Nikoldan Putinə qarşı inanılmaz gedişlər

Ermənistan baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyanın tərəfdarları Rusiya əleyhinə ritorikanı davam etdirirlər. Paşinyan artıq inqilabdan əvvəlki alovlu çıxışlarında olduğu kimi ölkənin Avrasiya İqtisadi Birliyindən çıxması barədə danışmağı dayandırsa da, tərəfdarları prosesi davam etdirirlər.

Məsələyə münasibət bildirən erməni politoloq Vigen Akopyan İrəvanda bu ritorikadan uzun illərdir məharətlə istifadə olunduğunu qeyd edib.

"Əlbəttə, bütün bunlar Ermənistandakı seçkilərdə də özünü göstərəcək. Paşinyan özü də Yelk Blokundan çıxıb. Bu blokun Rusiya ilə olan bütün inteqrasiya layihələrindən, AİB-dən çıxmaqla bağlı təklif etdiyi qanun layihələri yaxşı xatırlanır. Ancaq Paşinyan baş nazir olduqdan sonra Ermənistanın ixracının artması fonunda (AİB-də iştirak sayəsində) artıq bu mövqedən çıxış etməyəcəyini bildirib. O, AİB tərəfdarıdır, onun həmkarları isə öz əvvəlki işlərinə davam edirlər", - politoloq bildirib.

Paşinyanın oynadığı məkrli siyasi oyunun daha bir təcəssümü Sasna Çrerin timsalında üzə çıxıb. Belə ki, Rusiya ilə bağlı fikirləri "dəyişən" Paşinyan radikallardan ibarət Sasna Çrerin rəhbəri Jirayr Səfilyana elə ötən gün vətəndaşlıq verilməsi barədə sənədləri imzaladığını açıqlayıb. Paşinyanın vətəndaşlıq verdiyi, Qarabağda onlarla günahsızı qətlə yetirən əliqanlı qatil, Livan ermənisi Səfilyan isə bu hadisədən cəmi bir gün öncə öz partiyasının seçki proqramını bu cür açıqlamışdı:

"Rusiya ilə müqavilələrin pozulması erməni ekstremist partiyası - Sasna Çrerin proqramının tərkib hissəsidir".

Partiyanın proqramı ölkənin MDB, Rusiya ilə birgə təşkilatlardan çıxmasını nəzərdə tutur. Bununla yanaşı, Sasna Çrer həmçinin Rusiya bazasının Ermənistandan çıxarılmasında da təkid edir. Səfilyanın fikrincə, Rusiya ümumiyyətlə, Qafqaz regionundan çıxarılmalı və Ermənistanın yeni strateji müttəfiqi ABŞ olmalıdır.

Göründüyü kimi, Paşinyan bir tərəfdən Putinə "sədaqət andını" dava etdirir, digər tərəfdən isə Rusiyanı birmənalı düşmən edən komandasının açıqlamalarını körükləyir, üstəlik, Moskvaya qarşı ən sərt və radikal mövqe sərgiləyən şəxsləri vətəndaşlığa qəbul etməklə, onların siyasi proseslərdə iştirakına şərait yaradır.

Əlbəttə, Rusiya siyasi intellektinin bunları müşahidə etməməsi mümkünsüzdür. Ona görə də yaxın gələcəkdə Rusiya-Ermənistan münasibətlərində daha gərgin notları müşahidə edə bilərik.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31