Müxalifət böhrandan çıxa bilmir

Bunun suçlusu İsa Qəmbərlə Əli Kərimlidir

AXCP fəallarından biri facebook sosial şəbəkəsində insanların kütləvi aksiyalara biganəyliyindən yazıb: "Adamlar öz talelərinə laqeyddir, kütləvi aksiyalara maraq yoxdur". Bu cümlə onu ifadə edir ki, əziyyət çəkib aksiya elan edirik, rayonlardan adam gətiririk, ancaq xalq aksiyalarımıza dəstək vermir. Əli Kərimli xaric əksər AXCP funksionerləri, partiyanın sözünü deyən yazarlar köşə və sosial şəbəkə statuslarında zaman-zaman bu məsələyə toxunublar, xalqdan narazılıqlarını gizlətməyiblər.  Xalqın müxalifətə dəstək vermədiyi aydın məsələdir, səbəbləri də bəllidir. Ölkədə son illər müşahidə olunan sosial-iqtisadi islahatlar narazı kəsimi xeyli azaldıb. Bu da avtomatik olaraq protest elektoratının azalmasına səbəb olub. Bu obyektiv səbəbdir. Ancaq müxalifətin düşdüyü durumun subyektiv səbəbləri də var. Ənənəvi müxalifət partiyaları özləri bu duruma düşüblər. 1993-cü ildən davam edən mövqe savaşı, mehriban düşmənçilik AXCP ilə Müsavatı 2000-ci ildə qatı düşmənə çevirdi. Tərəflər bütün resurslarını biri-birinə qarşı savaşa həsr etdilər. O zaman radikal müxalifət Müsavat olduğu üçün İsa Qəmbər, Arif Hacılı, Rauf Arifoğlu destruktiv mövqedə idi və bütün təbliğati imkanlar AXCP-nin dağıdılmasına yönəldi. Müsavatın AXCP-yə nifrəti o həddə idi ki, hətta Əli Kərimlini müxalifətdən tam dışlayıb onun siyasi karyerasını məhv etməyə başladılar. Ancaq 2003-cü ildən situasiya dəyişdi. AXCP parlamentdə təmsil oluna-oluna müxalifət daxilində mövqelərini gücləndirdi. 2003-cü ildə AMİP-ə assisentlik edən AXCP 2005-ci ildə artı ana müxalifət olmuşdu. Müsavat isə öz növbəsində zəifləyib mövqelərini itirmiş, 2006-cı ilin fevralında parlamentə getməklə radikal müxalifət daxilində təklənmişdi. Meydan və söz sahibi AXCP idi. AXCP sədri də İsa Qəmbərdən fərqli davranıb ortaya siyasi mədəniyyət nümunəsi qoya bilmədi. Siyasi didişmədə öndə olmaq, ana müxalifət mövqeyini qorumaq və ən əsası qisasçılıq hissi AXCP sədrini yanlış qərarlar veməyə sövq etdi. 2005-ci ilin noyabrından AXCP sədrinin əsas məqsədi yalnız Müsavat partiyasının dağıtmaq, İsa Qəmbərin sosial bazasına yiyələnməkdir. Müsavat onsuzda obyektiv səbəblərdən dağılır. Partiyada iki il bundan öncə başlanmış başqan dəyişikliyi prosesi təşkilatın tamamilə zəifləməsi ilə sonuclanıb. İsa Qəmbər postunu Arif Hacılıya verib. Xaraktercə çılğın Hacılını partiyada əhəmiyyətli kəsim qəbul etmir. Onların böyük hissəsi artıq təşkilati olaraq Müsavatdan ayrılıblar. Azərbaycan Demokratiya və Rifah Hərəkatı artıq təsis qurultayını keçirib. Yaxın aylarda bu qurumun Müsavatın adına iddia etməyəcəyi, fövqəladə qurultay keçirməyəcəyi bəlli deyil. Maraqlıdır ki, AXCP bu məsələdə də Müsavatdan fərqli mövqe göstərmədi. Əli Kərimli ən azı siyasi etika naminə Arif Hacılını başqan seçilməsi münasibəti ilə təbrik edə bilərdi. Eyni sosial bazaya malik keçmiş müttəfiqini qorumaq AXCP sədrinin  ağlından keçmədi. Bu gün müxaliftə kütləvi aksiyalara adam tapmırsa, bunun günahını özündə, quru "ana müxalifət lideri" adı uğrunda savaşda protest elektoratını məhv edən liderlərdə axtarmalıdır.

Ərhun Abbas

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00