Razi Nurullayev: “Milli Şura gündən-günə Əli Kərimli tərəfə əyilir”

"Müxalifətdaxili birləşmələr, koalisiyalar və digər birliklər heç zaman xalqın ümumi maraqları üzərində qurulmayıb". "Olaylar"ın məlumatına görə AXCP sədrinin keçmiş müavini, "Region" Beynəlxalq Analitik Mərkəzinin rəhbəri Razi Nurullayev belə bir fikirlə çıxış edib. "Müxalifətin ən uğurlu birləşmə modeli sayıla bilən və şəxsən iştirakçısı və təsisçilərindən biri olduğum İctimai Palata AXCP və Müsavat partiyalarının dartışmasının qurbanına çevrildi. Kimliyini müxtəlif adlar atlında gizləməklə ekspert, müstəqil, vəkil və başqa peşələr adıyla səs çoxluğu qazanmaq naminə yaxın bildikləri hər kəsi ictimai mövqeyinə, statusuna rəğmən oraya üzv etdilər. Yəni, hər bir üzv öhdəlik götürərək İP-ya daxil olurdu. Tərəf tutmaqdan imtina edən digər siyasi təşkilat və partiyalar isə İctimai Palatadan kənar saxlanıldı. İctimai Palata məhz bu öhdəliklərin qurbanı oldu və cəmiyyətin ideal mübarizə variant ola biləcək bir qurum siyasi iflasa uğradı. Əli Kərimli bu iflasdan sevindi. Nədən? Cəmiyyətin növbəti dəfə ölən inamına görə bir siyasi liderin sevinməsi nədən doğur görəsən? Siyasi korluqdanmı, alınan tapşırıqdanmı? Təəssüf ki, cəbhəçi dostlarımız hələ də bunun fərqində deyillər. Fərqində deyillər ki, müxalifətdə olmaq nə sənət, nə peşə, nə də Allahın verdiyi doğal, konstitusiyadan irəli gələn siyasi hüquq deyil. Sadəcə siyasi liderin və ya partiyanın avtoritar rəhbərinin yanlış siyasətinin nəticəsidir" - deyə R.Nurullayev qeyd edib. Razi Nurullayev hesab edir ki, fərqli notlar üzərində yaradılan Milli Şura gündən-günə Əli Kərimli tərəfə əyilir. Onun sözlərinə görə, Əli Kərimlinin süzgəcindən keçməyən adamlar Milli Şuranın üzvü ola bilmir: "Milli Şuranın hələ də cəlbedici qalmasının sirri hörmətli Cəmil Həsənlinin şəxsiyyəti, eyni zamanda Rüstəm İbrahimbəyov mifi üzərində qalır". R.Nurullayev Əli Kərimlinin istefa verməli olduğunu da vurğulayıb. "Məmməd Əmin Rəsulzadənin şəxsiyyətinə böyük hörmətlə yanaşıram. Düşünürəm ki, o dünyanın ən böyük siyasi şəxsiyyətlərindən biridir. "İnsanlara hürriyyət, millətlərə azadlıq" şüarını dünyaya gətirən bir şəxsiyyətə pərəstiş etmək yalnış sayıla bilməz. Əbülfəz Elçibəy də mübarizəsi, saflığı və ideyalara sadiqliyi ilə könüllərdə məhəbbət qazana bilib. Ona da pərəstiş etməyi yanlış saymıram. Heydər Əliyev də Azərbaycan tarixində özünə yer tutub. Ona səmimi pərəstiş edənlər var. Buna da münasibətim normaldır. Düşüncəmə görə, hər hansı bir şəxsə nəticəyə görə pərəstiş etmək olar. Stalinə də pərəstiş etmək qüsurlu deyil. Leninin də pərəstişkarları var. Mao Tsedunun da pərəstiş edənləri başa düşüləndir. Bəs Əli Kərimli niyə öz şəxsiyyəti ətrafıda pərəstiş yaratmağa meyllənir? Axı onun siyasi mübarizəsinin müsbət çalarları yoxdur. Nəticə də yoxdur. 25 ildir ki, tənqid etməkdən dolayı ortaya heç bir nəticə qoymayıb" - deyə Razi Nurullayev bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00