“Xocalı qətliamını törədənləri lənətləyirik”

Mövlud Çavuşoğlu: “Ermənistan səmimiyyət testindən keçmədi”

Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlunun fevralın 24-də Azərbaycana rəsmi səfəri başlayıb. Nazir səfəri çərçivəsində fevralın 26-da Azərbaycan prezidenti ilə birgə Xocalı faciəsinin qurbanlarına həsr olunmuş abidəni ziyarət edəcək. O, həmçinin Fəxri xiyabanda Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını və Türk Şəhidliyini də ziyarət edəcək. M. Çavuşoğlunun prezident İlham Əliyev, baş nazir Artur Rasizadə, Milli Məclisin spikeri Oqtay Əsədov və xarici işlər naziri Elmar Məmmədyarovla görüşü nəzərdə tutulub. Türkiyəli nazir ADA Universitetində mühazirə ilə çıxış edəcək. Mövlud Çavuşoğlunun Azərbaycana səfəri fevralın 26-da başa çatacaq

Mövlud Çavuşoğlunun azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşü fevralın 25-də baş tutub. Görüşdə bir sıra məsələlər müzakirə olunub. Görüş başa çatandan sonra nazirlərin birgə mətbuat konfransı baş tutub. Konfransdakı çıxışında E.Məmmədyarov bunun Mövlud Çavuşoğlunun Türkiyənin xarici işlər naziri kimi Azərbaycana ilk rəsmi səfərinin olduğunu deyib: "İki ölkə arasında münasibətlər inkişaf edir" - deyə azərbaycanlı nazir vurğulayıb. E.Məmmədyarov bildirib ki, görüşdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hazırkı vəziyyət, ATƏT-in Minsk Qrupu həmsədrlərinin regiona son səfəri barədə türkiyəli həmkarına məlumat verib: "Türkiyə Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini dəstəkləyir, ATƏT-in Minsk Qrupunun üzvüdür". E. Məmmədyarov yaxın vaxtlarda Tehranda İran, Türkiyə və Azərbaycan xarici işlər nazirləri arasında görüş keçiriləcəyini bildirib. O, Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin Gürcüstanda görüşünün keçirilməsinin planlaşdırıldığını da qeyd edib. E. Məmmədyarov Azərbaycanla Türkiyənin birgə layihəsi olan TANAP-ın 2018-2019-cu ildə istifadəyə veriləcəyini bildirib.

XİN başçısı erməni girovluğunda saxlanılan azərbaycanlılar barədə də danışıb. Ermənilərin iki azərbaycanlı girovu saxlaya bilməyəcəklərini deyən Elmar Məmmədyarovun onları gec-tez qaytaracaqlarını bildirib. Girovlar məsələsinin hər zaman görüşlər zamanı gündəlikdə olduğunu vurğulayan E. Məmmədyarov ATƏT-in Minsk Qrupu həmsədrlərinin son səfərinə də toxunub. Nazir bildirib ki, həmsədrlər münaqişənin həlli ilə bağlı işçi qrupların yaradılmasını təklif ediblər: "Azərbaycan məcburi köçkünlərin qayıdışı zamanı görüləcək işlərlə bağlı Dünya Bankı ilə birgə layihə hazırlayıb. Ancaq Ermənistanla da bu məsələləri danışmalıyıq. İlk növbədə Ermənistan qoşunlarını işğal olunmuş ərazilərdən çıxarmalıdır. Ona görə də atəşkəsin pozulması hallarından danışarkən həmsədrlərdən tələb edirik ki, söhbət ilk növbədə Ermənistan qoşunlarının işğal olunmuş torpaqlardan çıxarılmasından getməlidir. BMT, ATƏT və digər beynəlxalq qurumların bu barədə qətnamələri, qərarları var. Bəzi qətnamələr, qərarlar qəbul olunmamış icra olunur, ancaq Dağlıq Qarabağ münaqişəsi ilə bağlı təəssüf ki, biz bunu görmürük". Elmar Məmmədyarov bildirib ki, Ermənistanın da regional layihələrə qoşulmasını istəyir: "Amma Ermənistan öz siyasəti ilə özünü küncə sıxır. Ermənistan regionda faydalı iş qurmaq istəyirsə, Azərbaycanın işğal olunmuş torpaqlarından çıxmalıdır".

Azərbaycanı öz Vətəni olduğunu deyən Mövlud Çavuşoğlu, burada olmaqdan məmnunluq hissi keçirdiyini deyib. M. Çavuşoğlu bildirib ki, hər səfəri zamanı Azərbaycanın gücləndiyinin şahidi olur: "İki ölkə arasında münasibətlərin, xüsusən iqtisadi münasibətlərin inkişafı üçün çalışırıq. Qarşılıqlı ticarət dövriyyəsinin 15 milyard dollara çatdırılması istiqamətində fəaliyyət göstəririk". Nazir də öz növbəsində TANAP-ın Türkiyə üçün strateji layihə olduğunu vurğulayıb: "TANAP-a Türkmənistan qazının da daxil edilməsinə çalışırıq. Bunu da əvvəllər bəyan etmişik". M. Çavuoşoğlu Azərbaycan-Türkiyə-İran, Azərbaycan-Türkiyə-Gürcüstan, Azərbaycan-Türkiyə-Türkmənistan üçlü formatlarının uğurlu fəaliyyət göstərdiyini, Azərbaycan-Türkiyə-Qazaxıstan formatı çərçivəsində xarici işlər nazirlərinin görüşünün keçirilməsi istiqamətində iş aparıldığını da qeyd edib. Türkiyəli nazir Xocalıda Soyqırımı barədə fikirlərini belə ifadə edib: "Xocalıda qətlə yetirilən qardaş və bacılarımıza rəhmət diləyir, ağrı-acılarınızı anlayırıq. Bir daha Xocalı qətliamını törədənləri lənətləyirik". Mövlud Çavuşoğlu Ermənistanı işğal etdiyi Azərbaycan torpaqlarını azad etməyə çağırıb: "Sürix protokollarının qüvvəyə minməsi üçün Türkiyənin şərti vardı. Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını azad etməlidir. Ermənistan səmimiyyət testindən keçə bilmədi, buna görə də protokolların parlamentdən geri qaytarılması heç bir əhəmiyyət kəsb etmir. Azərbaycan və Türkiyə Cənubi Qafqazın sülh və təhlükəsizlik məkanına çevrilməsini istəyir. Ancaq Ermənistan fərqli niyyətdədir. Ermənistan xətalarından dönərsə, Azərbaycanın işğal etdiyi torpaqlardan çıxarsa, Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşarsa, Cənubi Qafqaz bütünlükdə sülh və təhlükəsizlik məkanına çevrilər". Daha sonra G-20 sammitinin Antalyada keçiriləcəyini xatırladan M.Çavuşoğlu, sammitə rəhbərliyi Türkiyə üçün xüsusi önəm kəsb etdiyini bildirib. O bildirib ki, Türkiyə prezidenti G-20 ölkələrinə səfərlərə də başlayıb: "Biz sammitə bir ölkə dəvət edə bilərdik və Azərbaycanı dəvət etdik. Azərbaycanın bu sammitə qatılması Türkiyəyə də güc verəcək". Elmar Məmmədyarov dəvətə görə, həmkarına öz təşəkkürünü bildirib.

Konfransdan sonra Mövlud Çavuşoğlu Fəxri xiyabanda Heydər Əliyevin məzarını ziyarət edib. Daha sonra Şəhidlər xiyabanına gəlib, "Əbədi Məşəl" kompleksi önünə əklil qoyub. Ardınca isə Türk Şəhidliyini ziyarət edib.


Mənsur

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00