Almaniya Bundestaqına müraciət edildi
25 Fevral 2015 15:10 SiyasətAlmaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi (AAKM) Alman Bundestaqının Petisiya Komitəsinin üzvü Günter Baumana "1992-ci ildə Xocalı sakinlərinə qarşı törədilmiş soyqırımın cinayət kimi tanınması və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli"nə dair petisiya ilə təkrar müraciət edib. Diasporla İş üzrə Dövlət Komitəsindən "OLAYLAR"-a bildirilib ki, bu petisiyaya Xocalı soyqırımı haqqında məlumat kitabı və 2013-cü il ərzində toplanmış Almaniyadakı azərbaycanlıların imzaları əlavə edilib. İmzatoplama aksiyasında Almaniyadakı bütün Azərbaycan diaspor təşkilatları, xüsusilə də mərkəzi Bielefeld şəhərindəki Almaniyanın Nordrayn-Vestfaliya federal əyaləti üzrə Alman-Azərbaycan Mədəniyyət Cəmiyyəti yaxından iştirak edib.
Bu, AAKM-nin Bundestaqın Petisiya Komitəsinə artıq ikinci müraciətidir. 2014-cü ildə verilən petisiyada təşkilat Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı indiyə qədər qəbul edilmiş qərar və bəyanatlara istinad edərək Almaniya Parlamentini Xocalı soyqırımını tanımağa çağırıb və bu istiqamətdə yeni səylər göstərəcəyinə ümid etdiyini vurğulayıb.