Həmsədrlərinin işğalçı komandanlıq nümayəndələrinə legitimlik vermək cəhdi yolverilməzdir

ATƏT Minsk qrupunun həmsədrləri yenidən Azərbaycana qarşı diplomatiл səhvə yol verdilər. "OLAYLAR"-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən millət vəkili Aydın Mirzəzadə qeyd edib ki, həmsədrlər ATƏT-in rəsmi saytında fevral ayının 16-19-da Azərbaycan və Ermənistana səfərləri ilə bağlı press-reliz yayıblar: "Diqqəti cəlb edən bəyanatın mətnində həmsədr ölkələrin nümyəndələrinin Azərbaycanla bağlı kobud səhvə yol vermələridir. Bəyanatın mətnində "Dağlıq Qarabağın faktiki rəhbərləri ilə görüş keçirdikləri" bildirilir". Millət vəkili bildirib ki, həmsədr ölkələr olan ABŞ, Fransa və Rusiya Azərbaycanın ərazi bütövlüyünü tanıyırlar və onların vasitəçiliyi Azərbaycanın işğal edilmiş ərazilərindən Ermənistan qoşunlarının çıxarılmasından ibarətdir: "Dağlıq Qarabağ adlanan tarixi Azərbaycan coğrafi ərazisi Ermənistan tərəfindən işğal edilmiş ərazinin cəmi üçdə birini təşkil eilir. Azərbaycanın nəzarətindən kənarda olan ərazidə hakimiyyət yox, Ermənistan işğalçı qüvvələrinin nümayəndələri var". Millət vəkili deyib ki, ATƏT Minsk qrupu həmsədrlərinin işğalçı komandanlıq nümayəndələrinə legitimlik vermək cəhdi yolverilməzdir və bu diplomatik səhv aradan qaldırılmalıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00