BAXCP-dən namizəd olmaq istəyənlərə sərt təpki
Elçin Mirzəbəyli: “Həmin şəxslər təmsil olunduqları siyasi partiyaları heçə sayırlar”
5 Mart 2015 13:59 Siyasət"Həmin şəxslər bununla Sabirin "çırmanırıq keçməyə çay gəlməmiş" sözlərini təkrarlayırlar. Kimlərsə çaya çatmamış çırmanırlarsa, bu onların öz problemləridir". Bır sıra siyasi partiyalarda təmsil olunan şəxslərin parlament seçkilərinin keçirilməsinə xeyli müddət qalmış namizədliklərini irəli sürmələrinə münasibət bildirən BAXCP sədrinin müavini Elçin Mirzəbəyli belə deyib. Ölkədə seçki prosesinə start verilmədiyini və seçkilərə kifayət qədər vaxtın qaldığını deyən E.Mirzəbəyli, belə bir vəziyyətdə ayrı-ayrı dairələrin öncədən zəbt edilməsi barədə verilən xəbərlərin iki məqsədə xidmət etdiyini bildirib: "Birinci məqsəd müəyyən düşərgədə təmsil olunan insanların həmin düşərgədə təmsil olunan digər insanlara mesajıdır ki, bu dairədən seçkiyə onlar qatılacaq. Bununla alternativlərini sıradan çıxarmaq istəyirlər. İkinci məqsəd isə daha güclü namizədlərlə alver etmək üçün vasitə ola bilər. Əvvəlcədən verilmiş belə elanların bundan başqa yolunu görmürəm. Ciddi siyasi partiyalarda ciddi siyasətçlilər öncədən belə açıqlamalar vermirlər. Siyasi partiyanın seçkidə iştirakı üçün ilk növbədə həmin qurumun Ali Məclisinin, ya da seçki orqanının qərarı lazımdır. Bu qərardan sonra konkret şəxsin hansı dairədən namizədliyini irəli sürməsi barədə real situasiya yaradılır. İndiki açıqlamalar onu sübut edir ki, bu açıqlamaları verən şəxslər təmsil olunduqları partiyaları ümumiyyətlə siyasi qurum hesab etmirlər, seçki orqanlara önəm vermirlər, ya da bu partiyalarda seçki orqanları yoxdur. Yaxud bunların hamısı bir neçə nəfərdən ibarət qondarma qurumlardır və istənilən şəxs namizədliyi barədə bəyanat verə bilər. Seçkidə belə iştirak etmirlər. Seçkidə iştirak etmək üçün siyasi partiyanın müvafiq qurumlarında proses barədə müzakirələr aparılır, dairələr üzrə namizədlər müəyyənləşdirilir və partiyanın seçki orqanının qərarı verilir. Yalnız bundan sonra həmin şəxsin hansı dairədə iştirak etməsi barədə açıqlama verilə bilər. Əgər müstəqil şəxsdirsə, eləcə də hərəkət edə bilər. Lakin indiki halda bu barədə fikirlər səsləndirən insanların əksəriyyətinin siyasi mənsubiyyəti var. Bu isə onu göstərir ki, həmin şəxslər təmsil olunduqları siyasi partiyaları heçə sayırlar". ("OLAYLAR" İA)