İsa Qəmbər üçün tələsən Pənah
5 Mart 2015 14:36 SiyasətMəşədi Cəfər
Çırmanırıq keçməyə çay gəlməmiş,
Başlayırıq qızmağa yay gəlməmiş
(Mirzə Ələkbər Sabir)
Uca xəlqimin nümayəndələrinin arxa çatmamış hop deməsi çoxdan bəllidir. İngilis eləmək istədiyini deməz, rus aldadıcı manevrlər edər, yəhudinin heç niyyətini bilməzsən. Bir də görərsən yükün üstündə oturub, istədiyinə nail olub. Bir bizik, işə başlamadan aləmə car çəkək, nə edəcəyimizi açıqlayaq.
O gün yazar həmkarım Xaqani yazıb ki, hamı bir-bir namizədliyin elan edir, deputatlığa hansı dairədən aday olacağını açıqlayır. Nə xəbərdi? Mart ayıdır e, hələ...
Adam haqlıdır. Bu il Milli Məclisə seçkilər keçiriləcək. Seçkilər payızdadır, yəqin ki, həmişəki kimi noyabr ayında olacaq. Seçkiyə 7 ay qalıb. Doğrudur əvvəli illərin təcrübəsi var, siyasi qüvvələr hazırlığa mart ayından başayardılar. 2000-ci ildə hazırlıq elə təxminən bu aylar başladı. 2003-cü ildə aprel ayında artıq "Bizim Azərbaycan" bloku yaranmışdı. 2005-ci ilin martında "Azadlıq" bloku elan edildi, hazırlıq prosesi sürətləndi. Ancaq başlanan hazırlıq mərhələsi idi, heç kimi mart ayında adaylığıı irəli sürmür, yarışacağı dairəni müəyyən etmir. Rəhmətlik Hacıbaba Bağırov demiş: nə xəbərdi? Qoyun, bir yaz gəlsin, ağaclar çiçəkləsin, adamların canı qızsın da. Çox adam hələ qışdan çıxmayıb, kiçik Çillənin sazağı hələ canındadır.
Mətbu çevrələrdə daha çox "Qadınlar klubu" kimi tanınan 125-lər hərəkatının üzvlərindən bir neçəsi artıq namizədliyini irəli sürüb. "Azadlıq 2015" seçki blokunun qurucularından biri Pənah Hüseyn də aday olacağını açıqlayıb. 125-lərdən kiminsə yanlış qərarı, tələsik sevincəyə düşməsi başa düşüləndir. Bəs illərin siyasətçisi, saçı Müsavatla AXCP-nin qərargahlarına (bəyin özünün qərargahı heç zaman olmayıb) gedən yollarda ağarmış Pənah Hüseynə nə gəlib? O, siyasi sayıqlığını itirməməlidir axı...
125-lər klubunun tələskənliyini onların səriştəsizliyinə yazaq, ancaq Pənah bəyin tələskənliyi məqsədlidir. Pənah Hüseyn bir dəfə deputatlıq görmüş adamdır. Onun belə tələsməsi şübhəli məqamlara yol açır. Onun öz deputatlığı üçün tələsməsi ağlabatan deyil. Pənah bəy daim isa Qəmbərə sadiq olub. Mən belə başa düşürəm ki, Pənah Hüseyn İsa Qəmbərə görə tələsir. P.Hüseynin ardınca, mandat almaq üçün Müsavat başqanlığından istefa vermiş İsa Qəmbərin aday olacağı gözlənilir. Məqsəd ictimai rəyi indidən isa Qəmbərin adaylığına hazırlamaqdır. Tələskənliyin bir səbəbi də Milli Şuranın seçkiləri boykot etmək istəyidir. Tələsənlər indidən adaylıqlarını açıqlayırlar ki, radikal müxalifətdən boykot qərarı çıxsa, "biz öncədən namizədliyimizi vermişdik" deyə bilsinlər.