Prezidentdən süni qiymət artımına müdaxilə
Dövlət başçısı xalqın ürəyində olanları dilə gətirdi
25 Fevral 2015 14:08 SiyasətSon günlər manatın dollar və avroya nisbətən məzənnəsinin aşağı düşməsi cəmiyyətdə bir qeyri-müəyyənlik yaratmışdı. Xüsusilə, Mərkəzi Bankın İdarə Heyətinin fevralın 21-də 1 ABŞ dollarının rəsmi məzənnəsini 1.05 AZN səviyyəsində müəyyən etməsi insanlar arasında bir ajiotaja səbəb olmuşdu. Mərkəzi Bankın məlum qərarından təşvişə düşən insanlar valyutadəyişmə məntəqələrinin qarşısında, eləcə də banklarda növbəyə duraraq əllərində olan manatı ABŞ dolları və ya avroya dəyişməyə üstünlük verirdilər. İlk günlərdə yaranmış situasiyadan yararlanıb asan yolla gəlir əldə etməyi bacaranlar da oldu. Paralel olaraq bir çox fürsətcil iş adamları süni qiymət artımına da yol açdılar. Bununla belə bir rəy formalaşdırılmağa çalışıldı ki, Azərbaycan ciddi bir böhran astanasındadır. Əslində isə Mərkəzi Bankın qərarı milli iqtisadiyyatın şaxələndirilməsinə əlavə stimullar yaratmaq, onun beynəlxalq rəqabət qabiliyyətini və ixrac potensialını daha da gücləndirmək, bu əsasda tədiyə balansı və ölkənin beynəlxalq ödəmə qabiliyyətinin strateji dayanıqlığını təmin etmək məqsədi daşıyırdı. Dəfələrlə Mərkəzi Banki rəhbərliyi bu barədə açıqlama versə də, təəssüflər olsun ki, bundan nəticə çıxarılmadı. Əksinə ölkədə süni qiymət artımına rəvac verən qüvvələr bir qədər də irəli gedərək sözün həqiqi mənasında insanların cibinə girməyə başladılar. Ölkə daxilində istehsal edilən məhsullardan tutmuş Azərbaycana idxal olunan mallara qədər əksər ərzaq və qeyri-ərzaq məhsullarının qiymətlərini süni şəkildə artıran fürsətcil insanlar nədənsə onlara "dur" deyənin tapılacağını gözləmirdilər. Ancaq sadə vətəndaşlar, dövlətinə və dövlət başçısına hədsiz güvəni olan insanlar bunu gözləyirdi. Nəticədə gözlənilən baş verdi və hər zaman olduğu kimi Azərbaycan Prezidenti cənab İlham Əliyev bu dəfə də məsələyə şəxsən müdaxilə etməli oldu. Mingəçevirdə tikilib istifadəyə verilən yeni obyektlərin açılış mərasimində çıxış edən dövlət başçısı manatın məzənnəsi ilə bağlı yaranmış vəziyyətə aydınlıq gətirərkən sadə vətəndaşın ürəyində olan fikirləri dilə gətirdi. Prezident bildirirdi ki, "Regionda baş verən hadisələr və dünyada neftin qiymətinin aşağı düşməsi artıq müəyyən çətinliklərə gətirib çıxarır. Bu, birinci siqnal idi. Ondan sonra Mərkəzi Bankımız açıqlama verib ki, tədricən ilin sonuna qədər manatın məzənnəsi aşağı düşəcək. Bu da bir siqnal idi ki, insanlar buna hazır olsunlar. Ancaq ondan sonra biz gördük ki, müəyyən ajiotaj yarandı. Manatın məzənnəsində bir qədər dəyişiklik olan kimi, əhali puldəyişmə məntəqələrinə üz tutdu və kütləvi şəkildə dollar almağa başladı. Eyni zamanda, bəzi möhtəkirlər, natəmiz adamlar əsassız qazanc əldə etmək üçün bu vəziyyətdən istifadə ediblər. Belə olan halda bizim valyuta ehtiyatlarımız, Mərkəzi Bankın valyuta ehtiyatları azalmağa başlamışdır. Sadəcə bir rəqəmi sizə deyə bilərəm. Bir neçə gün ərzində hər gün bazardan minimum 500 milyon dollar alınırdı və əgər belə getsəydi, ilin axırına qədər Mərkəzi Bankın valyuta ehtiyatları kəskin şəkildə azala bilərdi. Belə olan halda qərar qəbul edildi ki, manat ucuzlaşsın". Prezident İlham Əliyev çıxışı zamanı süni qiymət artımına yol verən şəxslərin cəzalandırılacağını da açıq şəkildə söyləyib. Dövlət başçısının sözlərinə görə, bütün müvafiq qurumlara göstəriş verilib ki, süni qiymət artımına yol verilməsin: "Son illər ərzində ölkədə istehlak olunan əsas ərzaq məhsulları Azərbaycanda istehsal edilir. Belə olan halda bu məhsullarda heç bir bahalaşmadan söhbət gedə bilməz. Kim qiymətləri süni şəkildə artırırsa, dövlət tərəfindən öz cəzasını alacaq".
Prezident İlham Əliyev bu fikirlərlə əslində xalqın sözünü dilə gətirmiş oldu. Eyni zamanda dövlət başçısı üçün vətəndaş məmnunluğunun hər şeydən üstün olduğu bir daha təsdiqini tapdı. Ümumiyyətlə, dövlət başçısı prezident olduğu bu illər ərzində dəfələrlə anoloji addımlar ataraq vətəndaşların istək və arzularını dilə gətirib, xalqın sosial rifah halına mənfi təsir edə biləcək halların qarşısını qətiyyətlə alıb. Elə cari ilin ilk ayında Tarif Şurasının qərarı ilə neft məhsullarının qiymətlərinin artmasından ciddi narahatçılıq keçirən vətəndaşların bu narahatçılığını nəzərə alaraq Tarif Şurasının qərarının ləğvi barədə göstəriş verməsinin fonunda bunu görmək mümkündür. Məhz dövlət başçısının məlum göstərişindən sonra Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının "Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə" 12 yanvar 2015-ci il tarixli 1 nömrəli qərarı ləğv edildi.
Heç şübhəsiz ki, prezident İlham Əliyevin bu tapşırığı süni qiymət artımına rəvac verən qüvvələrdə məsuliyyət hissini artıracaq, onları xalqın cibinə girmək fikrindən daşındıracaq. Əks halda dövlət başçısının qeyd etdiyi kimi bu cür insanlar dövlətin müvafiq cəza tədbirləri ilə üzləşəcək.
Süleyman