Azərbaycan bütün parametrlər üzrə Ermənistanı üstələyir

Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dağlıq Qarabağ problemi və onun həlli istiqamətində aparılan danışıqlar prosesi. eləcə hazırda mövcud olan vəziyyətə də toxunub.

Prezident İlham Əliyev: "Əminəm ki, aprel döyüşlərinin nəticələri Ermənistan üçün dərs olacaq, onlar lazımi nəticələr çıxaracaqlar və danışıqlar prosesində konstruktiv mövqe ilə çıxış edəcəklər"

Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dağlıq Qarabağ problemi və onun həlli istiqamətində aparılan danışıqlar prosesi. eləcə hazırda mövcud olan vəziyyətə də toxunub. Dövlət başçısı çıxışı zamanı aprel döyüşlərinə də toxunaraq keçən il baş verən erməni təxribatına cavab olaraq Azərbaycan Silahlı Qüvvələrinin uğurlu əməliyyat keçirərək düşmənə sarsıdıcı zərbə vurduğunu söyləyib. Dövlət başçısı Azərbaycan torpaqlarının işğaldan azad olunması və BMT-nin 4 qətnaməsinin yerinə yetirilməsi ilə bağlı Azərbaycanın mövqeyinin dəyişməz qaldığını vurğulayıb. 2016-cı ilin aprelində təmas xəttində baş verən döyüşlərə toxunan Prezident İlham Əliyev əks-hücum əməliyyatı nəticəsində ordumuzun düşmənə sarsıdıcı zərbələr vurduğunu və minlərlə hektar torpağın işğaldan azad edildiyini bildirib. Məhz Azərbaycanın həyata keçirdiyi uğurlu hərbi əməliyyatdan sonra düşmən tərəfi bir müdət özünə gəlmək üçün yenidən aktiv danışıqlar mərhələsinə qədəm qoyub. Beləliklə, ötən il Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı iki ölkənin rəhbərləri arasında görüşlər keçirilib. Bunlardan biri may ayının 16-da Avstriyada, digəri isə iyunun 20-də Rusiya Federasiyasında. Hətta Sankt-Peterburq şəhərində bu ölkənin Prezidenti Vladimir Putinin iştirakı ilə üçtərəfli görüşün yekunlarına dair birgə bəyanat qəbul edilib. Prezidentlər Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müntəzəm əlaqələrin mühüm əhəmiyyət daşıdığını qeyd edərək ATƏT-in Minsk qrupunun işini tamamlayacaq bu formatda görüşləri davam etdirmək barədə razılığa gəliblər. Dövlət başçıları münaqişənin nizamlanmasında inkişafa şərait yaratmağa imkan verən bir sıra məsələlərdə qarşılıqlı anlaşmanın əldə olunduğunu ifadə ediblər. Sankt-Peterburq görüşünün çox müsbət keçdiyini söyləyən ölkə rəhbəri bu görüşün müəyyən ümidlər yaratdığını vurğulayıb. Məhz buna görə də görüşün nəticəsində birgə bəyanat qəbul edilib. Həmin bəyanatda Azərbaycanın mövqeyi kifayət qədər geniş yer alıb. Prezident İlham Əliyevin sözlərinə görə, aprel döyüşləri bir daha onu göstərir ki, status-kvo tezliklə dəyişdirilməlidir: "Bunu artıq bu məsələ ilə məşğul olan vasitəçilər də dəfələrlə bəyan ediblər. Status-kvonun dəyişdirilməsi işğal edilmiş torpaqların azad edilməsi deməkdir. Əminəm ki, aprel döyüşlərinin nəticələri Ermənistan üçün dərs olacaq, onlar lazımi nəticələr çıxaracaqlar və danışıqlar prosesində konstruktiv mövqe ilə çıxış edəcəklər. Belə ümidlər var. Çünki bir daha demək istəyirəm ki, son bir-iki ay ərzində danışıqlar prosesində çox böyük fəallıq var". Bu arada bir faktı da qeyd etmək yerinə düşər ki, Sankt-Peterburq görüşündən sonra Ermənistan tərəfi yenidən qeyri-konstruktiv mövqe nümayiş etdirməyə başlayıb. Düşmən ölkənin bu mövqeyi MDB dövlət başçılarının sammitində də

özünü büruzə verib. Məlum olduğu kimi Prezident İlham Əliyev keçən il, sentyabr ayının 16-da Qırğızıstan Respublikasına səfər edərək Bişkek şəhərində keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edib. Əvvəlcə MDB Dövlət Başçıları Şurasının iclası məhdud tərkibdə, sonra isə geniş tərkibdə keçirilib və sonda sənədlərin imzalanması mərasimi olub. Məhdud tərkibli iclasda Prezident İlham Əliyev iclasın gündəliyinə daxil olan məsələlər ətrafında geniş nitq söyləyib. Ancaq Ermənistan prezidenti Serj Sarkisyan əlinə düşən fürsətdən "yararlanmağa" cəhd edərək2016-cı ilin aprel ayında cəbhə bölgəsində baş vermiş hadisələrlə bağlı Azərbaycandan şikayət xarakterli çıxış edib. O, bu hadisələr zamanı Azərbaycanın guya atəşkəs rejimini pozduğunu iddia edib. Ermənistan prezidentindən sonra əlifba sırası ilə Belarus Prezidenti Aleksandr Lukaşenko çıxış etməli idi. Lakin Prezident İlham Əliyevin xahişindən sonra Belarus Prezidenti danışmaq imkanını dövlət başçımıza verib. Prezident İlham Əliyev Ermənistan prezidentinə tutarlı və sərt cavab verərək onu bir daha ifşa edib: "Erməni tərəfi bu şikayətlərlə artıq bütün beynəlxalq təşkilatları bezdirib. Təsəvvür edirsinizmi, vəziyyət kifayət qədər paradoksaldır: Ermənistan suveren dövlətin ərazisini işğal edir, onun ərazi bütövlüyünü pozur, Dağlıq Qarabağdan və ona bitişik yeddi rayondan yerli azərbaycanlı əhalini qovur, bir milyon insanı qaçqın və məcburi köçkün vəziyyətinə salır, işğal edilmiş ərazilərdə hər şeyi, o cümlədən tarixi, dini, mədəni abidələrimizi, bütün infrastrukturu dağıdır, - bu, ATƏT-in iki missiyasının məruzələri ilə təsdiq edilib, - sonra isə 20 ildən artıq müddətdə danışıqlar prosesini imitasiya etməklə məşğul olur. Onlar bizim ərazilərimizi daim nəzarət altında saxlamaq və hər yerdə Azərbaycanı bunda ittiham etmək istəyirlər ki, guya biz nəyisə pozuruq. Biz zərər çəkmiş tərəfik. Biz heç kəsin ərazisini işğal etməmişik. Bizim ərazilərimiz, beynəlxalq birlik tərəfindən tanınmış Azərbaycan ərazilərinin 20 faizi işğal altındadır. Reallıqlar bundan ibarətdir. Buna görə mən Ermənistan prezidentinin növbəti yersiz şikayətini nəzərə alaraq, bir daha bunları həmkarlarımızın diqqətinə çatdırmağı özümə borc bildim". Tutarlı arqumentlərə əsaslanaraq Serj Sarkisyanı növbəti dəfə ifşa edən Prezident İlham Əliyevin sərt çıxışı işğalçı ölkənin rəhbərini Ermənistanda gülüş obyektinə çevirib.

Göründüyü kimi artıq Azərbaycan tərəfi bütün parametrlər üzrə, xüsusilə hərbi və diplomatik sahələrdə Ermənistanı üstələyir. Hər ötən il bu fərqin daha böyük ölçüdə özünü büruzə verməsi onu deməyə əsas verir ki, çox keçmədən İrəvan mövcud reallıqlarla barışmaq məcburiyyətində qalaraq işğal altında saxladığı Azərbaycan ərazilərindən geri çəkiləcək. Çünki Azərbaycan ərazilərinin işğal altında saxlanıldığı hər gün Ermənistanı daha da uçuruma doğru sürükləyir. Artıq bunu sadə ermənilər belə dərk etməyə başlayıblar.

S.İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31