ADP-dən Eldəniz Quliyevə cavab
“Başqalarına qara yaxmaq istedad tələb etmir”
25 Fevral 2015 15:48 SiyasətMilli Şuranın üzvü Eldəniz Quliyev mətbuata verdiyi müsahibədə ADP sədri Sərdar Cəlaloğlu və bütövlükdə müxalif düşərgənin təmsilçilərinə qarşı ittiham və rişxənd dolu fikirlər səsləndirib. "OLAYLAR"-ın xəbərinə görə, məsələ ilə bağlı açıqlama verən ADP sədrinin müavini Nurəddin İsmayıl bildirib ki, Azərbaycanda müxalifət yerini tutan hər kəs özünü digərlərindən daha çox müxalifətçi kimi təqdim edir və nədənsə, başqalarına müxalif haqqı tanımaq istəmir: "Çoxları elə sanır ki, müxalifətçi olmaq iqtidarı, xoşlamadığı halda müxalif həmkarını sərt dillə tənqid və bəzən də təhqir həddinə çatan ifadələr işlətməkdən, ya da ara-sıra növbətçi piket-mitinq keçirməklə xalqın gözünə kül üfürməkdən ibarətdir. Bu cür insanlar ibarəbazlıqdan, başqalarını tənqid və təhqir hədəfinə çevirməzdən əvvəl özünə və hədəfə çevirmək istədiyi insanların keçdiyi yola nəzər salmalı, müxalifətçiliyin fəlsəfəsinə epizodik hallara görə qiymət verməməlidir". ADP rəsmisi qeyd edib ki, bir vaxtlar hakimiyyət qazanında əriyib ərpə dönməyin yarışına duran, xəlvət guşələrdə hakimiyyətlə bazarlıq edənlər, nədənsə öz keçmişlərinə boylanmaq əvəzinə hakimiyyətlə dialoqda bulunmaq, ölkədəki gərginliyi azaltmaq, vətəndaş həmrəyliyinə yol açmaq istəyən müxalif qüvvələri etikanın əks üzü ilə ləkələməyə can atırlar: "Bu qəbildən olan insanlar sırasında Milli Şuranın üzvü E.Quliyev öndə gedən şəxslərdəndir. Onun "Azadlıq" qəzetinin dünənki sayında dialoqa gedən müxalif insanları, konkret olaraq "Qarabağ bloku"nun həmsədrlərini hədəfə alması, guya hakimiyyətin alt kateqoriyalı məmurları ilə görüşə can atması müqabilində manatın məzənnəsinin aşağı düşməsi faktına susqunluq göstərməsi ilə bağlı yazısı dərc olunub. Sən demə hakimiyyətlə dialoq qurmaq xəyanət, qıraqda durub hər olaya mız qoymaq cəsarət imiş. Bir də başqalarına qara yaxmaq, digər partiyaların gördüyü işlərə kölgə salmaq elə də istedad tələb etmir".