Vitse-spiker: “Azərbaycana qarşı sanksiya mümkün deyil”

"Azərbaycana qarşı sanksiyalar çağırışının reallıqda mümkün olacağını düşünmürəm". Bunu deyən Milli Məclis sədr müavini Bahar Muradovanın sözlərinə görə, Azərbaycana qarşı sanksiya çağırışları ya beynəlxalq qeyri-hökumət təşkilatları vasitəsilə baş verir, ya da müxtəlif beynəlxalq təşkilatların parlament assambleyalarında bəzi parlamentarilər tərəfindən buna cəhdlər edilir: "Bunu dəfələrlə prezidentimiz də vurğulayıb ki, Azərbaycanın ikitərəfli münasibətlərdə heç bir problemi yoxdur. Harada ki, müxtəlif ölkələrdə Azərbaycanla bağlı müəyyən maraqları olan insanlar bir yerə toplaşa bilirlər onlar orada mövqelərini birləşdirərək Azərbaycana qarşı çağırışlar edirlər, bu və ya digər sənədlərin qəbuluna çalışırlar. Xüsusilə də bu məsələlərə daha çox kömək edən beynəlxalq erməniçilik olan dairələrdir ki, onlar bütün beynəlxalq təşkilatlarda Azərbaycanla bağlı bu tip məsələlərin meydana gəlməsində, bu cür sənədlərin hazırlanmasında yaxından iştirak edirlər və Azərbaycana Ermənistanı dəstəkləməyin bu yolu ilə təzyiq göstərməyə çalışırlar". B.Muradovanın qeyd etdiyinə görə, Azərbaycan hesab edir ki, əsası qoyulan ikitərəfli münasibətlər çoxtərəfli münasibətlərin də sağlamlaşmasına gətirib çıxaracaq: "Bu baxımdan biz bir daha tərəfdaşlığa əsaslanan qarşılıqlı, faydalı əməkdaşlıq münasibətlərinə üstünlük veririk. Eyni zamanda, hesab edirik ki, bir çox ölkələr, beynəlxalq təşkilatlar da getdikcə bunu artıq dərk etməkdədirlər və məhz Azərbaycanın mövqeyi, Azərbaycanın təcrübəsi onları bu fikrə gəlməyə vadar edir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00