MDB ölkələri Zəngəzura TOPLAŞIR – Bakı da qoşulacaqmı…
26 Fevral 13:26 SərgilərErmənistanın təhsil, elm və texnologiya naziri Janna Andreasyan Qazaxıstanın bu ölkədəki səfiri Bolat İmanbayevi qəbul edib.
Musavat.com-un erməni mediasına istinadla verdiyi xəbərə görə, görüşdə ikitərəfli əlaqələr müzakirə olunub.
Diqqət çəkən məlumat isə budur ki, Zəngəzurda MDB toplantısı keçiriləcək. Nazir səfirə məlumat verib ki, yazda Ermənistanın iki şəhərində - "Mehri - MDB-nin mədəniyyət paytaxtı" və "Qafan - MDB gənclər paytaxtı"nda tədbirlər planlaşdırılır. Bu tədbirlərdə Qazaxıstanın da iştirakı gözlənilir. Təbii ki, Azərbaycan istisna, MDB-yə üzv olan digər ölkələrin də tədbirdə iştirakı nəzərdə tutulub. Azərbaycanla Ermənistan rəsmiləri arasında hər iki ölkənin ərazisində təmaslar olub, vətəndaş cəmiyyəti səviyyəsində qarşılıqlı səfərlər təşkil edilib. Lakin MDB platformasında belə bir tədbirdə iştirak çətin ki reallaşsın.
Qeyd edək ki, fevralın 18 və 19-da MDB üzv dövlətlərinin sərhədyanı cinayətkarlıqla mübarizə, eləcə də sərhəd təhlükəsizliyi məsələləri üzrə əsasnamə layihələrini yekunlaşdırmaq üçün ekspert qrupunun iclası keçirilib. İclasda Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Sərhəd Qoşunları Komandanları Şurasının Koordinasiya Xidməti və MDB İcraiyyə Komitəsinin nümayəndələri iştirak ediblər. Azərbaycan isə nə birbaşa, nə onlayn fotmatda müzakirələrə qatılıb. Təbii ki, bu da Azərbaycan-Rusiya münasibətlərinin soyuqluğundna irəli gəlib. Hər halda, həm bu səbəbdən, həm də Ermənistan ərazisində keçiriləcəyi üçün Azərbaycanın həmin tədbirdə iştirak edəcəyi gözlənilmir.
Yada salaq ki, Müstəqil Dövlətlər Birliyi 8 dekabr 1991-ci ildə SSRİ-nin dağılmasının labüdlüyünə əmin olan Rusiya, Ukrayna və Belarusun rəhbərləri - B.Yeltsin, L.Kravçuk və S.Şuşkeviç tərəfindən imzalanan "Belovejsk sazişi" əsasında qurulub. Azərbaycan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Türkmənistan, Özbəkistan 21 dekabr 1991-ci ildə Alma-Atada Rusiya, Ukrayna və Belarusla birlikdə MDB-yə qoşulmaq haqqında razılığa gəlib. 1993-cü ilin oktyabrında MDB-yə üzv qəbul edilən Gürcüstan 2008-ci ilin avqust ayında Rusiya ordusunun Gürcüstana daxil olmasından sonra həmin qurumun üzvlüyündən çıxıb. Türkmənistan 2005-ci ildən MDB-də müşahidəçi kimi fəaliyyət göstərir. Ukrayna isə 2014-cü ilin martında Rusiya ordusunun Krıma daxil olmasından sonra həmin qurumu tərk edib