ŞOK: Dünyada 40 milyondan artıq QİÇS-li xəstə var - AKTUAL
Onlardan 3 milyonu 15 yaşa qədər olan uşaqlardır
23 Avqust 2012 13:23 ProblemBu gün dünya ictimaiyyətini QİÇS, narkomaniya, vərəm və s. bu kimi bəşəri problemlər ciddi şəkildə narahat etməkdədir. Statistik göstəricilərə əsasən dünyada QİÇS-ə yoluxmuş insanların sayı 40 milyondan artıqdır. QİÇS-li xəstələrin 18 milyonunu qadınlar, 3 milyonunu isə 15 yaşa qədər olan uşaqlar təşkil edir. Narahat doğurucu məqam ondan ibarətdir ki, bu xəstəlikdən əziyyət çəkən insanların sayı durmadan artmaqdadır. Sirr deyil ki, bütün dünyada olduğu kimi, ölkəmizdə də gənclərin böyük bir qismi bu xəstəlikdən əziyyət çəkirlər. Bunu qismən də olsa aradan qaldırmaq və xəstəliyin bütün insanları cənginə almaması üçün zaman-zaman ölkəmizdə müəyyən işlər görülür, maarifləndirmə tədbirlər həyata keçirilir. Ancaq görülən işlər kifayət qədər olmadığı üçün daha geniş spektrdə tədbirlərin həyata keçirilməsi, maarifləndirici işlərin miqyasının artırılması zərurətə çevrilir. Mövcud problemə qarşı mübarizədə dövlətlə yanaşı, qeyri hökumət təşkilatları da müəyyən fəallıq nümayiş etdirirlər. Belə ki, regionlardakı əhalinin , xüsusən də gənclərin bu istiqamətdə biliklərinin artırılması, eyni zamanda vətəndaş cəmiyyətinin bu proseslərə cəlb olunması məqsədi ilə bir çox gənclər təşkilatları, qeyri hökumət təşkilatları müxtəlif istiqamətli layihələr həyata keçirirlər. Bizim Gənclik İctimai Birliyi də mövcud problemin aktuallığı və ciddiliyini nəzərə alaraq bu istiqamətdə müəyyən tədbirlər həyata keçirməyi qarşıya məqsəd qoyub. İctimai Birliyin Gənclər və İdman Nazirliyi tərəfindən qrant şəklində qismən maliyyələşən "Dünyaya sağlam baxış" layihəsi çərçivəsində 250 gəncə təlim kursu keçiləcək.Təlimlər zamanı gənclərə xəstəliyin yaranması, inkişafı və onunla mübarizə metodları ilə bağlı məlumatların əks olunduğu xüsusi metodoloji vəsaitlərin paylanması onların cəmiyyətdə sağlam, vətənpərvər ruhda yetişmələri üçün həlledici rol oynayacaq. 3 ay davam edəcək layihənin həyata keçirilməsində əsas məqsəd Cənub və Şirvan regionlarında gənclərin bu sahədə bilgilərini artırmaq, onlar arasında bu xəstəliyin yayılmasının qarşısını almaq üçün maarifləndirmə, təbliğat işlərini daha da gücləndirməkdən ibarətdir. Biləsuvar, Cəlilabad, Masallı, Astara, Lənkəran, Şamaxı, Ağsu, Göyçay, Yevlax, Ağdaş rayonlarını əhatə edəcək layihə zamanı təlimləri həyata keçirəcək mütəxəssislər Avropa Ittifaqı və BMT-nin İnkişaf Proqramının "Cənubi Qafqazda Narkotiklərə Nəzarət"(SCAD) regional yardım proqramının bazasında yaradılmış Narkotiklərə Qarşı Milli Təbliğat Ofisi tərəfindən təmin olunacaqdır. Layihənin sonunda Bakıda narkomaniya və İİV/QİÇS-lə mübarizəyə həsr olunmuş maarifləndirmə, təbliğat xarakterli konsert proqramının təşkili nəzərdə tutulub. Konsertdə çıxış edən müğənnilər əhalini, xüsusən gəncləri bu mübarizədə fəallığa səsləyəcək və təqribən 300-ə yaxın iştirakçı QİCS-lə bağlı məlumatlandırılacaq.
Süleyman İsmayılbəyli