Azərbaycan beynəlxalq münasibətlər sisteminin fəal üzvünə çevrilib
Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası, eləcə də orada müvafiq dövlət qurumlarının rəhbərlərinin çıxışlarından aydın oldu ki, keçən il də ölkəmiz üçün uğurlu olub.
11 Yanvar 2017 14:11 SiyasətÖlkəmiz dünyanın ayrı-ayrı subyektləri ilə siyasi və iqtisadi əməkdaşlığını bərabərhüquqlu tərəfdaşlıq formatında qurub
Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası, eləcə də orada müvafiq dövlət qurumlarının rəhbərlərinin çıxışlarından aydın oldu ki, keçən il də ölkəmiz üçün uğurlu olub. Baxmayaraq ki, dünyada mövcud olan iqtisadi və maliyyə böhranı Azərbaycana təsirsiz ötüşməyib, amma bununla yanaşı Azərbaycan iqtisadiyyatı da inkişafdan qalmayıb. Hər zaman olduğu kimi bu dəfə də Azərbaycan Prezidentinin iclasdakı çıxışı bir sıra məqamları ilə yadda qaldı. Çıxışı zamanı ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən məsələlərə toxunan dövlət başçısı başa burduğumuz 2016-cı ilin xarici siyasət sahəsində də nailiyyətlərlə yadda qaldığını deyib. Ötən il beynəlxalq əlaqələrimizin daha da genişləndiyini deyən Prezident İlham Əliyev 2016-cı ildə Azərbaycana 20-yə yaxın dövlət və hökumət başçısının səfər etdiyini, beynəlxalq təşkilatlarla əlaqələrin genişləndiyini bildirib, Azərbaycan torpaqlarının işğaldan azad olunması və BMT-nin 4 qətnaməsinin yerinə yetirilməsi ilə bağlı Azərbaycanın mövqeyinin dəyişməz qaldığını vurğulayıb. 2016-cı ilin aprelində təmas xəttində baş verən döyüşlərə toxunan Prezident İlham Əliyev əks-hücum əməliyyatı nəticəsində ordumuzun düşmənə sarsıdıcı zərbələr vurduğunu və minlərlə hektar torpağın işğaldan azad edildiyini diqqətə çatdırıb.
Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri Rufiz Qonaqov da 2016-cı ilin xarici siyasət və beynəlxalq münasibətlər baxımından Azərbaycan üçün əhəmiyyətli olduğunu vurğulayıb. O, bildirib ki, Azərbaycanı beynəlxalq münasibətlər sisteminin mühüm aktoruna çevirən Prezident İlham Əliyev ötən il ərzində də fəal xarici siyasət yürüdüb: "Qlobal transformasiya dövrünü keçən dünyada beynəlxalq münasibətlər sisteminin güclü aktoru kimi siyasi-iqtisadi proseslərə təsir etmək heç də bütün dövlətlərə nəsib olmur. Lakin sevindirici haldır ki, bu baxımdan Azərbaycan Respublikası istisna təşkil edir. Çünki bu gün regionun sosial-iqtisadi gücü kimi bütün inkişaf parametrlərinə görə ölkəmiz nəinki Cənubi Qafqazda, hətta Şərqi Avropa regionu üzrə güclü dövlət olaraq qəbul edilir. Məhz Prezident İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində Azərbaycan beynəlxalq münasibətlər sisteminin fəal üzvünə çevrilib. Azərbaycan beynəlxalq tədbirlərə, forumlara, konfranslara evsahibliyi etdiyi kimi xaricdə də aktiv şəkildə təmsil olunur. Bu, özünü 2016-cı ildə də bir daha göstərdi.Ötən il Prezident İlham Əliyev demək olar ki, əksər beynəlxalq əhəmiyyətli tədbirlərə dəvət aldı və bu toplantılarda həmişə olduğu kimi Azərbaycan həqiqətlərini dünyaya bəyan etdi. Prezident İlham Əliyevin ötən il ərzində xarici ölkələrə etdiyi səfərlər Azərbaycanın xarici siyasətinin kifayət qədər uğurlu, düşünülmüş və çoxşaxəli olduğunu, dövlətimizin və xalqımızın maraqlarına layiqli xidmətini göstərir. Hər bir səfər Azərbaycanın ayrı-ayrı dövlətlərlə, təşkilatlarla ikitərəfli və çoxtərəfli əlaqələrinin genişlənməsinə, ölkəmizin haqq səsinin dünyada eşidilməsinə imkan verdi. Son illər beynəlxalq münasibətlər sisteminin olduqca ziddiyyətli və gərgin mərhələyə qədəm qoyması, yeni münaqişə ocaqlarının yaranması və ayrı-ayrı qütblərdə dayanan dövlətlərin intensivləşən siyasi çəkişmələri geosiyasi proseslərə olduqca mənfi təsir göstərib. Yeni formalaşmış geosiyasi vəziyyətdə qlobal idarəetmə xeyli çətinləşib. Bu gərginliyə baxmayaraq, Azərbaycan dövləti daim beynəlxalq hüquq prinsiplərindən çıxış edərək praqmatizmə, qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan açıq xarici siyasəti ilə bütün sahələrdə nümunəsini, identikliyini ortaya qoyaraq özünü dünyaya güclü, müstəqil, müasir ölkə kimi tanıdıb. Prezident İlham Əliyevin rəhbərliyi altında son 13 ildə Azərbaycan dövləti xarici siyasətdə elan etdiyi prioritetlərə uyğun olaraq dünyanın ayrı-ayrı subyektləri ilə özünün siyasi və iqtisadi əməkdaşlığını tamamilə bərabərhüquqlu tərəfdaşlıq formatında qurub və keyfiyyətcə yeni mərhələyə yüksəldib". Rufiz Qonaqov qeyd edib ki, keçən il dövlət başçısının xarici səfərləri, beynəlxalq konfranslara, forumlara dəvət edilməsi ölkəmizin dünyada xüsusi önəmini göstərdi və eyni zamanda Azərbaycan üçün yeni imkanlar açdı: "Prezident İlham Əliyev ötən il 9 beynəlxalq toplantıda - Davos Ümumdünya İqtisadi Forumunda, "Suriyaya və regiona dəstək" konfransında, Münxen Təhlükəsizlik Konfransında, IV Nüvə Təhlükəsizliyi Sammitində, İslam Əməkdaşlıq Təşkilatının Zirvə görüşündə, Dünya Humanitar Sammitində, NATO-nun Varşava Sammitində, MDB Dövlət Başçıları Şurasının iclasında, Dünya Enerji Konqresində iştirak edib. Həmin tədbirlərin keçirildiyi müddətdə bir çox dövlət başçıları, hökumət nümayəndələri, tanınmış şirkətlərin rəhbərləri ilə ikitərəfli görüşlər keçirib. Prezident İlham Əliyev ötən il Türkiyə Respublikasına 4 dəfə səfər edib. Bu səfərlərin üçündə dövlət başçısı beynəlxalq tədbirlərə - İslam Əməkdaşlıq Təşkilatının XIII Sammitində (13-15 aprel), Dünya Humanitar Sammitində (22-23 may) və Dünya Enerji Konqresində (9 oktyabr) iştirak edib. İlk səfər mart ayının 15-də gerçəkləşib. Qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşdən sonra Ankarada dövlət başçılarının iştirakı ilə Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının beşinci iclası keçirilib. İclasdan sonra iki ölkə arasında 3 yeni saziş və bir protokol imzalanıb. Bu səfərlər çərçivəsində dövlət başçısı 7 görüş keçirib". BMAM rəhbəri deyib ki, Nazirlər Kabinetinin iclasında Prezident İlham Əliyev həm İslam Əməkdaşlıq Təşkilatının XIII Sammitində, həm də Dünya Humanitar Sammitində iştirakı ilə bağlı fikirlərini səsləndirib: "İslam Əməkdaşlıq Təşkilatının Zirvə görüşündə aprel döyüşləri ilə bağlı Azərbaycanın mövqeyi tam dəstəklənmişdir. Yekun bəyannamədə Azərbaycanın ərazi bütövlüyü məsələləri əks olunmuşdur və münaqişənin bu prinsiplər əsasında həlli qeyd edilmişdir. Bununla bərabər, münaqişə ilə bağlı İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində kontakt qrupu da yaradıldı. Bu da bizim böyük diplomatik uğurumuzdur. Türkiyədə digər mötəbər beynəlxalq tədbirdə - Dünya Humanitar Sammitinin işində Azərbaycan çox fəal iştirak etmişdir. Bu səfərlərlə yanaşı, ikitərəfli formatda bir neçə səfər təşkil edilmişdir". Rufiz Qonaqov NATO-nun Varşava Sammiti və Azərbaycanın həmin sammitə qatılmasını da xarici siyasətin uğurları kimi xarakterizə edib: "Prezident İlham Əliyev Nazirlər Kabinetinin son iclasında bu sammit və keçirilən görüşlərlə bağlı fikirlərini bölüşüb: "Hər bir beynəlxalq tədbirdə Azərbaycanın mövqeyi səslənir, xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı. Varşavada NATO-nun Zirvə görüşündə də çıxışımın demək olar ki, yarısını mən bu mövzuya həsr etmişəm və orada iştirak edən dövlət və hökumət başçıları bir daha həqiqətləri eşidiblər. Ermənistanın yalanları artıq heç kimə təsir göstərmir. Onlar diaspor imkanlarından və bizim beynəlxalq səviyyədə o qədər də çıxışımızın olmamasından istifadə edərək münaqişə ilə bağlı yalan məlumatlar yayırdılar. İndi artıq o dövr arxada qalıb. Həqiqət ondan ibarətdir ki, Azərbaycan haqlıdır və beynəlxalq hüququn normaları bu münaqişə ilə bağlı tam şəkildə tətbiq edilməlidir". Dövlət başçısı vurğulayıb ki, NATO-nun Zirvə görüşündə qəbul edilmiş yekun sənəddə, həmçinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyü ilə bağlı çox ciddi məqamlar öz əksini tapıb. Həmin sənəddə Azərbaycanın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü tanınır və münaqişənin bu prinsiplər əsasında öz həllinin tapmasının vacibliyi qeyd edilir.
Süleyman