Mən Xətaidən yanayam
20 Fevral 2015 16:41 SiyasətMəşədi Cəfər
O gün sinif yoldaşlarımdan biri ilə mübahisə edirdim, söhbət Xətaidən (o da kəndçimizdi) düşdü. Sinif yoldaşım imkanlıdı. Xətai kasıbdı. Hansısa şəbəkə biznesində yaxşı pul qazanmış, özü də məmur olan sinif yoldaşım Xətaini sərt tənqid elədi. Özləri sümük qohumudurlar. Mənim yerimə kim olsaydı, deyərdi, əşi, nəyimə lazım, qohumdular, özləri bilər. Ancaq söhbət həm də ictimai mahiyyət daşıdığından mən Xətaini müdafiə etdim. Onu deyim ki, Xətai bizdən 7-8 yaş böyükdür. Xalq hərəkatının ön sıralarında olanda, "Azadlıq" meydanında mitinqdə iştirak edəndə, biz Vandamı, Brüs Lini kumir seçən yeniyetmələr idik. Sinif yoldaşımın atası da məmur idi. Hər quruluşa öyrəşən, yeni gələn hər hakimiyyətə uyğunlaşan atası onu da ( biz ona Asif deyək, onsuz da Xətai də şərti addır-M.C) sadə azərbaycanlının düşüncəsinə görə, "ağıllı" böyütmüşdü. O, heç zaman xalq hərəkatını, AXC-ni dəstəkləmədi. Kim güclü idisə, onun yanında oldu. Yeniyetməliyində belə Tərbiz həsrətindən, Turan sevdasından danışmadı. Əvəzində məktəbi qurtardığının ikinci ili-birinci ili kəsilmişdi-ali məktəbə daxil oldu, pullu fakültədə oxudu, univeristeti bitirib Rusiyaya getdi, orda alverlə məşğul oldu, sonra hüquq-mühafizə orqanlarına işə düzəldi. Rusiyada rütbə aldı. Çeçenistanda qulluq etdiyinə görə vaxtından öncə rütbəsini alıb vətənə qayıtdı. İndi məmur işləyir. Yaxın tanış-tunuşunu şəbəkə biznesinə qoşub xeyli pul qazandı. Hə, onu da deyim ki, sinif yoldaşlarımızın əksəriyyəti Asifin əlindən zara gəlib. Hamıya telefon açıb, "gəl, şəbəkə biznesinə qoşul, pul qazan" təklifini edir. Təklifi adətən bu cür edilir: "Məni neçə ildir tanıyırsan? 30 ildir. Mən sənə aldadar, sənin pisini istəyərəm, yox! Onda gəl, qoşul" . Qoşulanlar, qəzet oxuyanlar yaxşı bilir ki, bu şəbəklə biznesi fırıldaq bir şeydir. Bir qrup qazanır, böyük ümidlərlə bura qoşulanlar müflis olur, əlində olanı da itirir. Deməli, bu adamın Xətai haqqında mənfi rəyə gəlməsi də elə ikincinin şəbəkə biznesinə qoşulmaması üstündə olub. Xətai nə qədər kasıb ol sa da, demokratik düçərgədə, mediada adı-sanı var. İctimai rəydə fırıldaq olaraq bilinən şəbəkə biznesinə qoşulmaz. Asif israr edib, Xətai də axırda dözməyib deyib ki, mənim dost-tanışım deputatdır, media kapitanıdır, yazıçı-şairdir. Telefonumda 700 adamın nömrəsi var. Nə olsun ki, sənin rütbən, pulun var. Mənim tayım deyilsən... Əslində Xətai burada bir az yekəxanalıq edib. Gərək belə deməyəydi. Hər kəsin dəyəri mənim aləmimdə ailsinə, yaşadığı yerə, elinə-obasına, cəmiyyətə faydası ilə ölçülür. Nə olar ki, adamın deputat dostu-tanışı olanda? Asifi özündən çıxaran Xətainin "mənim babamın atası 1918-ci ildə Bakıya qardaş yardımına gələn Nuru Paşanın ordusunda xidmət edib", "Mən Xalq Hərəkatının öncüllərindən olmuşam", "Oğlum Türkiyə universitetində oxuyur" fikirləri olub. Xətainin keçmişindən az danışdım axı. Deməli, Xətainin bizim kəndimizdə hamı tanıyır. Elə ölkə çapında da pis tanınmır. Bu yaxınlara qədər sədri deputat olan partiyalardan birinin sədr müavini idi. Siyasi oyunları o qədər yaxşı bilməsə də, təşkilati işləri, seçki məsələlərini yaxşı bilir. Gəncliyi meydanlarda keçib. "Biz türkük", "Azərbaycan demokratik dövlət olmalıdır", "Azərbaycan birləşməlidir" sözlərini ilk olaraq ondan eşitmişdik. Elçibəy kimdi, Etibar kimdi, "Çənlibel" nədi, hamısını bizə o demişdi. Ancaq bu adamın hamı kimi çatışmayan cəhəti çox idi. Elə yəqin ki, indi də elədir. Yalançı, sözünün üstündə durmayan idi. Bir dəfə siniflərinin uşaqları, qızlı-oğlanlı hamı dərsdən qaçıb, təşkilatçı da bizim Xətai. Hamı evlərinə dağılışandan sonra Xətai məktəbə qayıdıb, sinfi rəhbərinə deyib ki, bəs, hamı qaçıb, mən qalmışam. Bu xarakteri sonrakı hərəkətlərində də üzə çıxırdı. Tay-tuşlarının hamısını "Vətən əldən gedir", "Millətimizin namusu uğrunda müharibəyə getmək lazımdır" təbliğatı ilə savaşa göndərir, özü isə Bakıya qayıdırdı. Ancaq bütün səy və cəhdlərinə baxmayaraq nə AXC hökuməti dövründə vəzifə ala bildi, nə də sonrakı siyasi oyunlarda mandat. Xalq hərəkatından siyasətə gələnlərin əksəriyyəti kimi yerinə saydı. Əslində Asifi qəzəbləndirən də budur. Açıq deməsə də, ürəyində Xətaini asıb-kəsir ki, sən axı düz-əməlli mövqe tutsaydın, biz qohumları da irəli aparardın. Bunu deyə bilmir, əvəzində acığını başqa formada çıxarır: -Nə olsun, xalq hərəkatında olmusan, özünə gün ağlamamısan, işə piyada gedib-gəlirsən. Oğlunla fəxr edirsən, ancaq o, tətildə Türkiyədən Bakıya qayıdanda qaldığın kirayə evə gəlir...
Xarakterində nə qədər çatışmazlıq olsa da, mən işə piyada gedib-gələn, kirayədə qalan, düz-əməlli işi olmayan, özünə gün ağlaya bilməmiş Xətaini üstün tuturam. Çünki o gəncliyi meydanlarda keçib. Onu meydanlara aparan qazanmaq istəyi deyildi, millətin dərdləri idi. O zaman meydana çıxan gənclər onları nə gözlədiyini bilmirdi. Xaqani də digər şəhidlər kimi həyatını, sağlamlğını itirə bilərdi. Bu gün Xətainin ən böyük qazancı öz gücünə Türkiyədə universitetə daxil olmuş oğludu. Ola bilər ki, Xətai uğrunda savaşdığı müstəqilliyin bəhrəsini görmədi, ancaq oğlu, qızı görəcək. Asifə gəlincə, o heç zaman müqəddəs amallar uğrunda savaşmadı. Rütbəni belə qutsal savaşa-çeçen milli azadlıq hərəkatında qarşı Rusiyanın yanında yer almaqla qazandı. Bu gün də öz zəngin həyatını insanları aldatmaqla qurub. Mən azadlıq carçısı, istiqlal aşiqi olan bir mirzə kimi Səbuhinin tərəfini tutdum. Yuxarıda yazdıqlarımı düz Asifi gözünün içinə dedim. Asif məndən çox incidi. Təbiətcə mülayim adam olaraq kimisə incitməməyə çalışıram. Bir adamı təsadüfən ağzımdan çıxan sözlə, etdiyim hərəkətlə incidəndə 2 gün özümə gələ bilmirəm. Ancaq bu dəfə çox rahat hiss etdim özümü. Mən düzmü etdim?