Taleh Bağırzadə dövlətin Konstitusion quruluşuna qarşı çıxıb

Əqidə zəifliyindən əziyyət çəkən bu şəxs xarici dairələrin təsiri altında olub

Ötən ilin noyabr ayının 26-da Bakının Nardaran qəsəbəsində hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı həbs edilən Taleh Bağırzadənin məhkəmə prosesi yenidən gündəmə gəlib. Buna səbəb T.Bağırzadənin qəsdən ittiham aktını siyasiləşdirmək cəhdidir. Lakin hamıya gün kimi aydındır ki, özünü "Müsəlman birliyi hərəkatı" adlı dövlət qeydiyyatından keçməmiş təşkilatın sədri kimi qələmə verən Taleh Bağırzədə Azərbaycanın Konstitusiya quruluşuna qarşı çıxıb. Məqsədinə nail olmaqdan ötrü silahlı qruplaşma yaratmaqla kifayətlənməyərək sosial şəbəkələr vasitəsiə özünə tərəfdarlar toplamağa çalışıb. Sirr deyil ki, bu gün sivilizasiyaların qovuşduğu Azərbaycanda təşəkkül tapmış davamlı tolerantlıq mühiti cəmiyyətimizdə milli-mənəvi həmrəyliyi və ictimai-siyasi sabitliyi şərtləndirən tarixi nailiyyətdir. Dinindən, dilindən, milli mənsubiyyətindən asılı olmayaraq Azərbaycanın bütün vətəndaşları ölkəmizdə mövcud olan söz, vicdan və dini etiqad azadlığından, dövlət-din münasibətlərindən və demokratik-hüquqi şəraitdən lazımınca yararlanmaqdadır. Qloballaşma və inteqrasiya proseslərinin geniş vüsət aldığı müasir dünyada eyni zamanda ziddiyyətli proseslər, ayrı-ayrı bölgələrdə milli-mədəni, mənəvi və siyasi qarşıdurmalar, islamofobiya, antisemitizm, ksenofobiya halları da müşahidə olunur. Təəssüf hissi ilə qeyd etməliyik ki, etnik-siyasi qarşıdurmalar, terrorizm, separatçılıq, dini radikalizm, dindən sui-istifadə edərək münaqişələr yaratmaq kimi bütövlükdə bəşər sivilizasiyasını təhdid edən hadisələr zəmanəmizin bugünkü acı gerçəkliyidir. Belə vəziyyətdə mədəniyyətlərarası dialoqa, aparıcı dünya dinlərinin həmrəylik və sülh çağırışlarına ciddi ehtiyac vardır. Lakin öz əqidə zəifliyi ucbatından Taleh Bağırzadə kimi xarici dairələrin agentləri olan dini-siyasi avantüristlər zaman-zaman Azərbaycana yad ideologiyanı təbliğ etməyə, özlərinə tərəfdar toplamağa, terrorçu-ekstremist qruplar formalaşdırmaqla əhalini təhdid altında saxlamağa çalışıblar. Millətinə və dövlətinə qənim kəsilən Taleh Bağırzadə kimi vətənsizlər təsiri altına düşdüyü xarici kəşfiyyat orqanlarının cızdığı ssenari ilə beyni dumanlanmış insanlar arasında öz təbliğatını Yezidlə İmam Hüseynin vuruşması tarixi epozodu üzərində qurur, qulluq etdikləri dairələri İmam Hüseyn kimi qələmə verirlər. İdarə etdikləri internet saytlarında, sosial şəbəkələrdə də təbliğatın başlıca tezisini məhz bu mövhumat təşkil edir. Bu qrupdan olan terrorçular və ekstremistlər onların sırasına qoşulmayan, fikirlərini bölüşməyən və cəmiyyətin siyasi həyatında iştirak etməyən dindarları isə münafiqlər kimi qələmə verirlər. Məhz bu kimi ideologiya ilə fəaliyyətini quran T.Bağırzadənin
kriminal bioqrafiyasında Azərbaycan dövləti və xalqına qarşı yönəlik bütün qanunsuz hərəkətlər yer alıb. Xatırladaq ki, Taleh Bağırzafəni əllərində İŞİD bayrağına oxşayan şüarlar tutan, geyimi və davranışı orta əsr dövrünü xatırlayan insanlar əhatə edirdi. Birbaşa onun təkidi gə göstərişi ilə terrorçi qiyafəsinə girmiş şəxslər Nardaranda polisləri güllələmək, vəzifəli şəxsləri, vətəndaşları ölümlə hədələmək yolunu tutmuşdular. Dövlət tanımaq istəməyən, ümumi normalara uyğun yaşamayan, bütün ictimai birgəyaşayış qaydalarını inkar edən və fəaliyyətini yalnız terror üzərində quran T. Bağırzadə Azərbaycan cəmiyyəti üçün bir qara yaraya çevrilmişdi. Etiraf edilməlidir ki, T.Bağırzadə Azərbaycanın vətəndaşı olduğu halda, hüquqi, dünyəvi, demokratik dövlət quruluşuna və idarəçiliyinə qarşı çıxıb, özünü dövlət orqanlarına münasibətdə tərəf saymağa, hakimiyyət nümayəndələri ilə danışıqlar aparmaq kimi bölücülük xarakterli şərtlər və digər qanunsuz tələblər irəli sürməyə cəhdlər edib. Dini radikalizmi, ekstremizmi özünün əqidəsinə və həyat tərzinə çevirmiş bu şəxs ölkənin qanunlarını, dövlət atributlarını inkar edib, Azərbaycan dilinin tətbiqi ilə bağlı qanunvericiliyin tələblərini qəsdən pozub, azyaşlı və yeniyetmələr arasında cəhaləti və zorakılığı təbliğ edib. T.Bağırzadənin dövlətin konstitusiya quruluşunun əsasları və təhlükəsizliyi əleyhinə yönələn hüquqazidd əməlləri heç bir halda bağışlanası deyil. Çünki o, silahlı cinayətkar qruplaşmalar yaratmaqla qanunçuluğun, sabitliyin və ictimai qaydanın bərpa edilməsinə, dövlət və bələdiyyə orqanlarının normal fəaliyyətinə hər vəclə maneə olub. İctimai asayişi bərpa edən qüvvələrə müqavimət göstərən, silahlı və ya silah qismində əşyalarla hücüm edən, ictimai qaydanı kobud surətdə pozan hərəkətlərə yol verən şəxsə başqa nə ad vermək olar? 
Çox təəssüf ki, T.Bağırzadə kimi millətini satanlar dərk etmək istəmirlər ki, Azərbaycan xalqı dini radikalizmi qəbul etmir. Azərbaycan dünyəvi-tolerant ölkədir. "Dini lider" Bağırzadə yaxşı bilməliydi ki, İslam dini radikalizmdən, qarşıdurmadan uzaqdır. İslam dini sülh, əmin-amanlıq, insanlara qardaşlıq və dostluq aşılayan dindir. Odur ki, müsəlman ölkəsi olaraq öz dinimizə sədaqət nümayiş etdirməli, dini dəyərlərimizə hörmət bəsləməliyik. Çox təəssüf ki, öz şəxsi maraqlarını İslam dəyərlərindən üstün tutan T.Bağırzadə kimi şəxslər asanlıqla əqidəsini dəyişə, xarici ölkələrin agentinə çevrilə bilirlər. Əks halda belə bir sual yaranır: əgər T.Bağırzadə xaricdən silahlandırılaraq təlimatlandırılmayıbsa, hüquq-mühafizə orqanlarına qarşı tuşlanan avtomat, qumbara haradan əldə edilib? Deməli, sadalanan qanunsuz hərəkətlər məkirli dairələrin Azərbaycanda din pərdəsi altında həyata keçirməyə çalışdıqları ssenaridir ki, onun da birbaşa icraçısı T.Bağırzadə olub. Lakin tarix dəfələrlə sübut edib ki, Azərbaycanda konstitusion dövlət quruluşunu dəyişməyə, dinə dayanan dövlət quruluşunu bərqərar etməyə yönəlik bütün cəhdlər hər zaman iflasa uğrayıb. Çünki Azərbaycan dünyəvi, hüquqi, tolerant dövlətdir və onun Konstitusion dövlət quruluşunu dəyişməyə ehtiyac duyulmur. 
Alim 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31