Məşhur aktyor danışdı: at oğruları, erməni qanı, türk serialları - MÜSAHİBƏ
Fikrət Hakan Türkiyənin ən məşhur aktyorlarından biridir. O, yazıçı və şair kimi də ad çıxarıb
27 Avqust 2012 12:36 ProblemAktyorluq karyerasında 62 ili geridə qoyan sənətkar indi də seriallara və filmlərə çəkilir, amma...
Milli.Az usta sənətkarın Milliyet-ə verdiyi müsahibəsini qısa ixtisarlarla təqdim edir:
- 62 ildir, aktyorsunuz. Bu illər ərzində oynamaq istədiyiniz, amma başqa aktyora verilən və xiffətini çəkdiyiniz rol oldumu?
- Təbii, oldu. Karyerama 1950-ci ildə teatrda başladım, 1952-ci ildə "Köprü Altı" filmindəki rolla kinoya gəldim. 28 pyesdə, 204 filmdə çəkildim. Oynamaq istədiyim rollar da oldu, amma oynaya bilmədim. 77 yaşım var, hələ də çalışıram.
- Çalışmasanız, yaşamağa pul tapmazsınız?
- Yox. Bodrumun Türkbükü səmtində kiçik otelim var. Amma yoxsullar məhəlləsindədir, kiçikdir. Oradan gələn gəlirlə yaşayıram.
- Təqaüd almırsınız?
- Alıram, 700 lirədir. Türkiyədə pulları sənətçilər yox, siyasətçilər qazanırlar. Gərək siyasətçi olaydım...
- Türk aktyorlar niyə "Oskar" ala bilmirlər?
- Türksən, müsəlmansan deyə bütün qapılar üzünə bağlıdır. Bu qədər bəsit. Yox, əgər ailəndə yəhudi və ya xristian varsa - qapılar açılır. Adamlar hələ də səlib yürüşündədirlər. Mənim də ailəmdə erməni, ya da yəhudi olsaydı, dünya miqyasında ulduzdum çoxdan. 6 ayda məni meqaulduz edərdilər.
- İllərdən bəri çalışırsınız. Karyeranızı başa vurmaq fikriniz varmı?
- Karyeramın çox maraqlı dövründəyəm. Bir il də gözləyəcəyəm. Yaxşı serial ssenarisi alsam, çəkilməyə davam edəcəyəm. Elə ssenari olmasa, İstanbuldakı evimi satıb Bodruma köçəcəyəm. Bir sözlə, karyeramı başa vururam.
- Niyə? Usandınız?
- Yaxşı, doğru-dürüst ssenari yoxdursa, mən nə edim? Bundan belə ikinci, üçüncü səviyyəli seriallarda oynayası deyiləm ki...
- Yeni serial təklifləri alırsınız?
- Bu yay iki-üç ssenari təklifi gəldi. Ssenariləri oxuyanda utandım. Çox bərbad idi. Bu türk seriallarının ssenarilərini yazanlar roman, hekayə, nağıl oxumayıblar? Əli qələm tutan yazır.
- Əvvəlki aktyorlarla indiki sənətçilər arasında fərq nədir?
- Bizim vaxtlarımızda məşhurlaşmaq çox çətindi. İllərlə çalışmaq, 8-10 filmdə yaxşı rol oynamaq gərəkdi ki, xalq səni ulduz kimi görsün. İndisə bir serialda uğurlu rol oynayan özünü ulduz sayır. Halbuki ulduz deyil, millət o aktyoru serialdakı rolu ilə çağırır, tanıyır. Aktyor da avtobusdan düşür, ən son model maşına minir və özünü ulduz hesab edir. Düşünür ki, o pullar həmişə olacaq. Amma serial bitir, qalır məəttəl.
- Hər işi də qəbul etmirsiniz.
- Özümə xas karyeram var və imicimi də pozmaq niyyətində deyiləm. Bu, bir növ daxili senzuradır.
Üstəlik, 100 filmim, hələ də nümayiş olunan 14 serialımdan mənə müəllif hüquqları ödənsəydi, kral kimi yaşayardım. Fəqət, yoxdur. Ədalət, sənətçiyə sayğı, sevgi hanı? Türk serialları da elədir ki, seriala çəkilməyə başlayanda ən azı bir il iş yerinin olduğunu düşünürsən. Amma telekanal serialın nümayişini dayandırır, aktyor qalır işsiz. Qardaşım, mən kreditlə mal almam. Çünki serialın nümayişi dayanandan sonra ən azı bir il işsiz qalan adamın kreditlə yaşaması axmaqlıqdır.
- Sizi ən çox narahat edən nədir?
- Problemlər çoxdur. Məsələn, illər boyu hər kəs məni Mustafa Kamal Atatürkü filmlər və seriallarda oynamağa layiq bilirdi. Amma serial və filmlərdə Atatürk rolunda at oğrusuna bənzəyən adamları çəkdilər. Atatürk rolu şablon oldu, o şablon da bir quruşluq iş çıxmadı.Serialların sayı artdıqca türk aktyorlar pul qazanmağa başladılar. Bu o deməkdir ki, serialda çəkilirsənsə, qarnın toxdur: çəkilmirsənsə, ac qalırsan. Türk aktyorun taleyi budur.