Yorğun demokrat yorğalayanda

Elman Cəfərli

Son illər cəmiyyətimizdə mənəvi deqradasiya xeyli artıb. Əvvəllər mənəvi aşınma bazar əhlini əhatə edirdisə, indi əhatə dairəsi bir az da genişlənib. Ziyalı təbəqəsi mənəvi aşınmanın özündə dayanıb tarixən. Bazar düşüncəsi, alver təfəkkürü hamını, hər kəsi əhatə etsə də, ziyalılar müqavimət göstərib. Gerçək ziyalı zamanın bütün sınaqlarından üzüağ çıxıb, mənəvi aşınmaya sinə gərib. Təəssüflə qeyd edilməlidir ki, mənəvi aşınma prosesi artıq ziyalılarımızı da əhatə etməyə başlayıb. Efiri bürümüş  toyxana zehniyyəti, regionçuluğu, məhlə şovinizmini yayan, yaşadan meyxana, manıs yarışmaları ziyalılarımıza da sirayət edib deyəsən. Bu günlərdə facebook sosial şəbəkəsində bir şəkil gördüm. Dodağı qırmızı boyalı, gözləri sürməli, başında rəngli bağlama olan qara zənci qızı şəklinin üstünə photoshopla "Kürdəmir gözəli" yazılmışdı. Diqqətlə baxanda şəklin Hikmət Hacızadə tərəfindən yayıldığını gördüm. Bəli, həmin Hikmət Hacızadə. "Demoktayiya gerillası", "Azərbaycan demokratiyasının ünlü isimlərindən biri", AXC hökumətində Rusiya səfiri olmuş, Müsavatın bərpa etmiş şəxslərdən biri H.Hacızadə. Məlumat üçün qeyd edim ki, Hikmət Hacızadə daha Müsavat üzvü deyil. Müsavatın son qurultayından sonra Arif Hacılının başqan seçilməsinə, Qubad İbadoğlunun başqan seçilməməsinə etiraz edən  narazılara qoşulub və Demokratiya və Rihaf Hərəkatına keçib. Narazıların əsas rəhbərləri olan Səxavət Əlisoy, Vurğun Əyyub və digərləri ilə  tez-tez görüşüb çay dəsgahı, xaş süfrəsi düzəldən Hikmət bəyin paylaşdığı şəkillərə yazdığı alt yazılarına etiraz edənlər vardı. Onun "Tovuzlular toplaşdı", "Tovuz-Füzuli-Şəki ittifaqı" və digər yersiz, şit replikalarını zarafata salanlar daha çox idi. Ancaq indi məlum olur ki, Hikmət Hacızadə zarafat etmirmiş, bu, onun mənəvi durumunun göstəricisidir. İllərdir mübarizə aparan demokrat artıq yorulub, mənən usanıb. İnsan ixtiyar çağında yersiz, şit hərəkət etdiyi kimi  Hikmət bəy də yorğun çağında, demokratlığının ahıl vaxtında yorğalamağa başlayıb. Yoxsa, adam rayonçuluğa, məhlə şovinizminə niyə yoluxsun ki? Adam kartof topası arasında qız şəklinin altına "Gədəbəy gözəli", qara zənci qız rəsminin üstünə "Kürdəmir gözəli" yazacaq qədər tükənibsə, aşınıbsa, bunun çarəsi müalicədir. Bəli, Hikmət bəyin istirahətə və müalicəyə ehtiyacı var! Uzunmüddətli müxalifətçiliyin, sonu görünməyən mübarizənin, dalbadal məğlubiyyətlərin psixoloji fəsadları üzə çıxmalı idi. Bacarıqlı müxalifətçilər yenə bu illər ərzində mandatdan-zaddan aldılar. Hikmət bəy kənarda qalanlardan oldu. İndi ayılıb görüb ki, illərdi onu "biz gəlirik" nağılları ilə yuxuya verənlərin hər şeyi var, uşaqları xaricdə oxuyur, bir budur "düz olub düzdə qalan". Ona görə də qəzəbini bu formada üzə çıxarır. Amma dostlarından biri ona desin ki, bu yol heç də yaxşı yol deyil! Vətənin ayrı-ayrı obalarını, mahallarını ələ salanların aqibəti yaxşı olmayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00