Azərbaycanın xarici siyasətdəki uğurları davam edir

Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunub. Prezident qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları bəllidir: “Bizim mövqeyimiz dəyişməz olaraq qalır. Bizim ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. Bütün işğalçı qüvvələr bizim torpaqlarımızdan çıxarılmalıdır.

İlham Əliyev: "Qoşulmama Hərəkatı Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması ilə bağlı qətnamələr qəbul edib"
 

Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunub. Prezident qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları bəllidir: "Bizim mövqeyimiz dəyişməz olaraq qalır. Bizim ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. Bütün işğalçı qüvvələr bizim torpaqlarımızdan çıxarılmalıdır. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi icra edilməlidir. Status-kvo qəbuledilməzdir, dəyişdirilməlidir. Keçən il ATƏT də bu məsələ ilə bağlı öz ciddi sözünü demişdir-status-kvo qəbuledilməzdir. Bu, aksiomdur və bu, dəyişdirilməlidir. Status-kvonun dəyişdirilməsi işğalçı qüvvələrin torpaqlarımızdan çıxarılması deməkdir. Budur, münaqişənin həlli yolları. Bunun başqa yolu ola bilməz. Azərbaycan heç vaxt öz torpağında ikinci qondarma erməni dövlətinin yaranmasına icazə verməyəcək. Azərbaycan heç vaxt bu vəziyyətlə barışmayacaq. İşğalçı rejim, Ermənistan rəhbərliyi bunu nə qədər tez dərk etsə, bu, onlar üçün o qədər də yaxşı olacaq". Dövlət başçısının fikirlərindən aydın olur ki, Azərbaycanın Dağlıq Qarabağ məsələsi ilə bağlı mövqeyi dəyişməz olaraq qalır. Hansı ki, bu mövqe Ali Baş Komandandan tutmuş sıravı vətəndaşa qədər hamı tərəfindən birmənalı qəbul olunur. Sözügedən mövqe isə təcavüzkar dövlətin yaraqlılarının ölkə ərazisindən çıxarılması və Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasından ibarətdir. Odur ki, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin Ermənistana verdiyi mesajı işğalçı dövlət ciddi xəbərdarlıq kimi qəbul etməlidir. Ermənistan dərk etməlidir ki, Azərbaycanın dövlət başçısı bir daha erməni işğalçılarının yadına salır ki, tezliklə razılığa gəlib Azərbaycan torpaqlarından çıxmalıdırlar. Əgər ermənilər işğal etdikləri Azərbaycan torpaqlarından çıxmasalar, aprel döyüşlərindən də kəskin hərbi əməliyyatlar başlanacaq və ermənilər sarsıdıcı cavablar alacaqlar. Özü də bu dəfə döyüşlər bir neçə strateji yüksəklik uğrunda deyil, işğal altında olan torpaqları geri qaytarılması uğrunda olacaq. Yeri gəlmişkən xatırladaq ki, Azərbaycanın Dağlıq Qarabağ məsələsi ilə bağlı mövqeyi beynəlxalq təşkilatlara da bəllidir və bu mövqe ən yüksək səviyyədə dəstəklənir. Prezident İlham Əliyev bildirib ki, Azərbaycan çox böyük müsbət beynəlxalq imicə malikdir: "Beynəlxalq təşkilatlarda bizim sözümüz keçir və təsirimiz artır. Biz beynəlxalq əlaqələrimizi bu il də genişləndirəcəyik. Keçən il ölkəmizə 20-yə yaxın dövlət və hökumət başçısı rəsmi və işgüzar səfərlər etmişdir. Bu da bir göstəricidir. Biz beynəlxalq təşkilatlar çərçivəsində fəal işləmişik. İslam Əməkdaşlıq Təşkilatı Zirvə görüşündə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və aprel ayında Azərbaycana Ermənistan tərəfindən edilən təcavüzlə bağlı kontakt qrupu yaratdı. Bu qrup artıq fəaliyyətə başlayır. Bu, bizim böyük uğurumuzdur. Son illər ərzində bizim fəaliyyətimiz nəticəsində Qoşulmama Hərəkatı Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması ilə bağlı qətnamələr qəbul edib". Bu fakt bir daha təsdiq edir ki, Azərbaycan prezidentinin Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı birmənalı mövqeyi beynəlxalq ictimaiyyətə bəllidir. Dünyanın super güclərinə də məlumdur ki, Azərbaycan prezidenti Ermənistan-Azərbaycan münaqişəsinin sülh yoluyla ərazilərin bütövlüyü çərçivəsində, Qarabağa ən yüksək status verilməsinə tərəfdarı olduğunu dəfələrlə bəyan edib. Ölkə başçısı bu şərtlər daxilində Qarabağdakı ermənilərn təhlükəsiz yaşayışına təminat verir. Lakin bununla yanaşı, prezident İlham Əliyev onu da dəfələrlə bəyan edib ki, Azərbaycan torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına imkan verilməyəcək və bu, mümkün olan şey deyil. Bu baxımdan ermənilər əmin olmalıdırlar ki, danışıqlar prosesində pozuculuq siyasətini davam etdirəcəklərsə və işğalçılıq siyasətindən əl çəkməyəcəklərsə, İlham Əliyev verdiyi sözü həyata keçirəcək. Necə ki, bunu 2016-cı ilin aprelində sübut etdi. O da diqqətə çatdırılmalıdır ki, Azərbaycanın növbəti hərbi əməliyyatı ermənilər üçün sarsıdıcı zərbə ola bilər. Çünki, Ali Baş Komandan tərəfindən həyata keçirilən siyasət nəticəsində Azərbaycan ordusu dünyanın ən güclü orduları sırasında qərarlaşıb. Təsaddüfi deyil ki, İlham Əliyev qeyd edib ki, 2016-cı ilin aprel ayında Azərbaycan dövləti və Azərbaycan Ordusu işğalçılara çox ciddi zərbələr vurub: "Növbəti erməni hərbi təxribatına cavab olaraq, Azərbaycan Ordusu əks-hücum əməliyyatı keçirmiş və minlərlə hektar torpağı işğaldan azad edib. Bu, bizim şanlı tarixi qələbəmizdir. Bu, bir daha dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərir. Bir daha onu göstərir ki, biz istənilən vaxtda məsələni hərbi yolla həll edə bilərik. Minlərlə hektar torpaq işğalçılardan boşaldıldı. İndi orada təmizlik işləri, bütün mənalarda təmizlik işləri aparılır. Azərbaycan Ordusu indi on minlərlə hektar torpağa nəzarət edir. İndi o ərazilərdə işğalçıların izi-tozu qalmayıb". Artıq ermənilər Azərbaycan ordusunun nəyə qadir olduğunu bilir. Yaxşı anlayır ki, əgər ordumuz "Aprel döyüşləri"nədək nə qədər güclü idisə, ondan sonra daha da güclənib. Mütəmadi təlimlərə keçirməklə hər an döyüşə hazır vəziyyətə gətirilib. Bu isə onun göstəricisidir ki, Azərbaycan Ordusunda nizam-intizam ən yüksək səviyyədədir. Bu gün ən aşağı sıravi əsgərdən tutmuş, zabit heyətinə qədər hamı Ali Baş Komandanın bütün əmirlərini yerinə yetirməyə tam hazırdır. Belə vəziyyət əsgərlərimizdə torpaqlarımızın tezliklə işğaldan azad olunmasına əminlik hissi oyadır. Bu isə xalq, ordu və ölkə rəhbərliyi arasındakı vəhdətin, birliyin göstəricisidir. Ermənilərə isə yaxşı-yaxşı düşünmək və millətin, dövlətin xilası üçün ağıllı qərar qəbul etmək qalır. 

Alim 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31