Bakıdan dəhlizlər açılır

Rusiya, İran və Azərbaycan yeni meqalayihəni reallaşdırmağa hazırlaşırlar. Bu barədə üç ölkənin dövlət başçılarının Bakıda keçirilmiş görüşündə razılaşma əldə olunub.
İlham Əliyev, Vladimir Putin və Həsən Ruhaninin imzaladıqları sənədlərdə üç ölkə arasında nəqliyyat axınlarının diversifikasiyası, habelə yüklərin bazar iqtisadiyyatı, azad rəqabət və qarşılıqlı mənfəət prinsipləri əsasında inkişafı da nəzərdə tutulur.

Layihənin toplam dəyəri 1 milyard dollardır və üç ölkənin dəmiryolları şəbəkəsinin "Şimal-Cənub" nəqliyyat dəhlizi çərçivəsində birləşdirilməsini nəzərdə tutur.
Elə Bakı sammitinin başlıca məqsədi də "Şimal-Cənub" nəqliyyat dəhlizinin inşasının ən qısa zamanda başa çatdırılması üçün zəruri addımların sürətlənməsi idi.

Amma Bakının obyektiv və məntiqi şərtləri var. 
Dağlıq Qarabağ münaqişəsi istənilən halda "Şimal-Cənub" marşrutu kimi geosiyasi baxımdan olduqca böyük əhəmiyyətli layihənin reallaşmasında maneədir. Qarabağ konfliktinin həlli də bu layihənin, yəni "Şimal-Cənub" nəqliyyat dəhlizinin nəzərdə tutulan həcmdə və sürətdə çalışması üçün obyektiv şərtdir.

Bakının mövqeyi yekun bəyannamədə də əks olundu: sənəddə deyilir: "Nizamlanma prosesi uzanan münaqişələr regional layihələrin reallaşdırılmasına əngəllər yaradır".
170 km uzunluğunda Rəşt-Astara dəmiryol xəttinin tikintisini də nəzərdə tutan "Şimal-Cənub" nəqliyyat dəhlizi marşrutunun başlıca məqsədi Rusiya, Azərbaycan və İranın dəmiryollar şəbəkəsinin birləşdirlməsidir ki, bu da Transxəzər multimodal marşrutunun effektivliyini artıracaq. 

İlkin mərhələdə investisiyaların toplam həcmi 400 milyon dollar təşkil edəcək.
Bu dəhliz Süveyş kanalından keçən dəniz marşrutu ilə müqayisədə belə, daha ucuzdur, yüklərin daşıma dəyəri və maya qiymətləri baxımından daha sərfəlidir. 
Fars Körfəzindən Avropaya yüklərin dəmiryolu ilə daşınması marşrutu layihəsində hələ ki çatışmayan "həlqə" məhz Rəşt-Astara yol hissəsi idi. 170 kilometrlik bu hissənin inşası başa çatandan sonra marşrutla daşınan yüklərin toplam həcmi artıq gələn il 10 milyon tona çatacaq.

Uzunluğu 7200 km təşkil edəcək "Şimal-Cənub" nəqliyyat dəhlizi Rusiyanın Sankt-Peterburq şəhərində başlayıb Hindistanın Mumbay şəhərində başa çatacaq.
Dəhliz boyunca yük daşımaları multimodal olacaq, yəni sadəcə dəmir yolundan yox, həm də avtomobil və dəniz nəqliyyatından istifadə olunacaq.

1 milyard dollarlıq layihə ilə bağlı xərclərin təxminən yarısını İran və Azərbaycan ödəyəcəklər. Rəşt-Astara dəmiryolu marşrutunun tikintisində isə Macarıstan və Çexiya şirkətləri də iştirak etmək istəyirlər.
Azərbaycan Astarayadək dəmir yolunun inşasını bu ilin sonunadək başa vurmaq niyyətindədir. İnşaat başa çatandan sonra, məsələn, Hindistandan yüklər dənizlə İranın Bəndər-Abbas limanına daşınacaq, oradan dəmir yolu ilə Rəştə gətiriləcək, daha sonra yük avtomobilləri ilə Astaraya daşınacaq, sonda da Azərbaycanın dəmir yolları şəbəkəsi ilə Rusiyaya, oradan da Avropa Birliyinə çatdırılacaq.

"Şimal-Cənub" nəqliyyat dəhlizindəki Qəzvin-Rəşt dəmir yolunun inşası təxminən 93 faiz başa çatıb. Yolun bu hissəsi 2017-ci ilin martında istifadəyə veriləcək.
Bəhs etdiyimiz nəqliyyat dəhlizi layihəsi artıq 10 ildir müzakirə olunur və diskussiyalar, habelə məsləhətləşmələr 2008-ci ildən bəri aktivləşib.

Layihənin taleyi də əslində İran və Azərbaycandan asılıdır, çünki çox ağır iqtisadi-maliyyə durumunda olan Rusiya dolayı yollarla, üstüörtülü şəkildə bildirib ki, marşrutla bağlı investisiyalar ayırmaq üçün gərəkli həcmdə pulu yoxdur. 
Qərbin tətbiq etdiyi sanksiyaların ləğvindən sonra İran neft və qaz hasilatını artırıb, satış həcmini yüksəldib və bununla da daha çox pul qazanmağa başlayıb. Ona görə də rəsmi Tehran indi yeni satış bazarları axtardığından genişmiqyaslı infrastruktur layihələrinə investisiyalar yatırmağa hazırdır.
Azərbaycan üçünsə Rəşt-Astara yolunun istifadəyə verilməsi həm də Rusiyaya meyvə-tərəvəz məhsullarının tədarükünün artırılması, daşımaların maya dəyərinin azaldılmasıdır. Bakı üçün bu sahədə əlverişli situasiya yaranıb, çünki Rusiyanın meyvə-tərəvəz bazarında əsas rəqiblərimiz olan Türkiyə, Moldova və Bolqarıstan Moskvanın "tərəvəz sanksiyaları" ilə üzləşiblər.
Situasiya daha aydın görünsün deyə sadə bir fakt: hazırda Rusiyada satılan pomidorların 7 faizi Azərbaycandan alınır.
Bu ilin yanvarından bəri Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsullarının ixracı 27,5 faiz, meyvə satışları 13,1 faiz, tərəvəz tədarükü isə 33,1 faiz artıb. Bundan başqa, ölkəmiz Rusiyaya paxlalı bitkilər, düyü, darı, arpa, quru meyvələr, ət və süd məhsulları satır.

Rusiya üçünsə "Şimal-Cənub" dəhlizi Fars Körfəzi ölkələri və Hindistanla yükdaşımalarının intensivləşdirilməsi deməkdir. Moskva bu bölgələrə buğda, avadanlıq və texnika, dərman preparatları, gübrələr və kənd təsərrüfatı texnikası sata bilər.
Lakin bütün bunlarla yanaşı, Azərbaycanın ən fəal işqtirakçılarından biri olduğu "Şimal-Cənub" nəqliyyat dəhlizi layihəsində daha önəmli yeri Çin tuta bilər. Çin magistralın Avropa bazarlarına çıxış üçün ən rahat, sürətli və ucuz yol olduğuna yəqin olarsa, çinli iş adamları "Şimal-Cənub" marşrutunu Böyük İpək yolunun bir hissəsinə çevirə bilərlər.

Pekin həm də ekspertlərin artıq "Bakı dəhlizi" adlandırdıqları "Şimal-Cənub" marşrutunu hazırda Çinin əsas nəqliyyat arteriyası sayılan Malakka boğazına alternativ qismində nəzərdən keçirə bilər. Cənub-Şərqi Asiya ölkələri ilə münasibətlərin kəskinləşəcəyi təqdirdə Çin Avropa Birliyi ölkələrinə "Şimal-Cənub" dəhlizi ilə çıxa bilər.

Azərbaycan, Rusiya və İran prezidentlərinin Bakı görüşü həm  də Ermənistan üçün sarsıdıcı zərbə oldu. Çünki Rusiya prezidenti Vladimir Putin və İranın dövlət başçısı Həsən Ruhani Bakıda birmənalı şəkildə bildirdilər ki, Dağlıq Qarabağ münaqişəsində Bakının mövqelərini tamamən dəstəkləyirlər. 

... Bakı sammiti regional geosiyasi düzəni dəyişməklə yanaşı, dünya siyasətinə və iqtisadiyyatına da ciddi təsir edəcək foruma çevrildi.

Azərbaycan bölgədəki mövqelərini möhkəmlətməklə yanaşı, dünya miqyasında da transmilli və multimodal layihələri reallaşdıraraq xüsusi çəkisini artıran dövlətə çevrilib.

Orxan Hun
Milli.Az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31