Bu il itirdiyimiz hərbçilərin sayı 65 nəfər oldu

"Doktrina" Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzi 2012-ci ilin geridə qalan dövründə Azərbaycan təhlükəsizlik və müdafiə sektorunun itkiləri ilə bağlı növbəti statistikanı açıqlayıb. Mərkəzdən "OLAYLAR"a verilən məlumata görə, Azərbaycan təhlükəsizlik və müdafiə sektorunun itkiləri 2012-ci ildə avqustun 23-dək 65 nəfər təşkil edib. Ötən müddətdə 61 nəfər yaralanıb və ya xəsarət alıb. Müvafiq dövrdə dünyalarını dəyişənlərin 13-ü döyüş (13 nəfər erməni gülləsi), 2-si mina, 1-i əməliyyat, 49-u isə qeyri-döyüş itkiləridir: "7 nəfər bədbəxt hadisədən (dəm qazından boğulma, elektrik cərəyanı vurma, üzərinə beton düşmə, suda boğulma, yıxılma), 7 nəfər avtoqəzadan, 1 nəfər naməlum səbəbdən, 7 nəfər ehtiyatsızlıqdan, 8 nəfər qeyri-nizamnamə hərəkətlərindən, 7 nəfər xəstəlikdən dünyasını dəyişib. 12 nəfər intihar edib. Dünyasını dəyişənlərin 59-u Müdafiə Nazirliyinin, 4-ü Dövlət Sərhəd Xidmətinin, 1-i Daxili Qoşunların, 1-i isə Milli Təhlükəsizlik Nazirliyinin hərbi qulluqçularıdır". Məlumata görə, yaralıların və xəsarət alanlara gəlincə (61 nəfər) onların 12-i qeyri-nizamnamə hadisələrindən (o cümlədən ehtiyatsızlıqdan), 12-i erməni gülləsindən, 6 nəfər mina partlayışından, 1-i xəstəlikdən, 7-si bədbəxt hadisədən (donvurma, qonşusunun bıçaq yarası, üzərinə beton düşmə, əqrəb sancma), 3-ü əməliyyat tədbirlərindən, 20-si isə avtoqəza nəticəsində yaralanıblar və ya xəsarət alıblar. 56 nəfər Müdafiə Nazirliyinin hərbi qulluqçusu (o cümlədən 2 nəfər Ali Hərbi Məktəbin kursantı), 4 nəfər Milli Təhlükəsizlik Nazirliyinin hərbi qulluqçusu, 1 nəfərsə FHN Akademiyasının müdavimidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31