Azərbaycanın uğurunu həzm edə bilməyənlər
Və onlara dəstək verən qaragüruhçular
6 Mart 2015 14:40 SiyasətAzərbaycanın uğuru, onun inkişafını istəməyən qüvvələrin əlləri yenidən tətikdədir. I Avropa Oyunlarının Azərbaycanda keçirilməsini həzm edə bilməyən "Amnesty İnternational" və "Human Rights Watch" kimi təşkilatlar və onların daxildəki hərəkətverici qüvvələri növbəti dəfə ölkəmizə qarşı "qara piar" kampaniyasına başlayıblar. AntiAzərbaycan qüvvələrinin bu dəfə də qarşılarına qoyduğu məqsəd 3 il əvvəl olduğu kimi beynəlxalq əhəmiyyətli tədbirin Azərbaycanda keçirilməsinə əngəl törətmək, onun nüfuzuna xələl gətirməkdir.
"Amnesty İnternational" və "Human Rights Watch" kimi təşkilatların bu cür qərəzli mövqeyi müxtəlif ictimai təşkilatlar tərəfindən haqlı narazılığa səbəb olur.
"İrəli" İctimai Birliyinin sədri Mirhəsən Seyidov deyir ki, "Avroviziya-2012" müsiqi yarışması zamanı da Azərbaycanda eynisini yaşadıq. Təşkilat sədrinin sözlərinə görə, bir çox təhdidlər, şişirdilmiş məlumatlar, insan hüquqları tərəflərindən xatırlanılmayan ölkələr Azərbaycanın bu uğurlarını boğazlarından keçirə bilmirdi: "Avroviziyanı keçirmədik ?! Yoxsa ardından BMT Təhlükəsizlik Şurasına sədrlik etmədik. Avropa bizdən küsdü, yoxsa dəyərlərimizi dəyişə bildi? "Crystal Hall"u inşa edən xaricilər onu çiyninə vurub apardı yoxsa ?! Onların xoş və bəd məramlarını çox yaxşı xatırlayırıq. Maliyyə hesablaması da aparıldı, insanların videoları da çəkildi, lağa da qoymağa çalışdılar, amma biz yenə də öhdəsindən gəldik. Xatırladıram, qonşularımızın gəlməməsi xəbərini bu yarışmada çox gec göndərilmiş məktuba əsasən xatırladıq. Amma yenə də hansısa mənşəyi bilinməyən bir qonşunun yanımızda "Sarı gəlin" oxumasına tolerant (düzgün arqumentasiya ilə) hazırlanırdıq. Bilirsiniz niyə ?! Hətta, Türkiyə aeroportunda "where are you from" sualının "BAKU" cavabında ikinci dəqiqləşdirici sualı eşitməmək üçün". Mirhəsən Seyidov bildirib ki, hazırda Azərbaycan eyni vəziyyəti yaşayır: "Yenə Avropanın ən böyük tədbirinə ev sahibliyi edərək tarix yazacaq. Yenə ikili standartlar və heç bir zaman hüquqlarından xəbəri olmayan insanlar bir addım önə atılıblar. Dünənə kimi sanki Avropa Oyunları haqqında düşünürdülər. İndi ölkəyə gələn mötəbər tədbirə daxili çəkişmə yaratmaq məqsədi ilə məntiqsiz addımlar atmaq iqtidarındadırlar. Bu şəxslər Avropa ölkələrindəki vəziyyəti çəkişdirmək, qanunsuz atılan addımları sıxışdırmaq əvəzinə uğur yolunda istiqamət tutmuş Azərbaycan əleyhinə çalışırlar". Təşkilat sədri deyib ki, problemlər dünən də var idi, bu gün də var və sabah da olacaq: "Tutduğunuz istiqamətdə daha da möhkəmlənmək və bir nöqtəyə vurmaq zamanıdır".
Türkiyə Universitetləri Məzunları İctimai Birliyinin sədri Çingiz Bayramov hesab edir ki, I Avropa Oyunları ərəfəsində ölkəmizə qarşı başlayan "qara piar" kampaniyasının arxasında Azərbaycanın inkişafını istəməyən qüvvələr dayanır. Onun sözlərinə görə, həmin qüvvələrin arxasında isə Azərbaycana düşmən olan dövlətlər, xüsusilə Ermənistan durur: "Onların əli ilə bu işlər aparılır. 3 il əvvəl Azərbaycanda keçirilən beynəlxalq musiqi yarışması ərəfəsində də anoloji vəziyyət baş verirdi və o zaman da çalışılırdı ki, həmin musiqi yarışması baş tutmasın. Ancaq bu məkrli planlara baxmayaraq Azərbaycan həmin yarışmanı Avropanın sabit bir dövləti kimi yüksək səviyyədə təşkil etdi". Çingiz Bayramov bildirib ki, indiki məqamda başlamış olan çirkin kampaniya da dəf ediləcək və Azərbaycan I Avropa Oyunlarını yüksək səviyyədə həyata keçirəcək". İctimai Birlik sədri bəzi beynəlxalq təşkilatların ölkəmizə qarşı apardığı çirkin kampaniyaya Azərbaycanda fəaliyyət göstərən bəzi qaragüruhçu insanların da dəstək verməsindən təəssüfünü bildirib. Onun sözlərinə görə, bu prosesdə həmin dairələrə xidmət edən bəzi mətbu orqanlar da xüsusi fəallıq göstərirlər: "İndi də Avropa Oyunlarının keçiriləcəyi idman arenalarından birində guya hansısa problemin yarandığı barədə qərəzli məlumatlar yayılır. Həmin əsası olmayan informasiyanı elə sevincək şəkildə ictimaiyyətə təqdim edirlər ki, sanki Azərbaycan Qarabağı azad edib. Təəssüflər olsun ki, bu cür şüursuz vətəndaşlarımız, mətbuat nümayəndələrimiz də var. Hesab edirəm ki, bu cür antimilli qüvvələrə qarşı birgə mübarizə aparılmalı, onlar ictimai qınaq obyektinə çevrilməlidirlər. Sağlam düşüncəli insanları bu cür çirkin kampaniyaya qarşı mübarizəyə səsləyirəm". Çingiz Bayramov sosial şəbəkələrdə də Azərbaycana qarşı çirkin kampaniya aparıldığını diqqətə çatdırıb: "Məqsəd Azərbaycanın uğuruna, onun inkişafına kölgə salmaqdır".
Süleyman İsmayılbəyli