Türkiyənin meqa-layihələri Orta Dəhlizə necə təsir edəcək? – ŞƏRH ÖZƏL

Türkiyə regionun logistika xəritəsini yenidən cızaraq tarixi Hicaz Dəmir Yolunu Səudiyyə Ərəbistanı üzərindən Omana qədər uzatmağı və İraqla "İnkişaf Yolu" layihəsini reallaşdırmağı planlaşdırır. 

Maraqlıdır, Hicaz Dəmir Yolu və "İnkişaf Yolu" layihələri mövcud beynəlxalq nəqliyyat marşrutlarına, o cümlədən Orta Dəhlizə hansı təsirləri göstərə bilər?

"Düşünürəm ki, burada Türkiyənin əsas məqsədi Körfəz ölkələrinin yalnız Hörmüz boğazından deyil, ümumilikdə dəniz nəqliyyatından və limanlarından asılılığını azaltmaq, eyni zamanda Türkiyəni Asiya, Avropa və Körfəz regionu arasında daha mühüm tranzit mərkəzinə çevirməkdir".

Bu fikirləri Olaylar.az-a açıqlamasında iqtisadçı ekspert Eldəniz Əmirov deyib. İqtisadçı bildirib ki, bu baxımdan, Türkiyənin Hicaz dəmir yolunu bərpa edərək Oman istiqamətinə qədər uzatmaq təşəbbüsü sadəcə bir nəqliyyat dəhlizi yaratmaq məqsədi daşımır. Bu layihə regionda yeni geoiqtisadi xəritənin formalaşdırılması istiqamətində atılmış mühüm addım kimi qiymətləndirilə bilər. Türkiyənin Nəqliyyat Nazirliyi də dəfələrlə bəyan edib ki, sözügedən xətt Hörmüz boğazına alternativ marşrutlardan biri kimi nəzərdə tutulur.

"İnkişaf Yolu layihəsinə gəldikdə isə, hesab edirəm ki, bu layihə həmin strategiyanın ikinci əsas dayaqlarından biri hesab oluna bilər. Çünki İraqın limanlarından Türkiyə sərhədinə qədər uzanan dəmir yolu və avtomobil yolu bağlantısının yaradılması nəzərdə tutulur. Layihənin maliyyə dəyəri kifayət qədər yüksəkdir. İlkin hesablamalara görə, təxminən 17 milyard dollar həcmində investisiyaya ehtiyac var. Bu vəsaitin təmin olunması və layihənin reallaşması üçün Türkiyə, İraq, Qətər və Birləşmiş Ərəb Əmirlikləri üzərlərinə düşən maliyyə öhdəliklərini yerinə yetirməli, eyni zamanda layihə planına uyğun olaraq texniki və təşkilati tədbirləri həyata keçirməlidirlər. Yalnız bundan sonra layihənin tam şəkildə reallaşdırılması mümkün olacaq", - deyə ekspert vurğulayıb.

İqtisadçının fikrincə, onlar hansısa formada Orta Dəhlizə rəqib deyillər. Əksinə, bu təşəbbüslər Orta Dəhlizin müəyyən hissələrini tamamlayan funksiyaya malikdir. Xüsusilə də Orta Dəhlizin cənub-şərq istiqamətinə aid olan seqmentlər üçün əlavə imkanlar yaradır. Mahiyyət etibarilə, bu layihələr Xəzər dənizinin qərb hissəsində, yəni Azərbaycandan Türkiyə istiqamətinə uzanan marşrutlarda yük axınının artmasına səbəb ola bilər. Xəzərin şərq hissəsində isə Orta Dəhliz tamamilə fərqli istiqamətdə fəaliyyət göstərir və Mərkəzi Asiya ilə Çin istiqamətini əhatə edir. Bu baxımdan Yaxın Şərq istiqamətində nəzərdə tutulan həm Hicaz dəmir yolu, həm də İnkişaf Yolu layihəsi Orta Dəhlizin alternativi deyil. Əksinə, onlar müəyyən mənada Orta Dəhlizin inkişafına əlavə töhfə verə bilərlər.

"Türkiyə üzərindən baxdıqda bu layihələr həm Xəzərin şərqindən gələn, həm də Xəzərin qərbində yerləşən logistika marşrutları ilə əlaqələnə bilir. Bu isə Türkiyənin regional nəqliyyat qovşağı kimi əhəmiyyətini artırmaqla yanaşı, Orta Dəhlizin müxtəlif seqmentlərinin bir-birini tamamlamasına da şərait yaradır. Ona görə də bu layihələri rəqabət elementi kimi deyil, daha çox qarşılıqlı tamamlayıcı nəqliyyat və logistika şəbəkələrinin formalaşması prosesi kimi qiymətləndirmək daha doğru olar", - deyə E. Əmirov vurğulayıb.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31