AXCP özünü təcrid vəziyyətə salıb
Əli Kərimli artıq köhnə metodlarla idarə edə bilmir
25 Fevral 2015 14:14 SiyasətAXCP-də baş verən hadisələr bu partiyanın ciddi böhran keçirdiyini göstərdi. Razi Nurullayevin sədr müavini vəzifəsindən çıxarılması, sonra pariyadan istefa verməsi, ardınca partiyada baş verən neqativ hadisələri açıb tökməsi AXCP-də işlərin yolunda getmədiyini aşkara çıxardı. Razi Nurullayev əslində yeni heç nə demir. Hamı bilir ki, Əli Kərimlinin idarəetmə metodları, mübarizə üsulları necədir. "Yurd"un adı, siyasi vitrini dəyişsə də, mübarizə metodları əskidir. "Yurd" dağıdıcı bir qrup olaraq ancaq mövcud birliyi, düzəni dağıtmaqla məşğuldur. Əli Kərimli və yanındakıları ancaq dağıtmağı bilirlər. Zatən yarananda da bu məqsədlə yaranmışdı. Bu qrup üçün mənəvi prinsiplər, ölçülər yoxdur. Sədrin, partiyanın marağına uyğun olmayan hər cür dəyərə qarşı birləşirlər, mübarizə aparırlar. Bir zamanlar hətta mərhum AXCP sədri, Milli Azadlıq Hərəkatının lideri Elçibəyə qarşı da mübarizə aparmışdılar. Elçibəyə qarşı ən ağır və sərt sözləri, aşağılayıcı ifadələri elə "Yurd"çular yazırdı. "Yurd"un dostları intellektualdı, cəmiyyət üçün faydalı adamdı, əzabkeşdi. Düşmənə çevrilən xaindi, satqındır, separatçıdır. "Yurd" daxilində separatçılıq etmək olmaz. O saat bilinər, ifşa olunar. Çünki separatçılıq, casusluq nədir, özləri gözəl bilir. Adamın gözlərindən bilirlər. Əli Kərimli Razi Nurullayevə elə beləcə də deyib: "Sənin getdiyin yolu mən qayıdıram". Razi Nurullayev elə də güclü siyasi fiqur deyildi. Onu AXCP-yə xarici dil bilgisinə görə aparmışdılar. Səxavət Əlisoydan belə zəif fiqur olan Razi Nurullayevin açıqlamalarının rezonans doğurmasının, AXCP-ni, sədrin mübarizə metodlarını ifşa etməsinin yalnız tək səbəbi var: Əli Kərimli əvvəlki metodlarla idarə edə, mübarizə apara bilmir. Bu metodlar artıq ifşa olunub, köhnəlib. Son 5 ildə yürüdülən siyasət, Müsavata qarşı aparılan qara piar əslində bu partiyanı təcrid vəziyyətinə gətirib. AXCP və Əli Kərimlinin cəmiyyətdə dostu qalmayıb. Onlar üçün hamı "satqın", "separatçı", "xəyanətkardır".
Razi Nurullayevin ifşa etdiyi "AXCP əməllərindən" biri də sosial şəbəkələrdə saxta profillərlə mübarizədir. Heç kimə sirr deyil ki, bu işlə AXCP funksionerləri də məşğul olur. Çox zaman qadın adı ilə saxta profillər açılır, bu profillərdən AXCP-ni, Əli Kərimlini dəstəkləyən statuslar, şərhlər yazılır. Əsas məqsəd AXCP-ni, Əli Kərimlini güclü göstərməkdir. Əli Kərimli və dəstəsinin bu naqis əməlini ilk öncə Rauf Arifoğlu və komandası ifşa etmişdi. İndi öz sabiq müavini, AXCP mətbəxini yaxşı bilən Razi Nurullayev ifşa etdi. Artıq bundan sonra AXCP funksionerləri bu işlə məşğul ola bilməyəcəklər. Çünki bu metod artıq deşifrə olunub. Ictimai rəy artıq saxta profillərlə nüfuz artırma üsuluna inanmayacaq. Seçki öncəsi AXCP sədri Əli Kərimlinin piar metodlarından birinin ifşa olunması heç də yaxşı olmadı. Əli Kərimli üçün seçkiyə qədər mövqelərin bərpası çətin olacaq.
Ərhun Abbas