Hamısı cəfəngiyyatdır: Onlar üçün heç nəyin xeyiri olmayacaq
29 Sentyabr 2016 08:31 SiyasətErmənistan elə bir vəziyyətdədir ki, heç bir islahatın, o cümlədən hökumətdəki kadr dəyişiklərinin heç bir xeyiri olmayacaq. Bu ölkənin gələcəyi görünmür.
Bunu Milli.Az-a açıqlamasında politoloq, siyasi icmalçı Fikrət Sadıqov bildirib.
Onun fikrincə, Ermənistanda hökumətdə "kadr islahatları" heç nəyi dəyişməyəcək və onların heç bir "milli barış hökuməti" yaratmaq fikri də yoxdur: "Bu, sadəcə olaraq, bir pərdədir. Hökumətdəki kadr dəyişikliklərinin əsl səbəbi aprel hadisələri, Azərbaycanın cəbhədəki uğurlarıdır. Təsadüfi deyil ki, həmin hadisələrdən sonra bir çox hərbçilər, generallar istefaya göndərildi, bəzilərinə cinayət işi açıldı. Artıq müdafiə naziri Seyran Ohanyanın da dəyişdiriləcəyi haqqında söhbətlər gəzir. Düşünürəm ki, o da vəzifəsindan uzaqlaşdırılacaq. Lakin İrəvanda iyuldan etibarən baş verən hadisələri, "Sasna tsrer" tərəfdarlarının qiyam cəhdini, post-patrul alayının qərargahını ələ keçirən kriminal elementləri də unutmaq olmaz. Təbii ki, bu, İrəvanın ictimai dairələrində müəyyən reaksiya doğurub. Məhz bu səbəbdən camaatın küçələrə Sarkisyanın istefası tələbi ilə axını müşahidə edildi. Sarkisyan isə belə halda görüntü xarakterli dəyişikliklər etdi və xalqa da söz verdi ki, hansısa islahatlar aparılacaq".
F.Sadıqov hesab edir ki, Ermənistan elə bir vəziyyətə düşüb ki, onu heç nə xilas edə bilməyəcək: "Ölkədə monopoliya, oliqarxiyanın xəstəlik kimi yayılan şəbəkə sistemi, Dağlıq Qarabağ klanının uzun illər hakimiyyətdə olması, əlbəttə ki, ictimaiyyəti qıcıqlandırır və xalq bu siyasətdən, sadəcə, doyub. İndi Sarkisyan öz hakimiyyətinin ömrünü bir az uzatmağa çalışır. Elə görüntü yaradırlar ki, guya nəsə etmək istəyirlər, guya dövlətçilik uğrunda mübarizə aparırlar və məhz bu məqsədlə hakimiyyətə yeni simalar gətirilir. Amma bunların hamısı cəfəngiyyatdır. Çünki Ermənistan dalana dirənən ölkədir və gələcəyi də görünmür. Onlar artıq daxildə və xaricdə bir sıra ciddi problemlərlə üzləşiblər. Elə həmin Dağlıq Qarabağ problemi də uzun illərdir havadan asılmış vəziyyətəcə qalıb və onların guya Dağlıq Qarabağın müstəqil bir dövlətə çevriləcəyi və bütün dünyanın onu tanıyacağına dair vədləri də sabun köpüyü kimi puça çıxıb"