu toplantının tarixinə nəzər salsaq görərik ki, Davos İqtisadi Forumu (DİF) isveçrəli professor Klaus Şvebsin təşəbbüsü ilə 1971-ci ildə yaradılıb. Klaus Şvebs 1971-ci ildə İsveçrənin Davos şəhərində Avropanın aparıcı 450 şirkətinin rəhbərlərini toplayaraq, dünya iqtisadiyyatının perspektivlərini müzakirə etmək və ümumi strategiya hazırlamaq məqsədilə birinci simpoziumu keçirib. 70-ci illərin ortalarından forumun iclaslarına müxtəlif ölkələrin hakimiyyət nümayəndələri və iş dünyasının liderləri olan sahibkarlar dəvət edilməyə başlandı. 1987-ci ildən etibarən DİF Dünya İqtisadi Forumu adlandırılmağa başlanıb. Davos forumu üçün ənənəvi şəkildə illik keçirilən görüşlər xarakterikdir. DİF-in hər il keçirilməsində əsas məqsəd dövlət və hökumət başçılarını, beynəlxalq təşkilatları, elm adamlarını, nüfuzlu siyasətçiləri, iqtisadçıları, biznesmenlərin iştirakı ilə yeni beynəlxalq iqtisadi layihələrin həyata keçirilməsini müzakirə və təşkil etməkdir. 1979-cu ildən etibarən DİF-in mütəxəssisləri tərəfindən "dövlətlərin qlobal rəqabətə davamlılığı" adlı məruzə hazırlanılır. Bu məruzələrdə dünyanın 100-dən çox dövləti iki əsas göstərici əsasında - potensial inkişaf və rəqabətə davamlılıq indeksi üzrə qiymətləndirilir. Azərbaycanın dövlət başçısı səviyyəsində bu mötəbər toplantıda iştirakı isə 1995-ci ilə təsadüf edir. Belə ki, 27-31 yanvar 1995-ci ildə Heydər Əliyev ilk dəfə olaraq Ümumdünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrənin Davos şəhərində işgüzar səfərdə olub. Azərbaycan Respublikasının DİF-də ilk dəfə iştirakı münasibətilə forum çərçivəsində Azərbaycana həsr olunan görüş keçirilib və Heydər Əliyev ölkə haqqında, onun siyasi, iqtisadi və sosial-mədəni inkişaf göstəriciləri barədə tədbir iştirakçılarına geniş məlumat verib. Heydər Əliyev Azərbaycanın karbohidrogen ehtiyatlarla zəngin olduğunu və bu resurslardan dünyanın gələcək inkişafı naminə istənilən ölkə ilə qarşılıqlı maraqlar əsasında istifadə etmək prinsiplərini özündə əks etdirən xarici iqtisadi siyasət xətti tutduğunu bəyan edib. O, bildirib: "Zəngin neft və qaz yataqları, digər təbii sərvətləri olan Azərbaycan müasir dünyanın istifadə etdiyi prinsiplər əsasında xarici investisiyalar, xarici şirkətlərlə əməkdaşlıq üçün, dünya üçün açıqdır". Həmin tarixdən etibarən Azərbaycan davamlı olaraq Davos İqtisadi Forumuna dəvət alır və həmin dəvəti də yüksək səviyyədə dəyərləndirir. Ümumiyyətlə, Azərbaycanın belə bir mühüm toplantıya əsas iştirakçı kimi qatılması birmənalı olaraq yüksək qiymətləndirilir. Milli Məclisin üzvü Tahir Mirkişili deyir ki, Dünya İqtisadi Forumu siyasi liderlərin, iri biznes rəhbərlərinin, tanınmış insanların və jurnalistlərin iştiraki ilə dünyanın vacib problemlərinin müzakirə olunduğu vacib
platformadır: "Bu il "Məsuliyyətli liderlik" lozunqu altında Davosda keçirilən Dünya İqtisadi Forumunda müasirliyin əsas məsələləri, iqtisadi inkişafın perspektivləri, sabitlik və sülhün möhkəmlənməsi kimi cari məsələlərin müzakirəsi planlaşdırlır. Forumda dünyanın 90 ölkəsindən 2500-dən çox iştirakçı iştirak edir. Dünyanın aparıcı liderləri, müxtəlif ölkələrin prezidentləri, baş nazirləri və iş adamları burada biraraya gəlirlər. Dünya İqtisadi Forumun 700-dən çox ekspertdən ibarət ciddi iqtisadi tədqiqat qrupu var. Bu qrup hər il dünyada iqtisadi inkişafa təhlükə yaradan riskləri ciddi araşdırırlar". Millət vəkilinin sözlərinə görə, Davos forumu yeganə forumdur ki, həm siyasi liderləri, dünya liderlərini, həm iş adamlarını, vətəndaş cəmiyyəti nümayəndələrini biraraya toplamaq imkanına malikdir. Deputat bildirib ki, məhz bu baxımdan Davos forumu müxtəlif müzakirələr, ayrı-ayrı ölkələrdən xarici investisiyaların cəlb edilməsi üçün və ölkənin özünün potensialının təqdim edilməsi baxımından vacib bir platformadır: "Azərbaycan da Davos forumunda iştirak etməkdə maraqlıdır. 1995-ci ildən başlayaraq Azərbaycan bu forumda ölkə rəhbəri səviyyəsində iştirak edir. Bu il də Azərbaycan forumda ölkə Prezidenti səviyyəsində təmsil olunur. Prezident İlham Əliyev Dünya İqtisadi Forumunda onuncu dəfə iştirak etdiyinə görə Davos fəxri üzvlər klubunun nişanı ilə təltif olundu. Azərbaycan Dünya İqtisadi Forumda iştiraka ölkədə həyata keçirilən iqtisadi islahatların yaratdığı yeni imkanları dünya ölkələrinə çatdırmaqla ölkəyə investisiyaların və texnologiyaların axınına zəmin yaratmaq və Azərbaycanın digər bazarlarda iqtisadi maraqlarnın qorunması imkanı kimi baxır. Dünyanın aparıcı iş adamları ilə birbaşa ünsiyyət, onlarda ölkə iqtisadiyyatına investisiya etmadının daha artırılmasına çalışmaq və bunu müasir yanaşmalarla nümayiş etdirmək vacib bir imkandır və bu imkandan da Azərbaycan Prezidenti öz görüşləri və çıxışları ilə istifadə edir. Dünyada iqtisadi inkişaf tempinin zəiflədiyi, qeyri-müəyyənliklərin artdığı bir zamanda Azərbaycanın tam şəffaf və strateji baxışlarının ortaya qoyulması, sabitlik və inkişafın proqnozlaşdırılması forumda Azərbaycana marağı daha da artıracaq".
Süleyman