İqtisadi islahatlarla qarşıya qoyulan bütün hədəflərə çatılacaq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunan iclasında ötən ildə Azərbaycanda, eləcə də dünya ölkələrində müşahidə olunan sosial və iqtisadi proseslərin mahiyyətini açıqlayıb.

Deputat: "Prezidentin mesajları ölkənin həm sosial-iqtisadi, həm də ictimai-siyasi həyatında öz müsbət rolunu oynayacaq"

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunan iclasında ötən ildə Azərbaycanda, eləcə də dünya ölkələrində müşahidə olunan sosial və iqtisadi proseslərin mahiyyətini açıqlayıb. Açıqlamalarını nikbin notlar üzərində quran dövlət başçısı qeyd edib ki, 2016-cı il tarixdə dərin islahatlar ili kimi qalıb, iqtisadi böhran vəziyyətindən çıxış yolu tapılıb. Paralel olaraq dövlət başçısı vurğulayıb ki, 2016-cı ildə təhlükələr artıb, qanlı müharibələr davam edib, hətta yeni münaqişə ocaqları yaranıb, iqtisadi inkişafla bağlı vəziyyət ağırlaşıb: "Bütün bunlara baxmayaraq, Azərbaycan 2016-cı ildə inamlı inkişafını davam etdirib, təhlükəsizlik təmin olunub. Xalqımız sülh və əminamanlıq şəraitində yaşayıb. Ölkəmizdə sabitliyin mənbəyi xalqın iradəsi və onun seçimidir". Prezident İlham Əliyev bildirib ki, ötən il ölkə qarşısında duran bütün vəzifələr icra edilib: "Neftin qiymətinin düşməsi nəticəsində yaranan böhranlı vəziyyətdən çıxış yolu tapılıb. Dünyada və bölgədə gedən təhlükəli proseslərə fikir verərkən bir daha görürük ki, Azərbaycan öz yoluna sadiqdir, müstəqillik və inkişaf yolu ilə gedir. Biz çalışmışıq, bundan sonra da çalışacağıq ki, ölkəmizi, xalqımızı mümkün olan risklərdən qoruyaq, öz müstəqil yolumuzu təmin edək. Tarix və ətrafda baş verən hadisələr göstərir ki, bizim seçdiyimiz yol yeganə düzgün yoldur. Bu, müstəqillik, sabitlik, inkişaf yoludur". 

Millət vəkili Eldəniz Səlimov bildirib ki, ölkə Prezidenti cənab İlham Əliyevin də vurğuladığı kimi, arxada qalan 2016-cı il tarixdə dərin iqtisadi islahatlar ili kimi qalacaq. Həqiqətən də, dünyada qlobal iqtisadi-maliyyə böhranın kəskin şəkildə davam etməsinə və onun Azərbaycana da müəyyən dərəcədə təsirlərinə rəğmən, ötən il ölkəmizdə radikal islahatlara start verilməsi, inkişafın yeni mərhələsinə daxil olunması ili oldu. Millət vəkilinin sözlərinə görə, ötən il də ölkədə makroiqtisadi sabitlik qorunub-saxlanıldı, iqtisadi dayanıqlılıq təmin olundu: "Ölkə Prezidentinin də qeyd etdiyi kimi, keçən il neftin qiymətinin 3-4 dəfə aşağı düşməsi nəticəsində Ümumi Daxili Məhsulun həcmi azalsa da, qeyri-neft sənayesində 5 faiz, kənd təsərrüfatında isə 2,6 faiz artım əldə edildi. Cənab Prezident bu baxımdan çox haqlı olaraq vurğuladı ki, "bu iki rəqəm deməyə əsas verir ki, biz bu çətin və böhranlı şəraitdən şərəflə çıxa bildik. Artıq görülmüş işlər və bu il görüləcək işlər bu dinamikanı daha da gücləndirəcək. Yəni, bütün bunlar gələcəyimizlə, gələcək inkişafımızla bağlı növbəti dəfə nikbinliyə tam əsas verir". Millət vəkili bildirib ki, ölkə Prezidentinin rəhbərliyi altında və düşünülmüş siyasəti nəicəsində Azərbaycanda yenə iqtisadiyyat dayanıqlı şəkildə inkişaf edəcək, yeni iş yerlərinin yaradılması təmin olunacaq, qarşıya qoyulan bütün hədəflərə çatılacaq: "Bir sözlə, ölkə Prezidentinin sədrliyi ilə keçirilən son iclas tarixi və olduqca əhəmiyyətli bir iclasdır. Bu iclas, orada səslənmiş fikirlər, verilmiş mesajlar ölkənin həm sosial-iqtisadi, həm də ictimai-siyasi həyatında öz müsbət rolunu oynayacaq, öz əhəmiyyətli töhfəsini vermiş olacaq. Buna kimsənin şübhəsi olmasın". 
Millət vəkili, Milli Məclisin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib ki, hazırda sabitlik və təhlükəsizlik kimi məsələlər qlobal miqyasda böyük aktuallıq daşıyır. Bu da təsadüfi deyil. Çünki son illərdə ayrı-ayrı ölkələr məhz daxili sabitliyin pozulmasının çox ciddi fəsadları ilə üzləşib. Belə ölkələrdə, aydın məsələdir ki, inkişafdan, quruculuqdan, insanların firavan həyatından söhbət gedə bilməz. Qlobal miqyasda yaşanan gərginliklərin fonunda Azərbaycanı fərqləndirən əsas cəhətlərdən biri ondan ibarətdir ki, respublikamızda möhkəm xalq-iqtidar birliyi hökm sürür. E.İbrahimov bildirib ki, son 13 ildə ölkəmizdə Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət böyük uğurlarla yadda qalıb. Onun sözlərinə görə, Azərbaycan iqtidarı ölkənin perspektiv siyasətini müəyyənləşdirərkən, bir qayda olaraq, cəmiyyətdən gələn sosial sifarişləri əsas götürür. Dövlət və cəmiyyət maraqlarının üzvi şəkildə əlaqələndirilməsi son nəticədə ölkədə daxili sabitliyin qorunması, inkişafın ardıcıllığının təmin olunması üçün əsas amillərdən biri qismində çıxış edir: "Ölkədə möhkəm daxili sabitliyin təmin olunması öz növbəsində beynəlxalq aləmdə Azərbaycanın müsbət imicini daha da möhkəmləndirir, respublikamıza inamı daha da artırır. Məhz bunun nəticəsidir ki, son illərdə respublikamız bir sıra beynəlxalq tədbirlərin, humanitar forumların, mötəbər idman yarışlarının keçirildiyi məkana çevrilib. Təkcə 2016-cı ildə Azərbaycan 80-dən çox ölkənin təmsil olunduğu V Bakı Beynəlxalq Humanitar Forumuna, BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumuna, 500 milyon auditoriyası olan "Formula-1" yarışına, 200 ölkənin idmançılarının qatıldığı Ümumdünya Şahmat Olimpiadasına və digər belə tədbirlərə uğurla ev sahibliyi edib. Ötən il Konstitusiya islahatları ilə bağlı keçirilən referendumun nəticələri respublikamızda iqtidar-xalq həmrəyliyinin kifayət qədər yüksək səviyyədə olduğunu bir daha təsdiqlədi. Məlumdur ki, referendumda Azərbaycan xalqının mütləq əksəriyyəti təklif olunan dəyişikliklərə öz razılığını ifadə etdi. Bu isə onun əlamətidir ki, Azərbaycan iqtidarının cəmiyyətdə nüfuzu kifayət qədər yüksəkdir və dövlət siyasəti xalq tərəfindən birmənalı şəkildə dəstəklənir. Hesab edirəm ki, uğurlarımız 2017-ci ildə də davam edəcək". 
Alim 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31