ABŞ-ın maliyyə naziri: "İrandan neft idxal edən ölkələrə güzəştlər asan olmayacaq"

İrandan neft idxal edən ölkələrə güzəştlər asan olmayacaq.

Bu barədə ABŞ-ın maliyyə naziri Stiven Mnuçin deyib.

O bildirib ki, İrandan neft idxal edən ölkələrin ABŞ-ın bu ölkəyə qarşı sanksiyalarından azad olmaları Obama administrasiyası dövründəkindən daha çətin olacaq.

İrana qarşı tətbiq olunacaq sanksiyalardan ötəri neftin qiymətinin artacağı ilə əlaqədar narahatlıqların əsassız olduğunu deyən S.Mnuçin qeyd edib: "Bazar İranın neft ixracındakı azalmanı hazırkı qiymətə əks etdirir. Neftin qiyməti artmaqdadır. Fikrimcə, neft bazarı İranın tədarükündəki azalmanı nəzərə alır".

Nazir noyabrda İranın neft ixracının tamamilə dayanacağını gözləmədiklərini, lakin gec-tez ixracın sıfıra enəcəyini vurğulayıb.

Qeyd edək ki, ABŞ noyabrın 4-dən etibarən İranın milli neft-qaz şirkətlərinə beynəlxalq məhdudiyyətlər qoyacaq, neft və qaz satışına sanksiyalar tətbiq edəcək.

AZƏRTAC

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31