İki eşşəyin arpasını bölə bilməyənlər...
"Siyasətin yeganə sirri var: o da nə zaman yalan danışmağı, nə zaman da susmağı bilməkdir".
11 Yanvar 2017 13:26 Siyasət"Siyasətin yeganə sirri var: o da nə zaman yalan danışmağı, nə zaman da susmağı bilməkdir".
Fransa siyasət tarixinin ən məşhur, eyni zamanda ən pis və hiyləgər simalarından biri, kral 15-ci Lüdovikin məşuqəsi olmuş madam de Pompadur belə demişdi. Əsl ad və soyadı Janna-Antuanetta Puasson olmuş bu şəhvətkar, qəddar və acımasız qadın tam 20 il Fransanı faktiki olaraq idarə etmişdi.
Çünki yaramaz, əxlaqsız və xəyanətkar olsa da, ağıllı idi.
Və tarix spiralvari hərəkət etdiyindən, hadisələr təkrarlanır.
Yaramazlar, şəfqətlilər, ağıllılar, intellektdən xali olanlar, xəyanətkarlar və qəhrəmanlar - onlar yaşamın atributları olublar, indi də belədir.

Fəqət, nə yazıqlar ki, hər bir ölkədə olduğu kimi, bizdə, Azərbaycanda da çətinliklərin ilk mərhələsində vaysınmağa, məğlubiyyətçilik əhval-ruhiyyəsini ətrafdakılara sirayət etdirməyə çalışanlarla bahəm, fərqli düşüncə sahibləri də var.
Bədbinləri, tənbəlləri, işdən qaçanları anlamaq olar - onların xisləti belədir, islaha yovuşandırlar və bəlkə, nə zamansa cəmiyyətin normal fərdi ola bilərlər.
Ümid var.
"Fərqli" düşüncə yiyələri kimi özlərini təqdim edən, müxalifətçi olduqlarını söyləyən, hətta radikallıqlarını əllərində yelləyəcək şüar qismində görməyi arzulayanlarınsa islaha heç bir şansı yoxdur.
Onlar xəyanətkar olmaqla bahəm, liberal bataqlıqda vurnuxan, ətrafa miazmlar saçan, özlərinin batdıqları lehməyə külli-milləti çəkməyə can atan antipodlardır.
Bu şəxslər baş verən proseslərin məğzini və mahiyyətlərini anlamasalar da, istisnasız olaraq bütün problemlər, hadisələr, təmayüllər və trendlər barədə öz fikirləri var.
İntellektləri olmasa da, fikir izharına müştaqdır belələri.
Reytinq və antireytinqlər
Ölkənin inkişafı, cəmiyyətin intibahı, insanların rifah halınını yüksəlməsi üçün gecəni gündüzə qataraq zəhmət çəkdiklərini vurğulayır, millət mücahidləri olduqlarını katarsis yanğısı kimi təqdim edirlər. Sosial şəbəkələrdəki statuslarında, mediadakı müsahibələrində qəmli liberal və yorğun demokrat obrazlarının simbiozunu yaradaraq kütləyə xitab edir, insanları etirazlara, kütləvi aksiyalara çağırır, ya da ölkə iqtisadiyyatının bərbad durumda olduğunu sürəkli təkrarlayır, ilk baxışdan çıxış yolu və müşküllərin həlli təsiri bağışlayan variantlar təklif edirlər.
Bu təkliflərin mahiyyətinə vardıqda isə onların demaqogiya olduğu, çözüm invariasiyaları yox, Azərbaycandan kənarda Azərbaycana qarşı olan qüvvələrin hazırladıqları partituralar əsasındakı ifa olduğu aşkarlanır.
Azərbaycanın dövlət başçısı İlham Əliyev də dünən bunu dedi.
O, Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında yekun nitqində söylədi:
"Bizim gördüyümüz işlər dünyanın aparıcı, mötəbər beynəlxalq iqtisadi və maliyyə qurumları tərəfindən də yüksək qiymətləndirilir. Bu da çox vacibdir. Çünki biri var, bunu biz özümüz deyirik, biri də var ki, bunu beynəlxalq qurumlar qeyd edir. Dünya Bankının "Doing Business" hesabatında Azərbaycan 65-ci yerdədir. Bu, yaxşı göstəricidir. Əlbəttə, biz çalışmalıyıq ki, daha yüksək pilləyə çıxaq. Ancaq indiki şəraitdə dediyim bütün o amilləri nəzərə alaraq hesab edirəm ki, bu, kifayət qədər yüksək göstəricidir. Dünyanın aparıcı iqtisadi beynəlxalq forumunun - Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına görə, Azərbaycan iqtisadiyyatı dünya miqyasında rəqabətqabiliyyətliliyinə görə 3 pillə irəliləyərək 40-cı pillədən 37-ci pilləyə qalxmışdır. Bu da hesab edirəm ki, rekord göstəricidir. Biz MDB məkanında yenə də birinciyik və bu birinciliyi saxlamışıq. Bax, budur, beynəlxalq aparıcı iqtisadi qurumların hesabatları".
Prezident yetərincə açıq danışdı, sual doğuran məsələlərə aydınlıq gətirdi.
Beynəlxalq təşkilatların, xüsusilə də ən fərqli reytinqlər hazırlayaraq bu və digər ölkənin iqtisadiyyatının, maliyyə durumununun və bankinq sisteminin, habelə sahibkarlıq fəaliyyətinə dövlətin təsir rıçaqlarının dəyərləndirildiyi hesabatları yayan qurumların determinasiyaya uğramış mövqelərini bir kənara qoysaq, onların bəlli məqsədləri var: bu təşkilatlar maliyyə mənbələri olan strukturların, daha doğrusu, transmilli korporasiyaların və ən başlıcası, "qızıl milyard"dan kənarda qalan, gedonistcəsinə "üçüncü dünya ölkələri" sayılan dövlətləri neomüstəmləkəçilik iştahı ilə istismar etməyə, təbii və humanitar ehtiyatları çapıb-talamağa can atan dövlətlərin sifarişlərini yerinə yetirirlər.
Həmin reytinq müəllifləri 1964-cü ildən bəri bu işlə məşğuldurlar və hədəflərində də həmişə inkişaf etməkdə olan dövlətlərdir.
Azərbaycan da bu qurumlarla dövlətlərin "ram etməyə" çalışdıqları, səy göstərdikləri ölkələr arasındadır.
Səbəb trivialdır: rəsmi Bakı heç bir diktəyə uymur, tam müstəqil xarici siyasət yürüdür, daxili işlərinə müdaxilələrin qarşısını qətiyyətlə alır, "üçüncü dünya ölkəsi" olmadığını illər əvvəl sübut etdiyindən indi çoxqütblü dünya modelinin yaradılmasını böyük dövlətlərin "Pax-Romana" sofizminə qarşı ən effektiv vasitə sayan ölkələrin düşərgəsindədir.
Təbii ki, Azərbaycanın belə mövqeyi çoxlarını qıcıqlandırır və belə stoxastik qıcıq hiyləyə, məkrə, intriqanlığa çevrilir, sonra nəticə kimi reytinq hesabatlarında, "tənqidi açıqlamalar"da, xüsusilə də "insan haqları və vətəndaş azadlıqlarının durumunun da əks olunduğu iqtisadi analiz"lərə çevrilir.
Bəhs etdiyimiz qurumlar arasında rəsmi formatları beynəlxalq qeyri-hökumət təşkilatları olan, əslindəsə xidmət etdikləri hökumətdən qeyrilərini potensial şikar, hədəf və düşmən sayan strukturlar xüsusi yer alır. Onların maliyyə mənbələri, istəkləri və məqsədləri bəllidir.
İlham Əliyev dünən həmin qurumlar və onların Azərbaycandakı lakeyləri barədə belə dedi:
"Düzdür, müxtəlif qeyri-hökumət təşkilatları var, hamımız bilirik ki, onlar haradan maliyyələşir, onların hədəfi bizə ləkə vurmaq, bizi qaralamaq, bizim işimizə kölgə salmaqdır. Onların illər boyu apardıqları antiazərbaycan kampaniyaları heç bir nəticə vermir. Onların reytinqlərinə heç fikir verməyə də dəyməz. Eyni zamanda, özlərini böyük iqtisadiyyatçı adlandıran bəzi yerli nümayəndələr də müxtəlif çıxışlar edirlər, müxtəlif qiymətlər verirlər. Tamamilə cəfəng fikirlərdir, bizim gözəl atalar sözü var: "İki uzunqulağın arpasını bölə bilməyən bizə dərs öyrədir". Yəni, bütün bunlara fikir vermək lazım deyil. Əsas bizim uğurlu inkişafımızdır, aparıcı beynəlxalq iqtisadi qurumların qiymətidir və bizim reallığımızdır. Reallıq isə ondan ibarətdir ki, biz 2016-cı ildə bu böhranlı vəziyyətdən şərəflə çıxa bildik, ölkəmizdə 100 mindən çox daimi iş yeri açılmışdır, kənd təsərrüfatının, qeyri-neft sənayemizin inkişafı bizə imkan verir ki, biz gələcəyə nikbinliklə baxaq. Biz bu gün görüləcək işlər haqqında da danışacağıq.
Bizim planlarımız kifayət qədər böyükdür və onların icrası nəticəsində ölkə iqtisadiyyatı öz dinamikasını sürətləndirəcək".
Konkret, dəqiq və ən başlıcası isə
dəmir məntiqi açıqlamadır.

Azərbaycanda riqoristik davranışlı olduqlarını göstərməyə cəhd edən, əslində isə batinlərindəki xidmətçilik psixologiyasının əsirinə çevrilərək "milllətə nə qədər pisdirsə, mənə o qədər yaxşıdır" fəlsəfəsini həyat postulatlarına çevirənlərə cavabdır.
O kəslərə ki, Buridan ulağından fərqli olaraq, adi, orta statistik eşşək olan dördayaqlılardan ikisinin arasında arpanı bölə bilməsələr də, vətəndaşla cəmiyyət arasında qarşılıqlı təəhhüd, öhdəlik və borclanmaların nəzəriyyəsinin biliciləri olduqlarını iddia edərək əllərində qəlblərini tutmuş Dankolar olduqlarını hayqırırlar.
Heyhat, onlar yol işıqlandıran qəlb yiyəsi deyillər: tam əksinə, işıqdan qorxan və qaranlıqda hərəkət etməyə adət etmiş orklar təki öz Mordorlarına can atan, əmr aldıqları Sarumanlara itaət etməyə aludədirlər.
Ən pisi isə odur ki, iki ulaq arasında arpa bölgüsü bu fərdlərin düşündüyü qədər asan deyil. Çünki ulaqlar fərqli olurlar - rəngdə, çəkidə, boyda, xasiyyətdə, çalışqanlıqda və s.-də. Kustar ekspertlərimiz arpanı iki ulaq arasında bərabər bölməklə "sosial ədalət" prinsipindən yararlandıqlarını, "arpa resurslarında hər ulağın payı var" anlamını əsas götürdüklərini deyirlər.
Halbuki bu, neobolşevik arpa bölənin ulaqlara sindikalist yanaşması da sayıla bilər.
Amma nə olsun: həmin ekspertlər özlərini müstəsna savadlı, onlarla razı olmayanlarısa subyektivizmə qapılmış sayırlar.
Göründüyü kimi, eqosentrizm bəlası müalicəsiz mərəz təsiri bağışlayır belələrində.
Elçin Alıoğlu
Milli.Az