Ehtişamlı ad mərəzi
Əsas ad deyil, görülən işin məzmunudur
4 Mart 2015 15:27 SiyasətElman Cəfərli
Uca millətimin dəyərləri övladlarının özündən razılığı, gücləri çatmayan yekə-yekə işlərə qalxmağı olmaya. O gün millətçi dostlardan biri ilə bir mövzuda danışırdıq. Dostum deyir ki, qeydiyyat orqanında adlara baxırlar, ehtişamlı adları qeydə almırlar. Məsələn, Avrasiya Strateji Araşdırma Mərkəzi, Türk Hərəkatı, Türk Millətçi Partiyaları məhz adlarına görə qeydə alınmayıb. Qeydiyyat idarəsində deyiblər ki, mərkəz sözünü birlik edin, qeydə alaq. Əvvəla, məsləhət elədirsə, elə də etmək lazımdır. Abbasqulu bəy demiş, dövlətlə dövlətlik etmək olmaz ki. Belə deyirlərsə, demək uyğun yol budur. İkincisi, əsas məsələ ictimai birlik, partiya və araşdırma qurumlarının məqsədi, görəcəyi işdir. Hətta gördüyü işdir. Təşkilat var ki, başını salıb aşağı, işi ilə məşğuldur, qeydiyyat onun üçün onuncu məsələdir. Məsələn, Azərbaycanda hamının yaxşı tanıdığı QHT sədri var:Telman Zeynalov. Adam neçə illərdi sakitcə işi ilə məşğuldur. Qeydə alınmayan təşkilatı ilə neçə-neçə qrant layihəsi işləyib. Geniş beynəlxalq əlaqələri var, dövlət orqanları onu yaxşı tanıyır. Ekoloq deyəndə öncə Telman müəllim yada düşür. Media tez-tez ondan açıqlamalar alır. Bu sözləri Reklamçılar Assossiasiyasının prezidenti Hacıəmi Atakişiyev haqqında da söyləmək olar. Adam işinin peşəkarıdır. İşinin bilicisi oldunsa, dövlət orqanı da, donor da, jurnalist də səni özü axtarıb tapacaq.
Bir də ki işləyən adam üçün qeydiyyatın, ehtişamlı adların da önəmi yoxdur. Bir dəfə QHT işinin bilicilərindən biri dedi ki, bəzi ictimai təşkilatlar var ki, dövlət qeydiyyatına alınmağa özləri maraqlı deyil. Çünki dövlət qeydiyyatı həm də hüquqi məsuliyyət yaradır.
QHT, partiya adının görülən işə, yəni məzmuna uyğun olması başlıca şərt olmalıdır. Təşkilat adı nə qədər sadə, anlaşıqlı olsa o qədər yaxşıdı. Adam var ki, dostu və ya yaxın qohumu ilə təşkilat yaradıb, adını Turan Hərəkatı qoyub. Ay qardaş, iki nəfərsiz, gərək elə HƏRƏKAT adlana sizin təşkilat? Adını qoy: Turan Araşdırma Birliyi. Axı, iki-üç nəfər araşdırma mərkəzini işlədə bilər, ictimai hərəkatı yox. Hərəkat kütləvi iştirakçılıq tələb edir.
Müsavat partiyasının başqanlığından istefa vermiş İsa Qəmbərin yaratdığı qurumun adı Milli Strateji Düşüncə Mərkəzidir. Sabiq başqan nəzərə alıb ki, bir zamanlar parlamentin sədri, 21 il partiya rəhbəri olub, gərək onun yaratdığı QHT-nin adı möhtəşəm səslənsin. Buna nə hacət var axı? Strateji Mərkəz anlayışı bizə demokratikləşmədən sonra Avropadan, Türkiyədən gəlib. Amerikada, Rusiyada, Avropa ölkələrində, Türkiyənin özündə strateji araşdırma mərkəzlərinin böyük maddi texniki və kadr bazası var. Orada bir, iki adam QHT yarada bilər, ancaq böyük məzmuna iddialı adlar götürmürlər. Bu baxımdan İsa bəy təşkilatının adını sadə də, məsələn, Siyasi Araşdırmalar Mərkəzi, Milli Düşüncə Birliyi də qoya bilərdi. Türkiyədə araşdırma, milli və sol yönümlü dərnəklər var. Dərnək adı iddialı səslənmədiyindən bizdə istifadə olunmur. Ancaq kadr ehtiyatı olmayan, 2-3 nəfərin yaratdığı QHT-lər dərnək adlansalar yaxşı olar.