İstanbulda Atatürk Mədəniyyət Mərkəzində azərbaycanlı rəssam Eldəniz Babayevin “Zafer müjdesi” adlı fərdi sərgisinin açılışı olub - FOTO

Cari il 27 iyun tarixində İstanbuldakı Atatürk Mədəniyyət Mərkəzində azərbaycanlı rəssam Eldəniz Babayevin "Zafer müjdesi" fərdi sərgisinin açılışı olub. 
Tədbir Azərbaycanın İstanbuldakı Baş Konsulluğu, Türkiyə Mədəniyyət və Turizm Nazirliyi, TÜRKSOY, Türkiyədəki Səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi, Azərbaycandakı Atatürk Mərkəzi, Azərbaycan Rəssamlar Birliyi, Bakı Rəsm Qalereyası, "Yeni Gallery" Bakı Sənət Mərkəzi və "Azərbaycan Hava Yolları" QSC-nin dəstəyi ilə keçirilib.
Tədbirdə İstanbuldakı dövlət nümayəndələri, müxtəlif bələdiyyələrin rəhbərliyi, ictimaiyyət təmsilçiləri, mədəniyyət, incəsənət xadimləri, yerli azərbaycanlılar, jurnalistlər iştirak ediblər. 
Tədbiri giriş sözü ilə açan Azərbaycanın İstanbuldakı Baş Konsulu Nərminə Mustafayeva Azərbaycanın müstəqilliyinin 105-ci, Türkiyənin istiqlaliyyətinin 100, Ulu Öndər Heydər Əliyevin doğumunun 100 illiyinə həsr olunmuş sərginin Türkiyədə də təqdim olunmasının əhəmiyyətli olduğunu qeyd edərək, Azərbaycan-Türkiyə qardaşlığı, dövlətlərimiz arasında strateji əməkdaşlıq barədə danışıb. Baş konsul sərginin mövzusunun Türkiyədə də maraqla qarşılandığını, Azərbaycanın 44 günlük Vətən müharibəsində Türkiyənin mənəvi dəstəyini vurğulayaraq, əldə edilən zəfərin nümayiş etdirilən rəsm əsərlərində öz əksini tapdığını vurğulayıb. 
Çıxış edən Atatürk Mədəniyyət Mərkəzinin rəhbəri Zeki Eraslan, TÜRKSOY baş katibinin müavini Sait Yusuf Azərbaycan mədəniyyətinə Türkiyədə daim böyük maraq olduğunu və dünya mədəniyyətinə böyük töhfələr verdiyini bildirərək, rəssamlıq sənətinin qrafika janrında yaradılmış bu unikal əsərlərin böyük tarixi şəxsiyyətlərimiz, Ulu Öndərlər Mustafa Kamal Atatürk, Heydər Əliyev, habelə ibaşqa sərkərdələr, ədəbiyyat simalarının portretləri gənclərəmizə milli vətənpərvərlik hisslərini aşılamaqla yanaşı, onların irsinə mühüm töhfə olduğunu qeyd ediblər. 
Türkiyədəki Səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Ulu Öndər Heydər Əliyevin bir millət, iki dövlət adlandırdığı Azərbaycan-Türkiyə arasında bütün sahələrdə olduğu kimi mədəniyyət sahəsində də əməkdaşlığın genişləndiyini, Prezident İlham Əliyevin Sərəncamı ilə Türkiyədə Səfirliyimizin nəzdində Azərbaycan Mədəniyyət Mərkəzinin yaradıldığını qeyd edib. Samir Abbasov hər bir xalqın dünyada öz mədəniyyəti və sənəti ilə tanındığını vurğulayaraq,  mədəniyyətin  inkişaf etmiş sahəsi olan rəssamlıq sənəti ilə Azərbaycan xalqının haqlı olaraq fəxr etməli olduğunu bildirib. O, rəssamlarımızın dünya incəsənətinə böyük töhfələr verdiyini, Azərbaycan rəssamlıq məktəbinin yetişdirdiyi məşhur nümayəndələrin əsərlərinin dünya incəsənətinin inciləri sırasına daxil edildiyini söyləyib. 
Diplomat Azərbaycan-Türkiyə qardaşlığı, zəfərimizə həsr olunmuş sərgi haqqında danışaraq, rəssam Eldəniz Babayevin bir qələmlə yaratdığı unikal rəsmlərdə tarixi şəxsiyyətlərimizin obrazları, onların iç dünyaları da mükəmməl şəkildə yaradıldığını, rəssamın Türk dünyasına olan böyük sevgisinin hiss olunduğunu qeyd edib.
Çıxış edən Türkiyə Böyük Millət Məclisinin millət vəkili, Türkiyə-Azərbaycan Dostluq Qrupunun rəhbəri Şamil Ayrım, Azərbaycan Xalq rəssamı Arif Hüseynov Azərbaycan-Türkiyə dostluğu haqqında danışaraq, Eldəniz Babayev əsərlərində yüksək professionallıq və sənətinə olan dərin bağlılığın hiss olunduğunu, onun əsərlərinin təkrarsızılığı, rəssamlıq, qrafika sənətində özünəməxsus xüsusiyyətlərini qeyd ediblər. 
Sonda rəssam Eldəniz Babayev çıxış edərək keçirilən sərgidə nümayiş etdirilən əsərlər haqqında danışıb, Azərbaycan və Türkiyə dövlətlərinin qurucuları, tarixi şəxsiyyətlərimiz, habelə 44 günlük Vətən müharibəsində qazanılan zəfərə dair əsərlər yaratdığı üçün xoşbəxt olduğunu və bu möhtəşəm sərgiyə dəstək göstərdikləri üçün Azərbaycan və Türkiyənin müvafiq qurumlarına öz təşəkkürünü bildirib. 
Açılış mərasimində Ulu Öndər Heydər Əliyevin incəsənətə, rəssamlıq sənətinə qayğısından bəhs edən video material nümayiş etdirilib. 
Tədbirdə Səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin təşkil etdiyi bədii proqram təqdim olunub. Mərkəzin nəzdindəki "Xəzər" Azərbaycan Xalq Rəqsləri Ansamblının üzvləri "Sarı gəlin", "Naz eləmə" milli rəqslərimizi ifa etmiş, müğənni Vüsalə Əsgərova milli musiqilərimizi ifa ediblər. "Zafer müjdesi" adlı sərgi çərçivəsində rəssamın həyat və yaradıcılığını, ictimai və maarifçilik fəaliyyətinə həsr olunmuş kitab- kataloq təqdim olunub. 
Qeyd edək ki, sərgidə Azərbaycan və Türkiyə dövlətlərinin qurucuları, tarixi şəxsiyyətlərimiz, habelə 44 günlük Vətən müharibəsində qazanılan zəfər, xalqımızın məişəti, adət-ənənələri və mədəniyyətini əks etdirən ümumilikdə 80-ə yaxın qrafika və rəngkarlıq işi nümayiş etdirilir. 
Sərgi Atatürk Mədəniyyət Mərkəzində iyul ayının 5-ə kimi fəaliyyət göstərəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31