Daha bir bankdan şikayət var

Azərbaycanda bank sistemində baş verən qanunsuzluqlar, vətəndaşlara girovla kredit verilməsi prosesində nöqsanlar, süründürməçilik və mənimsəmə halları barədə dəfələrlə yazılıb. Bu hadisələr konkret faktlarla ictimailəşdirilsə də, bəzi bank və bank təşkilatları hələ də bu cür əməllərindən geri çəkilmir. Hətta bu faktlarla bağlı Azərbaycanda bir neçə bank və kredit təşkilatı barədə cinayət işləri də başlanıb, bir neçə bank işçisi fırıldaqlıq etdikləri üçün həbs edilib, bəzi bankların fəaliyyəti hətta dayandırılıb. Amma, bu, digər banklara dərs olmayıb. Yenə də vətəndaşların süründürməçiliyi, kredit verilişində girovların mənimsənilməsi və sair faktlar davam etməkdədir. Son vaxtlar banklarda baş verən əsas qanunsuzluq vətəndaşların pula görə qoyduqları girovların yoxa çıxması,mənimsənilməsi və sair faktlardır. Bu prosesdə əsas mənimsənilən girovlar isə mülk və avtomobillərdir. Bu girovlar banka zamin əvəzi veriləndə əksər hallarda məbləğ ödəniləndən sonra problem yaranır. Hətta bəziləri girov qoyduqları ev və ya avtomobilləri itirməli olurlar. Bu da bank fırıldağından irəli gəlir. Nəticədə əməliyyat zamanı pul götürən şəxs həmin pulu tam faizi ilə ödəsə də, girov məbləğində qoyduğu mülkünü də itirir. Banklar bu və bu kimi hallarla dələduzluq edərək vətəndaşların mülkiyyətini mənimsəyir, öz bizneslərini artırır və fırıldaqçılıqla məşğul olur. Bəzi banklarda bu cür hallar sənədləşmə fırıldağı ilə həyata keçirilir. Redaksiyamıza müraciət edən daha bir şəxs də bu cür özbaşınalığın qurbanına çevrilib. Ağdam rayonundan olan  məcburi köçkün Elbrus Əliyev konkret olaraq bank dələduzlarının qurbanı olduğunu deyir. Şikayətçinin dediyinə görə, 2012-ci ildə tanışı Rüfət Bədəlov ona 90-EJ-650 dövlət nömrə nişanlı Mercedes -Benz E 320 markalı avtomobili almağı təklif edib. Bu avtomobildən etibarnamə əsasında Bəxtiyar Kərimov istifadə edib və o, avtomobili "Bank Standart"a girov qoyaraq xeyli kredit götürüb: "Rüfət Bədəlov mənə təklif etdi ki, Bəxtiyar Kərimova 14 min manat pul verim və 3 il müddətində hər ay banka 500 manat pul ödəyim. Ondan soruşanda ki, avtomobil bankda girov ola-ola onu satmaq mümkün olacaqmı?  Elbrus Əliyev isə bildirdi ki, etibarnamənin şərtlərinə görə, Bəxtiyar Kərimov qeyri-məhdud müddətə avtomobili kiminsə istifadəsinə verə bilər. 15 dekabr 2012-ci ildə mənimlə Bəxtiyar Kərimovun etibar elədiyi şəxs Rüfət Bədəlov arasında 6 saylı notariusda müqavilə bağlandı və avtomobil mənə təhvil verildi. Mən Rüfət Bədəlova 14 min manat pul verdim. Və düz bir il "Bank Standart"a hər ay 500 manat ödədim". Sonradan məlum oldu ki, Bəxtiyar Kərimovun adına olan etibarnamə qüvvədən düşüb və o saxta etibarnamə əsasında hərəkət edib: "Bir dəfə texniki baxış zamanı məlum oldu ki, həmin avtomobil üçün Bəxtiyar Kərimova verilən etibarnamə Nəsimi rayon məhkəməsinin 12 noyabr 2012-ci il tarixli qərarı ilə hüquqi qüvvəsini itirib. Deməli, mənimlə Bəxtiyar Kərimov arasında bağlanan müqavilə də qüvvəsini itirib".  Amma, buna görə heç kim məsuliyyətə cəlb edilməyib. Məlum olub ki, bu faktı "Bank Standart" da bilib. Amma, nədənsə bank həmin şəxsə kredit verib.  Elbrus Əliyev bildirir ki, bu günədək dələduzlar cəzalandırılmayıb. Və ən əsası bank Bəxtiyar Kərimova məxsus olmayan avtomobilə görə nə üçün kredit verib? Şikayətçi bildirir ki, bu işdə təkcə "Bank Standart" deyil, alqı-satqını təsdiq edən notarius da məsuliyyət daşıyır və bu qurumun da məsələdən xəbəri var: "6 saylı notarius Nəsimi rayon məhkəməsinin qərarından düz 1 ay sonra alqı-satqı aktını təsdiqləyib. Hansı əsasla notarius avtomobilin alqı-satqısını təsdiq edib? Bütün bunlar hamısı qanun pozuntusudur. Bu işdə məsuliyyətin böyük hissəsi "Bank Standart"ın üzərinə düşür. Əslində bütün sənədlər hərtərəfli yoxlanılmalı idi. Amma nə səbəbdənsə bank bunu etməyib. Bundan isə dələduzlar istifadə edib". Şikayətçi deyir ki, həmin vaxtdan etibarən işdə adıçəkilən şəxslərə müraciət etsə də, həmin şəxslər məsuliyyəti üzərlərindən atmağa çalışırlar. Onlar Elbrus Əliyevin telefonlarına cavab vermir, problemin həlli üçün heç bir addım atmırlar. Adıçəkilən şəxs isə pozulmuş hüquqlarının bərpası üçün şikayət etməyə yer tapmır. Çarəsiz qalan şikayətçi məsələ ilə bağlı bütün aidiyyətti qurumlara müraciət edərək pozulmuş hüquqlarının bərpası və günahkar şəxslərin dələduzluğa görə məsuliyyətə cəlb edilməsini tələb edir.

Samir

P.S Yazıda adıçəkilən şəxsləri dinləməyə hazırıq

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31