Masazırda “Yeni Bakı” massivinin sakinləri nədən narazıdır - PROBLEM

Şəhərcik rəhbərliyi mənzil sahiblərindən pul milyonlar toplayır

Azərbaycanda tikinti şirkətlərinin  yaratdığı yaşayış massivlərindən şikayətlər səngimək bilmir. Əvvəlcə mənzillər hazır olmadan sakinlərdən pul almaq, onlara şirnikləndirici vədlər vermək və sonda bu vədlərin heç birinə əməl etməmək bəzi şirkətlər üçün artıq adi hala çevrilib. Mənzillər satılandan sonra arxayınlaşan massiv sahibləri həmin sakinlərə qarşı təzyiqlərə başlayır, insanları narazı salır. 

Aldadılan sakinlərin harayına çatan yoxdur

Masazır qəsəbəsi "Yeni Bakı" yaşayış massivinin 100-ə yaxın sakini də sözügedən ərazidə baş verənlərlə bağlı redaksiyamıza müraciət edib. Şikayətlər həmçinin prezident  İlham Əliyevə,  Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya və Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərova ünvanlanaraq şirkət rəhbərliyi tərəfindən aldadıldıqlarını, şirkət rəhbərinin qohumu olan komendantın özbaşına hərəkətləri barəsində  məlumat veriblər. 

Sakinlər qeyd edir ki, bir çoxları "Yeni Bakı"-dan ev almağa televiziyalardakı reklamlardan sonra qərar veriblər. Müqavilə bağlayıb ev alıblar. Problemlər də bundan sonra başlanıb: "Müqavilədə qeyd olunanların heç birinə əməl olunmayıb. Şirkət öz üzərinə götürdüyü öhdəliklərə əməl etmir. Məsələn, müqavilədə qeyd olunub ki, şəhərciyin uşaq bağçası,  məktəbi, uşaqların mədəni istirahəti üçün park olacaq.  Eyni zamanda şəhərciyin marşurutu istismara veriləcək. Ancaq bu günə kimi bunlar reallaşmayıb. Əvəzində şirkət sakinlərdən təmirpulu adı ilə 250 manat, su, işıq, telefon, qaz sayğacları da daxil olmaqla əlavə 250 manat pul alıb. Bundan əlavə,  mənzilini təmir edən sakinlər əlavə  olaraq işıq sayğacı üçün pul ödəməyə məcbur olurlar".

Sənədsiz evlərdən yığılan kommunal xərcləri

Sakinlər deyirlər ki, şəhərçiyin rəhbərliyi sakinləri pul yığmaqla, problemlərə boğmaqla məşğuldur. Şirkət rəhbərliyinin adamları ürəyi istəyən vaxt mənzillərə gəlir, sakinləri narahat edir və onlardan yerli-yersiz pul tələb edirlər. Bu da sakinlərin narazılığına səbəb olur. Etiraz edən sakinlər isə şirkət rəhbərliyi tərəfindən xüsusi təhkim olunmuş şəxslər tərəfindən təzyiqlərə məruz qalırlar: "Şirkət rəhbərliyi mənzillər satılanda evlərin sənədləşdiriləcəyini desə də, bu məsələ artıq yaddan çıxıb. Dəfələrlə sakinlər mənzillərinin sənədlərini tələb etsələr də,  onlar həmin şəxslər tərəfindən susdurulub. Nəticədə də, hansısa bir şərlənməkdən qorxan mənzil sahibləri yalnız susmağa üstünlük verir: "Bu azmış kimi mənzillərlə bağlı heç bir rəsmi sənəd olmamasına baxmayaraq mənzillərdən hər kvadratmetrə görə 28 qəpik kommunal pulu alırlar.  Bu hansı qaydalarla, hansı qanunlarla tənzimlənir, bilinmir. Deyəsən, şirkət rəhbərliyi bizə satdığı evin pulunu bizdən ikinci dəfə bu adla almaq istəyir. Şəhərcikdəki ofislərdən isə aylıq hər kvadratmetrə gösrə 80 qəpiklik kommunal pulu yığılır". 

Sakinlər deyirlər ki,  şəhərcik sakinlərinin ən böyük problemlərindən biri də qaz problemidir. Binada neçə illərdir ki, yaşayış olsa da, mənzillərə qazın verilişi hələ də öz həllini tapmayıb: " Qazın nə zaman veriləcəyi ilə bağlı rəhbərliyə dəfələrlə müraciət edilsə də, şirkət rəhbərliyi 2 ildir zamanı uzada-uzada qalıb. Hər dəfə bu ay, gələn ay deməklə sakinləri aldatmaqla məşğuldurlar. Nəticədə 3 ildən artıqdır ki, bina sakinləri qazsız  qalıb".  

Sakinlər daha bir maraqlı fakta toxunur. Bildirir ki, binaya qaz verilmədiyi halda şirkət rəhbərliyi sakinlərin mənzillərinə qaz sayğacları quraşdırırlar. Təbii ki, bu da pulsuz deyil. Şirkət rəhbərliyi hər mənzil sahibinə bir qaz sayğacını 100 manata satır, özü də məcburi: "Qaz sayğaclarının quraşdırılmasına görə, hər mənzildən 100 manat pul yığılıb. Şirkət yığılan pulun "Azərenerji" yə ödənildiyini iddia edir. Buna görə də onlar bu pulu məcburi yığırlar. Hələ bu harasıdır? Mənzillərin qazlaşdırılması ilə əlaqədar sayğacdan mənzilə qədər çəkiliş həyata keçirmək üçün sakinlərdən əvvəlcə 40, sonra isə 60 manat tələb olunub. Şirkərin maraqlarına xidmət edən müəssisə ilə müqavilə bağlanılıb. Qazın çəkilişini də həmin müəssisə həyata keçirir". 

Sakinlər həmçinin uşaqların istirahəti üçün yaxınlıqda yerləşən "Qurtuluş 93" Yaşayış Massivində quraşdırılan attraksionlardan istifadə etdiklərini deyirlər. 

Özünəarxayın komendant və antisanitar şəhərcik

Sakinlər şirkət rəhbərliyinin qohumu olduğu deyilən komendantın səriştəsiz fəaliyyətindən gileylənirlər. Deyir ki, komendant ancaq vətəndaşları soymaqla məşğuldur. Öz vəzifəsinin ağırlığını dərk etməyən bu adam sakinlərə "krutoy oğlan" gözündə baxır. Sakinlərin problemlərini həll etmək iqtidarında olmayan komendant yaşayış massivində zibilin daşınması prosesini həyata keçirməklə işini bitmiş hesab edir. 

Şəhərcikdə gecə saatlarında it sürüsü olur. Onların əlindən gecə həyətə düşüb istirahət eləmək mümkün deyil. Bu itlərin səsindən gecə yatmaq olmur. 

Bundan əlavə blokların təmizlənməsi demək olar ki, həftədə bir dəfə həyata keçirilir. O da alayarımçıq. Şəhərciyin düz mərkəzində yerləşən zibilliyin yerinin dəyişdirilməsi ilə bağlı komendanta dəfələrlə müraciət etsək də o bütün bu müraciətlərə məhəl qoymur. Üstəlik zibil tam daşınmadığından ərazidə milçək, ağcaqanadlar çoxalır. Yayda ağcaqanad əlindən evlərə girmək mümkün olmur.  Ərazidə antisanitariya baş alıb gedir". 

Samir
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31