Gürcü gəncləri də Xocalıya ədalət istədi
25 Fevral 2015 11:47 Siyasət"Xocalıya Ədalət " kampaniyası çərçivəsində Gürcüstanın Bolnisi şəhərində Xocalı qətliamının 23 ildönümü ilə bağlı anım tədbiri keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, tədbir Azərbaycanlıların Mədəniyyət Mərkəzinin Gənclər şöbəsinin dəstəyi, Bolnisi Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə baş tutub. Tədbirdə çıxış edən AMM-Gənclər şöbəsinin rəhbəri Nərgiz Əliyeva Heydər Əliyev Fondunun vitse prezidenti Leyla xanım Əliyevanın rəhbərlik etdiyi Xocalıya Ədalət beynəlxalq kampaniya haqqında məlumat verib. O qeyd etdi ki, məhz bu kampaniyanın uğurlu fəaliyyəti sayəsində Xocalı və Qarabağ həqiqətləri dünya ictimayyətinəçatdırıldı və bir neçə ölkə Xocalı qətliamını tanıyıb. Bu cür tədbirlər Gürcüstanda artıq neçə ildir ki, sistematik şəkildə keçirilir. Tədbirdə çıxış edən Bolnisi şəhər mədəniyyət şöbəsinin rəhbəri Koba Zigenti bu qətliamın insanlıq faciəsi olduğunu vurğulayıb. "Gürcü xalqı bu hadisələri təhsüf hissi ilə anır, biz də ərazi bütövlüyümüzü itirmiş xalqıq, minlərlə məcburi köçkün öz yurdlarından uzaq qalıbdır. İnanırıq ki, dünya ictimayyəti bu hadisələri görüb hüquqi qiymət verəcəkdir". Tədbirdə azərbaycan və gürcü ziyalıları çıxış edərək Xocalıya ədalətin birqərar olacağına əminlik duyduqlarını qeyd edib. Tədbirdə iştirak edən çoxsaylı gürcü gəncləri Xocalıya ədalət imzatoplama aksiyasına qoşularaq Azərbaycan gənclərilə həmfikir olduqlarını qeyd edib dünyada sülhün tərəfdarları olduğunu bildiriblər.