İranda zorakı hakimiyyət dəyişikliyi qlobal fəlakətə yol aça bilər- ÖZƏL
13:45 SərgilərTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın hakim alyans üzrə müttəfiqi, Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Devlet Baxçeli ABŞ-nin İrana mümkün hərbi müdaxiləsinin və hakimiyyətin zorakı yolla dəyişdirilməsinin bütün dünya üçün dağıdıcı nəticələrə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib. Olaylar.az xəbər verir ki, Baxçeli Türkiyə Böyük Millət Məclisində çıxışı zamanı bildirib ki, ABŞ-nin güc tətbiqinə əsaslanan müdaxilə siyasəti artıq müstəqil dövlətlərin suveren bərabərliyini sual altına alacaq həddə çatıb. Onun sözlərinə görə, İsrailin təhriki ilə ABŞ-nin İrana qarşı hərbi əməliyyat ehtimalı yalnız İran və region üçün deyil, qlobal miqyasda da ciddi təhlükə yaradır.
"Venesueladan sonra İrana qarşı mümkün hərbi əməliyyat bütün dünyaya dağıdıcı təsir göstərəcək fundamental təhlükədir", - deyə MHP lideri vurğulayıb.
Baxçeli qeyd edib ki, İranda guya "mülayim", əslində isə "marionet" rəhbərliyin zor gücü ilə hakimiyyətə gətirilməsi son dərəcə ağır nəticələr doğura bilər. O, belə bir ssenarini "açıq şəkildə fəlakətə dəvət" adlandırıb.
"ABŞ-nin İrana hücumu imperialist vandalizmin qəbuledilməz nümunəsi olar. Heç bir ölkənin buna haqqı və səlahiyyəti yoxdur. İrana qarşı hərbi əməliyyatlar nəzarətdən çıxan problemlər zəncirini işə sala bilər. İranın Rusiya-Ukrayna münaqişəsindən sonra müharibəyə cəlb olunması qlobal miqyasda qorxulu ssenarilərin gerçəyə çevrilməsi deməkdir", - deyə Baxçeli bildirib.
MHP sədri vurğulayıb ki, İrana zorla qəbul etdiriləcək istənilən marionet hakimiyyət qeyri-qanuni və qeyri-əxlaqi olacaq. Onun fikrincə, hər bir suveren dövlətin gələcəyini yalnız öz xalqının iradəsi müəyyən edə bilər.
"İranın və digər müstəqil dövlətlərin taleyini müəyyən edəcək yeganə güc xalqların ləyaqəti və iradəsidir. Regionumuz daha bir müharibəyə tab gətirə bilməz", - deyə Devlet Baxçeli çıxışını yekunlaşdırıb.