Millət vəkili Avropanı qınadı
3 Mart 2015 16:38 Siyasət"Deyəsən Avropanın digər dövlətləri də ötən həftənin sonlarında Avstriya parlamentinin İslam haqqında qəbul etdiyi qanundan faydalanmaq, oradakı qadağa mexanizmini öz ölkələrində də tətbiq etmək istəyirlər. Hər halda Almaniyanın ən respektabelli qəzetlərindən olan "Frankfurter Allgemeine Zeitung"un yazmasından belə anlaşılır". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri millət vəkili Sahib Alıyev səsləndirib. Bildirib ki, avropalıların rəğbətinə səbəb olan yeni qanunda ölkədəki İslam icmalarının qıraqdan maliyyələşdirilməsinə qadağa qoyulması, imamların yenidən atestasiyasının keçirilməsi və bu zaman onlardan alman dilini bilmələrinin və Avstiyaya loyal yanaşmanın tələb olunmasıdır: "Amma qanunda İslamın Avstriyada dövlət dini kimi tanınması məsələsi də var ki, qərbdəki digər dövlətlər buna çətin getsin. Halbuki, bu addımı Avstriya hələ 1912-ci ildə atmışdı. Amma İslama sevgidən yox, müsəlmanların çoxluq təşkil etdiyi Bosniya və Hersoqovinanı ələ keçirdiyi üçün. Məni maraqlandıran budur ki, Azərbaycan QHT haqqında qanuna kiçicik bir dəyişiklik edən kimi səsləri yeri-göyü bürüyən avropalılar görəsən nədən Avstriyanın atdığı addıma rəğbətlə yanaşırlar? Axı Azərbaycanda QHT haqqında qanuna edilən düzəlişlərdə də məqsəd ölkədə əmin-amanlığın qorunub saxlanması, ayrı-ayrı qurumların yad dövlətlərin təsiri altında qanuna zidd əməllərə əl atmalarının yolunu kəsməkdir".