AXCP siyasi dalana dirənib
Mərkəzi orqanlarla rayon təşkilatları arasında dərin mənəvi uçurum yaranıb
5 Mart 2015 13:03 SiyasətAXCP sədri Əli Kərimli Milli Şuranın martın 15-nə təyin edilən mitinqinə çağırış edib. O, facebook səhifəsində yazıb: "Milli Şura olaraq sizlərin bu etirazını, təkliflərini, qınaqlarını haqlı bildik və mitinq keçirmək qərarına gəldik. Hamınızın iştirak edə bilməyiniz üçün mitinq icra hakimiyyəti ilə razılaşdırılacaq. Mitinqə gəlib etiraz edin ki, səsiniz eşidilsin!". AXCP fəalların facebook sosial şəbəkəsində #talanason hastağı açıblar. Jurnalist həmkarlarımızdan biri bu hatsağı istehzayla #dalanason-la əvəz edib. Yazıb ki, AXCP-ni ipini çəkdiyi Milli Şura adlanan qurumun öncə dalana son desin. Düşdüyü dalandan çıxsın. Həqiqətən də Milli Şuranın düşdüyü dalandan çıxmasına ehtiyac var. Ana müxalifəti təmsil edən qurum heç zaman AXCP kimi, Milli Şura kimi dalana dirənməmidi. 2005-ci ilə qədər ana müxalifət Müsavat partiyası idi. Ətrafında "Bizim Azərbaycan" seçki bloku vardı. Partiyanın təbliğat ruporu "Yeni Müsavat" effektli işləyirdi. 2005-ci ildən bu yana ana müxalifət AXCP-dir. Lakin siyasətin əvvəlki nüfuzu, hörməti qalmayıb. AXCP-də elə hesab edirlər ki, hamını, hər kəsi söymək, qaralamaqla ana müxalifətdə möhkəmlənmək mümkündür. AXCP-nin bolşevik zehniyyətli yazarları hamını düşmən çıxarıblar. Hətta Müsavat da müxalifət sayılmır. Hamını qaralama taktikası seçmiş AXCP yetkililəri özləri də bilmədən partiyanı təcrid vəziyyətə salıblar. Əli Kərimlinin yanlış siyasəti partiyanı hamı ilə düşmənə çevirib. 2013-cü ildə Rusiyameylli qüvvələrlə edilən əməkdaşlıq, Milli Şuranın yaradılması AXCP-nin bəlli Qərbpərəst imicini dağıdıb. Artıq Qərbdə AXCP-yə etibarlı tərəfdaş kimi baxmırlar. Bu yaxınlarda Əli Kərimlinin tələbəlik dostu, BAXCP sədri Qüdrət Həsənquliyev AXCP sədrinin Rusiya ilə əlaqələri ilə bağlı maraqlı faktlar açıqladı. O, Əli Kərimlinin hələ ötən əsrin 80-ci illərinin sonları, 90-cı illərin əvvəllərindən Rusiyanın müəyyən dairələri ilə sıx ilişgilərə malik olduğunu yazıb. AXCP tərəfi iddiaları təkzib etməyib, əksinə, şübhəli şəkildə ironik yanaşma ilə cavab veriblər. AXCP-nin itirdiyi təkcə Qərbpərəst imici deyil. Bacarıqlı fiqurların əksəriyyəti aktiv siyasi fəaliyyətini dondurub. Rayon təşkilatları iflic vəziyyətdədi. Əli Kərimli-Fuad Qərhəmanlı duetinin hamı ilə düşmənçilik siyasətini əyalətdə aparmaq olmur. Rayonlarda hamı bir-birini tanıyır, xeyir-şərdə bir yerdə olurlar. Əyalətdə "sən müsavatçısan, loyal müxalifətsən, mən cəbhəçiyəm, əsil müxalifətəm" bölgüsünü aparmaq olmur. Ancaq AXCP-nin radikal liderləri bunu anlamır. AXCP-nin mərkəzi orqanları ilə yerli təşkilatları arasında dərin mənəvi uçurum yaranıb. Əli Kərimli hamı ilə düşmənçilik, "əsil, real müxalifət bizik" siyasətini dəyişməsə, AXCP-dən qopmalar başlanacaq.
Ərhun Abbas