“Red bull”, “Fanta” və “Coca Cola” içkilərindən imtina olunmalıdır - TƏHLÜKƏ
Eyyub Hüseynov: “Bu içkilər insan bədənindən enerji ayırır”
5 İyun 2014 17:55 Problemİsti yay günləri ilə bağlı ölkədə, xüsusən də paytaxt Bakıda suya tələbat artıb. Yayın gəlişi ilə əlaqədar su satışına da tələbat çoxalıb. Artıq küçələrdə, təyin olunmamış yerlərdə belə müəyyən maddələrlə qarışdırılan sərinləşdirici içkilər satılır. Bu prosesdə satılan suyun tərkibinin bilinməməsi insan orqanizmi üçün təhlükə yaradır. Hətta bəzi yerlərdə plastik qablara doldurulan sular istidə, günəş şüaları altında satılır.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da bu problemdən narahatdır. Təşkilat sədri deyir ki, Azərbaycanda suya diqqət o qədər də normal deyil: "Azərbaycanda suya pis münasibət var. Küçələrə su axıdılır, su ilə avtomobillər yuyulur, israfçılığa yol verilir. Satışda olan sularda da problemlər yox deyil. Dünyanın ən brend sularının belə Azərbaycanda saxta variantları var. Su az məhsullardan biridir ki, bir litri 40 qəpikdən 10 manata qədər bahalaşır. Bu sular heç bir qatqısı olmayan qazlı və qazsız sulardır. Fürsətdən istifadə edib mən "OLAYLAR" qəzeti vasitəsilə müvafiq qurumlardan soruşuram ki, H2O olan bu suyun tərkibində nə var ki, onun qiyməti 10 manata qədər yüksəlir? Söhbət minerallaşdırılmamış sulardan gedir. Yəni, Azərbaycanda su satışında böyük hərcmərclik var. Bundan istifadə edən su filtrləri satanlar da ayrı bir bazar açıb bu sahədə at oynadırlar, insanları aldadırlar və sair".
Eyyub Hüseynov deyir ki, Azərbaycanda suların qablaşdırılması da düzgün aparılmır. Bu sahədə də ciddi problemlərin olduğunu deyən AİB sədri iddia edir ki, bəzi suların qablaşdırılması düzgün aparılmı: "İqtisadiyyat və Sənaye Nazirliyi suların qablaşdırılması ilə bağlı xüsusi komissiya yaradıb. Azad İstehlakçılar Birliyi də bu komissiyanın tərkibindədir. Komissiya hazırda plastik taralarda suyun qablaşdırılmasından imtina məsələsini gündəmə gətirib. Çünki, isti yay aylarında plastik taralarda su qablaşdırılır, axşamlar soyuyur. Təkcə qablaşdırılmasına görə bu sular təhlükəlidir. Xüsusən də həmin plastik qablar əzik olarsa bu su daha təhlükəlidir. İstehlakçılara demək istəyirəm ki, əzilmiş qablarda su almasınlar. Suyu alandan sonra istifadə edib qurtaranda həmin qapı əzib deşsinlər ki, bu qabdan ikinci dəfə istifadə olunmasın. Çünki bu qabları küçələrdən yığıb yenidən qablaşdırmada istifadə edənlər var. Bu da olduqca təhlükəlidir".
Eyyub Hüseynov mağazalarda "Borjomi" sularının da satılmasına qarşıdır: "Mağazalarda harda gəldi "Barjomi" suları satırlar. Bu düzgün deyil və yolverilməzdir. Çünki, "Borjomi" suyu süfrə suyu deyil. Bu müalicəvi əhəmiyyətli sudur və bu sular yalnız həkim məsləhəti ilə apteklərdə satılmalıdır. Çünki, bu suyu hər adam içə bilməz. "Borjomi" müalicə üçün nəzərdə tutulubsa, bu mal xüsusi temperaturda satılmalıdır. Bu sudan adi şəxslərin həkim məsləhəti olmadan içməsi yolverilməzdir. Bu sağlam adamlarda hansısa fəsadlar törədə bilər. Bu suyun mağazalarda satışının qarşısı alınmalıdır. "Borjomi" müalicə məqsədi ilə xüsusi minerallaşdırılmış sudur. Bunu yalnız həkim məsləhəti ilə qəbul etmək olar. "Borjomi"nin ofisləri, bu şirkət həmin suyu süfrə suyu kimi təbliğ edib satışa çıxarır. Ümumiyyətlə, təkcə "Borjomi" deyil, bir çox müalicəvi sular var ki, onları həkim məsləhəti olmadan içmək olmaz".
Eyyub Hüseynov suyun təmiz olmasını bilmək üçün istehlakçıların primitiv təcrübədən yararlanmağını tövsiyyə edir. Bildirir ki, bu təcrübə ilə onlar suyun tərkibinin təmiz olub-olmamasını bilərlər: "Məsələn, hansısa bir təmiz çaydana brend sulardan birini doldurub qaynatsınlar. Əgər çaydanın dibində çöküntülər əmələ gəlsə, bu təmizlənmiş su deyil. Digər təcrübə də aparmaq olar. Biz əslində ölü suyun da tərəfdarı deyilik. Məsələn, disterizə edilmiş, təmizlənmiş su həftələrlə qalır, xarab olmur. Bu su da ölü sudur. Məsələn, istehlakçılar bir neçə suyu stəkanlara doldurub günəş şüası altında saxlasınlar. Bir müddətdən sonra göyərən su diri sudur. Diri su müəyyən qoxu verəcək, amma ölü su olduğu kimi qalacaq. Bu da bir təcrübədir. Hər halda insanlar diri su içməyə üstünlük verməlidirlər. Lakin, o da düzgün deyil ki, deyirlər bulaq suyu təmiz sudur. Bu su yerin dərin qatlarından gəlir, özü ilə zərərli maddələr gətirir. Orda da tədqiqatlar aparmaq lazımdır. Bir sözlə Azərbaycan bazarında satılan suların təxminən 30-40 faizi standartlara uyğun gəlmir. Xüsusən rənglənmiş sularda problemlər var. Limonadlarda, rənglənmiş sularda da problemlər var. Demək olar ki, 90 faiz limonadlarda, xüsusən İpək Yolunun üzərində yerləşən restoranlarda satılan limonadlarda süni rənglərdən istifadə olunur. Ona görə də əhali bu işdə diqqətli olmalıdır".
Eyyub Hüseynov deyir ki, Azərbaycanda "Fanta", "Kola" içkilərindən imtina olunmalıdır: "Təsadüfi deyil ki, bu gün Azərbaycanın orta məktəblərində bufetlərdə bu içkilərin satışına qadağa qoyulub. O cümlədən, enerjili içkilər olan "Red bull" və sair bu tip içkilər qadağan olunub. Bu içkilər uşaqlar üçün heç məsləhət bilinmir. Xüsusilə "Red bull" məsləhətli su deyil. Bu içkiləri içəndə insan sərinləyir. İnsan o zaman sərinləyir ki, onun bədənindən enerji ayrılır. Bu isə qeyri-canlılarda olur. Bu suyun tərkibində nə var ki, insan bədənindən enerji ayırır? Bu sular və ya digər brend suları ağ kafelin üzərinə tökəndə bir müddətdən sonra palçıq kimi qalır. Ümumiyyətlə, rəngli suların içilməsinin tərəfdarı deyiləm".