Keçmiş müavini Əli Kərimlini Şimali Koreya diktatoruna oxşatdı

Razi Nurullayev: “Düz 15 ildir ki, AXCP öz orbiti ətrafında fırlanır və hər tərəfə də dəmir pərdələr asılır”

"AXCP-də daxili demokratiya yoxdur. AXCP funksionerləri belə iddia irəli sürürlər ki, ona görə ancaq sədr Əli Kərimlinin təklifləri keçir ki, o məntiqlidir, müdrikdir və inandırmağı bacarır. Həm də elə təkliflər verir ki, imtina etmək mümkün deyil. Çünki, o bir məktəbdir, məntiqi və nitqi Demosfen nitqindən güclüdür, sözü Siseron müdrikliyinə kölgə salır, sərkərdəlik qabiliyyəti Sezarı üstələyib, yazdığı yazılar Sofokl pərəstişkarlarını utandırır". "Olaylar"ın məlumatına görə, AXCP sədrinin keçmiş müavini Razi Nurullayev belə bir fikirlə çıxış edib. "Ay dostlar, siz nədən Şimali Koreyanın "çuçe" ideoloji xəttinə doğru yuvarlanırsınız? Şimali koreyalılar inanır ki, indiki lider Kim Yonq Unun atası Kim Çen In 3 yaşında ilk kitabını və tələbə olanda 3 il ərzində 1500 kitab yazıb. O, ilk dəfə olaraq qolf oynamağa gedib və 15 qolf topuna eyni zamanda zərbə endirib və onların 15-ni də qolf deşiklərinə salıb. Yəqin ki, sizə də bu cür miflər uydurmaq lazım gələcək. Mifologiya heç elm də deyil. Mifologiya ilə məşğul olanlar mifoloq adlanır" - deyə R.Nurullayev qeyd edib: "Müxalifətin zəif tərəflərindən biri, onun öz orbiti ətrafında fırlanmasıdır. Düz 15 ildir ki, AXCP öz orbiti ətrafında fırlanır və hər tərəfə də dəmir pərdələr asılır. Bu pərdələrin o tərəfində kimin nə düşündüyü, nə fikirləşdiyi və nə istədiyi AXCP-yə məlum deyil. Əli Kərimli onun siyasətini dəstəkləyən adamlarla görüşür. Bir sıra hallarda kənar müxalifətlə də Milli Şura çərçivəsində görüşə bilir. Hər kəs də bilir ki, Əli Kərimlinin müxalifətçilik süzgəci və meyarı nədir. Ona görə də Əli Kərimli ilə görüşən şəxs özünü onun istəyinə uyğun, onun hava limanında necə aparmalıdırsa, o cür aparır. Belə təəssürat yaranır ki, hər kəs onu sevir. Bu isə yanlışdır. Reallıq başqadır. Bunu müşahidə edənlər bilir. Əslində isə, şəxsiyyətə pərəstiş yaratdığı kəslərdən dolayı az qisim insanın ona siyasi simpatiyası var. O, özü deyib özü eşidir, özü yazıb, özünə vurulur və yazdıqları Quran ayəsidir kimi, hər sətrinin, hər cümləsinin cəbhəçilər tərəfindən ictimailəşməsini istəyir. Cəbhəçilərin müəyyən qismi isə heç oxumadan candərdi Əli Kərimlinin adını nişanlayıb doğru və saxta profillərlə tirajlama siyasəti həyata keçirirlər. Elə buna görə də xalq ilə müxalifət arasında uçurum dərinləşib. Müxalifətin dediyini xalq eşitmir, xalqın səsini isə müxalifət eşitmir. Çünki, bütün yerüstü və yeraltı kommunikasiyalar sıradan çıxıb və ya çıxarılıb. Özləri üçün bir dairə cızıb onun içində fırlanmaqla, böyük siyasi məqsədlərin reallaşacağını gözləmək yanlışdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00