Malayziyada azərbaycanlı rəssamların əsərlərindən ibarət sərgi keçirilir
11 May 2023 14:29 SərgilərAzərbaycan Respublikasının Malayziyadakı Səfirliyinin və "Dirçəliş" Gənclərin Sosial-Psixoloji Reabilitasiya Mərkəzinin birgə təşkilatçılığı ilə Kuala Lumpur şəhərində Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə, həmçinin Azərbaycan-Malayziya arasında diplomatik münasibətlərin yaradılmasının 30-cu ildönümünə həsr edilmiş azərbaycanlı rəssamların əsərlərindən ibarət sərginin açılışı olub. Bu barədə "Olaylar"a məlumat verən millət vəkili Vüqar Bayramovun sözlərinə görə, sərgiyə Malayziyanın nüfuzlu incəsənət mərkəzlərindən biri olan "KL City Art" qalereyası ev sahibliyi edir: "KL City Art" qalereyasının direktoru Maizon Omarun moderatorluğu ilə keçirilən açılış mərasimində Azərbaycanın Malayziyadakı səfiri İrfan Davudov, Malayziya Parlamentinin üzvü Zahir Bin Hassan və "Dirçəliş" mərkəzinin direktoru İslam Baxşəliyev ilə birlikdə çıxışımızda bu əlamətdar gün ilə bağlı təəssüratlarımızı bölüşdük. Rəsmi hissədən sonra qonaqlar azərbaycanlı rəngkarlıq ustalarının əsərlərinə baxış keçiriblər. Qeyd edək ki, sərgidə tematik olaraq, "Şuşa qalası", "Xarı bülbül", Azərbaycan çalğı alətləri kimi milli mövzularla yanaşı, universal dəyərləri, təbiət gözəlliyini, eləcə də sadə insan həyatını özündə əks etdirən 36 ədəd tablo nümayiş olunur. Malayziya ictimaiyyətinin, o cümlədən yerli sənətsevərlər böyük maraq göstərdiyi sərgi 16 may tarixində qədər davam edəcək".