Azərbaycan güclü sənaye mərkəzinə çevrilir
Ötən əsrin 70-80-ci illərindən başlayaraq Azərbaycanda genişmiqyaslı sənayeləşmə siyasəti həyata keçirilmiş, yüzlərlə sənaye müəssisəsi inşa edilmiş, bu sahədə güclü potensial yaradılmışdır. Bu müddət ərzində rəqabət qabiliyyətli müasir sənaye sahələrinin yaradılması, infrastruktur təminatının yaxşılaşdırılması istiqamətində çoxsaylı layihələr icra edilmiş, xeyli iş yerləri açılmış, ölkə sənayesi yeni inkişaf mərhələsinə qədəm qoymuşdur.
17 Sentyabr 2020 11:45 SənayeÖtən əsrin 70-80-ci illərindən başlayaraq Azərbaycanda genişmiqyaslı sənayeləşmə siyasəti həyata keçirilmiş, yüzlərlə sənaye müəssisəsi inşa edilmiş, bu sahədə güclü potensial yaradılmışdır. Bu müddət ərzində rəqabət qabiliyyətli müasir sənaye sahələrinin yaradılması, infrastruktur təminatının yaxşılaşdırılması istiqamətində çoxsaylı layihələr icra edilmiş, xeyli iş yerləri açılmış, ölkə sənayesi yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Milli Məclisin deputatı Anar Məmmədovun sözlərinə görə, iqtisadiyyatın şaxələndirilməsi siyasətinin nəticəsidir ki, son illərdə qeyri-neft sənayesinin artım tempi sənayenin neft sektorunun artım tempini üstələyib. Deputat bildirib ki, qarşıdakı illərdə də beynəlxalq miqyasda qlobal rəqabətin güclənməsi, ölkəmizin dinamik inkişafının davam etdirilməsi mövcud təbii-iqtisadi resurslara söykənən və yüksək əlavə dəyər yaradan sənaye sahələrinin inkişafının daha da sürətləndirilməsini zəruri edir: "Prezident İlham Əliyevin ölkəmizdə həyata keçirilən sənayeləşmə siyasəti nəticəsində son 17 ildə yüzlərlə müasir sənaye müəssisəsi, yeni sənaye sahələri yaradılıb, tələbatın ödənilməsində yerli məhsulların payı əhəmiyyətli dərəcədə artıb, ixracın həcmi yüksəlib. Burada əsas məqsəd tələbatın ödənilməsində yerli məhsulların payının artırılması, ixrac potensialının yüksəldilməsi, ümumilikdə neft-qaz amilindən asılılığın daha da azaldılmasıdır. Onu da xatırladım ki, bu illər ərzində sənaye sektorunda çalışmaq istəyənlərin maraqlarını gerçəkləşdirmək məqsədilə sənaye parklarının yaradılması da diqqət mərkəzində saxlanılıb. Artıq respublikada bir sıra ixtisaslaşan sənaye və texnologiyalar parklarının fəaliyyət göstərməsi bunun məntiqi nəticəsidir. Bu strategiyanın uğurlarını isə biz bu gün Sumqayıt Kimya Sənaye Parkının timsalında real rəqəmləri əks etdirən statistikada aydın şəkildə görə bilərik. Belə ki, 2019-cu ilin birinci yarım ili ərzində burada 258 milyon manatlıq məhsul istehsal edilmişdisə, 2020-ci ilin müvafiq dövründə 2 dəfə çox - 534 milyon manatlıq məhsul buraxılıb. İxrac isə 2019-cu ilin ilk 6 ayındakı rəqəmlə müqayisədə 1,5 dəfə artaraq 2020-ci ilin birinci yarısında 182 milyon manat təşkil edib. Strategiya özündə gələcəyə aydın baxışı və daimi inkişafı ehtiva edir". Anar Məmmədov bildirib ki, Sumqayıt Kimya Sənaye Parkının ümumi inkişaf tendensiyası isə yeniliklərə münasibətilə fərqlənir: "Elə nəzdində açılışı olan Peşə Təhsil Mərkəzini də bu xüsusda fərqləndirmək olar. Çünki ilk dəfədir ki, ölkədəki sənaye parkı ərazisində peşə təhsili müəssisəsi yaradılır, bununla da bir neçə strateji hədəfə nail olunur: tələbələrə müasir infrastruktura malik mərkəzdə dövrün tələbinə uyğun bacarıqlar və peşə vərdişləri aşılanacaq, təlim-tədris prosesində iştirak edəcək mütəxəssislər də parkın rezidentlərinin yüksəkixtisaslı işçilərindən olacaq. Öz növbəsində tələbələr də Sumqayıt Kimya Sənaye Parkının müəssisələrində təcrübə keçməklə, iş yeri əldə etmək imkanı qazanacaqlar. Bu isə o deməkdir ki, Azərbaycan hökumətinin yürütdüyü müasir iqtisadi siyasət düzgün və səmərəli həyata keçirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin daxili və xarici siyasətində daha böyük uğurlar qazanılması günümüzün reallığıdır.
Milli Məclisin deputatı Emin Hacıyev isə qeyd edib ki, Azərbaycan regionun enerji və nəqliyyat mərkəzindən əlavə, həm də güclü sənaye mərkəzinə çevrilir. Deputat diqqətə çatdırıb ki, "Biz daxili tələbatı nə qədər mümkünsə, yerli məhsullar hesabına təmin etməliyik". Cənab Prezident İlham Əliyevin Sumqayıt Kimya Sənaye Parkının nəzdində Peşə Təhsil Mərkəzinin açılışı zamanı səsləndirdiyi bu fikir hazırda qeyri-neft sənayemiz qarşısında duran vacib çağırışdır: "Son illər Azərbaycanda həyata keçirilən iqtisadi islahatların əsas məqsədi iqtisadiyyatın şaxələndirilməsinə, neftdən kənar sahələrin, xüsusən qeyri-neft sənayesinin inkişafına nail olmaqdır. Məqsəd daxili tələbatın ödənilməsində yerli məhsulların payının artırılması, ixrac potensialının yüksəldilməsi, ümumilikdə neft-qaz amilindən asılılığın daha da azaldılmasıdır. Cənab Prezident İlham Əliyevin uğurlu iqtisadi inkişaf strategiyasının əsas tərkib hissəsi olan sənayeləşmə siyasəti müsbət nəticələr verir. Artıq ölkəmizdə rəqabət qabiliyyətli müasir sənaye sahələrinin yaradılması, infrastruktur təminatının yaxşılaşdırılması ilə bağlı çoxsaylı layihələr icra edilib, xeyli iş yerləri açılıb, sənayemiz yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu gün qeyri-neft sənayesinin inkişafında sənaye parkları mühüm rol oynayır. Belə irimiqyaslı lahiyələrdən olan Sumqayıt Kimya Sənaye Parkı ölkədə innovativ və yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənaye istehsalının inkişafı üçün münbit şərait yaratmaq, bu sahədə sahibkarlığı dəstəkləmək, qeyri-neft sektorunun davamlı inkişafını təmin etmək və əhalinin istehsal sahəsində məşğulluğunu artırmaq məqsədi ilə cənab Prezidentin 2011-ci il 21 dekabr tarixli Fərmanı ilə yaradılıb. Cənubi Qafqazın ən böyük sənaye parkı olan, 508 hektar ərazidə yaradılan müəssisədə hazırda 24 rezident var. Burada müxtəlif çeşiddə kimya sənayesi, maşınqayırma, еlеktrоеnеrgеtikа, metallurgiya, yüngül sənaye, qablaşdırma məhsulları, həmçinin tikinti materialları istehsal olunur. Sənaye Parkında məhsul istehsalı və ixrac istiqamətində müsbət dinamika mövcuddur. 2019-cu ildə Sumqayıt Kimya Sənaye Parkında 823 milyon manatlıq məhsul istehsal edilib ki, bunun da 33 faizi ixrac olunub. 2020-ci ilin ilk 6 ayı ərzində 534 milyon manatlıq məhsul istehsalı ilə Sumqayıt Kimya Sənaye Parkının ölkə sənayesinin qeyri-neft sektorunda xüsusi çəkisi 9,3 faiz olub, 182 milyon manatlıq ixracla ölkə üzrə qeyri-neft sənaye məhsullarının ixracının 20 faizini təşkil edib". Emin Hacıyev deyib ki, burada investisiya yatırımı üçün olduqca cəlbedici şərait təmin olunub: "Belə ki, Sənaye Parkının rezidentləri qeydiyyata alındıqları tarixdən 10 il müddətinə əmlak, torpaq, gəlir və ya mənfəət vergisindən azad olunur. Həmçinin rezidentlər istehsal məqsədilə idxal etdikləri texnika, texnoloji avadanlıqlar və qurğuların idxalı zamanı Əlavə Dəyər Vergisindən və 7 il müddətinə gömrük rüsumlarından azaddır. Sənaye parklarında dövlət vəsaitləri hesabına müasir infrastruktur yaradılması isə sahibkarların vəsaitlərini investisiya qoyuluşuna yönəltməsinə imkan verir. İndiyədək Sumqayıt Kimya Sənaye Parkının rezidentləri tərəfindən 2,9 milyard dollar həcmində investisiya yatırılıb və növbəti mərhələdə daha 245 milyon dollardan çox investisiyanın yatırılması planlaşdırılır. Hazırda Sumqayıt Kimya Sənaye Parkında 5500-dən çox insan daimi işlə təmin olunub və gələcəkdə işçi sayının daha da artırılması nəzərdə tutulur. Azərbaycan Prezidentinin iqtisadi siyasəti, sənayeləşmə, sənaye mərkəzlərinin yaradılması ölkəmizin yerli sənaye məhsullarına daxili tələbatının təmin edilməsi ilə yanaşı ixrac potensialını yüksəldir. Bütün bu potensial onu deməyə əsas verir ki, artıq Azərbaycan regionun enerji və nəqliyyat mərkəzindən əlavə, həm də güclü sənaye mərkəzinə çevrilir. Ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühiti, sahibkarlığın inkişafı ilə bağlı atılan addımlar şübhəsiz ki, xarici investorların Azərbaycana marağının artmasına səbəb olur. Həmçinin müxtəlif ölkələrdə iqtisadiyyat, kommersiya, biznes sahələrində böyük uğurlar əldə etmiş həmyerlilərimizi öz vətənlərinə investisiya yatırmağa təşviq edir. Bütün bunlarla yanaşı, hazırda dünyada yaşanan pandemiya şəraiti bu istiqamətdə bizdən çevik fəaliyyət tələb edir. Cənab Prezidentin dediyi kimi, "Dünyada yaşanan, pandemiya nəticəsində dərinləşən böhran, əlbəttə ki, bir çox şirkətlərə mənfi təsir göstərib. Ancaq məhz bu şəraitdə biz elə addımlar atmalıyıq ki, postpandemiya dövrünə ən hazırlıqlı ölkələr sırasında olaq və dərhal, vaxt itirmədən yeni inkişaf dinamikasına sahib olaq".
Məhəmməd
Olaylar.az