AntiAzərbaycan qüvvələr yenidən fəallaşıb

İdmanı siyasətə qatmaq istəyənlərin cəhdi baş tutmayacaq

Azərbaycan yenə onun inkişafını, əldə etdiyi nailiyyətlər və uğurunu qısqananların hədəfinə çevrilib. Hər zaman olduğu kimi bu dəfə də Azərbaycanı hədəf seçən "Amnesty İnternational" və  "Human Rights Watch" təşkilatlarıdır. Müntəzəm olaraq öz ədalətsiz və qeyri-obyektiv hesabatları ilə ölkəmizin imicinə zərbə vurmağa çalışan bu iki təşkilat indi də I Avropa Oyunlarının Bakıda keçirilməsini həzm edə bilmir.  Hər halda "Amnesty İnternational" və  "Human Rights Watch" təşkilatlarının I Avropa Oyunlarını "boykot" çağırışı belə deməyə əsas verir. Azərbaycanda insan hüquqlarının pozulduğunu iddia edərək Avropa ölkələrini I Avropa Oyunlarından iştirakdan imtinaya çağıran antiAzərbaycan təşkilatları bununla kifayətlənməyib xarici kütləvi informasiya vasitələrində ölkəmiz əleyhinə   qərəzli, qeyri-obyektiv materialların dərc edilməsi istiqamətində də dəridən qabıqdan çıxır. Son günlər xarici mətbuatda bu tipli yazıların sayının artması eyni dairələrin yenidən Azərbaycana qarşı  fəallaşdığını göstərir.
Təəssüflər olsun ki, bu tipli antiAzərbaycan qüvvələrin ölkə daxilində də dəstəkverici qüvvələri mövcuddur və onlar da ölkəmizə qarşı qərəzli mövqedən çıxış edən təşkilat və şəxslərin mənafelərinə can-başla xidmət edirlər. Xüsusilə bu prosesdə sarı mətbuat ənənələrini yaşadan "Azadlıq" radiosu, "Azadlıq" qəzeti, Meydan TV kimi yerli və xarici KİV-lər, sifarişlə işləyən bloqqerlər  daha "aktiv" görünürlər.  Ən ağrıdıcı məqam ondan ibarətdir ki, bəzi yerli qrupların, QHT-lərin və medianın fəaliyyəti Ermənistan və erməni lobbisinin təsiri altında olan analoji qurumların dəst-xətti ilə eynilik təşkil edir. Təsadüfi deyil ki, "Amnesty İnternational" və  Human Rights Watch" kimi təşkilatların də məhz xarici ermənipərəst dairələrin sifarişləri əsasında Azərbaycana qarşı "qara piar" kampaniyası həyata keçirirdiyi aydın şəkildə sezilir.  
Ancaq qətiyyətlə deyə bilərik ki, Azərbaycanı gözdən salmaq cəhdləri həmişə olduğu kimi, bu dəfə də heç bir nəticə verməyəcək və sabun köpüyü effektini verəcək. Qətiyyətlə deyə bilərik ki, idmanı siyasətə qarışdırmaq istəyənlər bu dəfə də öz istəklərinə nail ola bilməyəvəklər. Necə ki, həmin antiAzərbaycan dairələr "Eurovision-2012" mahnı müsabiqəsi ərəfəsində də ölkəmizə qarşı sanki səlib yürüşünə çıxmışdılar. Həmin ərəfədə də "Amnesty İnternational" və  "Human Rights Watch" kimi təşkilatlar çoxsaylı yalan məlumatlar yayaraq beynəlxalq ictimai rəyi Azərbaycana qarşı yönəltməyə çalışdılar. Həmçinin o zaman da sözügedən təşkilatlar Avropa ölkələrinə müraciət edərək "Eurovision-2012" mahnı müsabiqəsini boykot etməyə çağırmışdı. O zaman  Azərbaycana qarşı irəli sürülən əsassız ittihamlar sırasında "qanunsuz söküntülər", heyvanlara qarşı "qəddar münasibət", saxta "siyasi məhbus" siyahıları və digər bu kimi məsələlər yer alırdı. Ancaq vəziyyətin heç də antiAzərbaycan qüvvələrin təsvir etdiyi kimi olmadığı qısa zamanda Avropanın özünə bəlli oldu və "Amnesty İnternational" və  "Human Rights Watch" kimi təşkilatların boykot çağırışı ciddiyə alınmadı. Nəticədə Azərbaycan "Eurovision-2012" mahnı müsabiqəsinini ən yüksək səviyyədə təşkil etdi. Elə avropalılar özləri də bunu etitaf etmək məcburiyyətində qaldılar.
Heç şübhəsiz ki, bu dəfə də Avropa ailəsi "Amnesty İnternational" və  "Human Rights Watch" kimi təşkilatların qərəzinə məhəl qoymayacaq. Eyni zamanda Azərbaycan Avropa ailəsinin ona göstərdiyi etimadı doğruldaraq I Avropa Oyunlarını yüksək səviyyədə keçirəcək.
Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00