Məhkəmə qərarları niyə icra edilmir? - PROBLEM
29 May 2014 17:44 ProblemMəhkəmə sistemində aparılan islahatlar və ədliyyə sisteminin təkmilləşdirilməsi hələ də bu sahədəki problemləri tam aradan qaldırmır. Bəzi məhkəmələrdə hakim və icra məmurlarının birtərəfli qərar qəbul etməsi, bəzi hallarda qeyri-obyektivliyi sonda tərəflərdən hansınınsa hüquqlarının pozulması ilə nəticələnir. Bu da vətəndaşlarda məhkəmə obyektivliyinə olan inamı azaltmaqla nəticələnir. Redaksiyamıza müraciət edən Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 11, mənzil 21-də kirayədə yaşayan, təqaüdçü Ağakişiyev Firudin Balaqadaş oğlu da bu cür qanunusuzluğun qurbanına çevrildiyini iddia edir. Şikayətçi məhkəmə icraçılarının qərəzli qərarından ailəsilə birlikdə əziyyət çəkdiyini bildirir. Dediyinə görə, o məhz bu qanunsuz qərarın icrası nəticəsində 7 nəfərlik ailə üzvü ilə birlikdə küçələrdə gecələmək məcburiyyətindədir. Aidiyyəti qurumlar isə onun bu vəziyyətinə heç bir məhəl qoymur. Ailənin qanuni mənzili olduğu halda hazırda evsiz-eşiksiz küçələrə səpələnib.
Şikayətçi bildirir ki, onun qanuni evi olub, lakin mənzilində məcburi köçkün məskunlaşdığından başqa evdə yaşayıb. Həmin evin sahibi isə onu məhkəmə qaydasında evindən çıxarıb: "Mən, Ağakişiyev Firuddin Balaqardaş oğlu, Sumqayıtda yaşayıram, 65 yaşım var, işləmirəm, təqaüdçüyəm, 250 manat təqaüd alıram. Öz mənzilimdə, 1993-cü ildən məcburi köçkün ailəsi məskunlaşdığı üçün mən, əvvəllər mənə aid olmuş mənzildə yaşayırdım. Bu mənzil sahibinin iddiası əsasında, Sumqayıt məhkəməsinin qərarı ilə ailəm, 2013-cü ilin yanvar ayında yaşadiğımız mənzildən çıxarıldıq".
Məhkəmə qərarı niyə icra edilmir?
Şikayətçi deyir ki, məsələ ilə bağlı o da hüququndan istifadə edərək məcburi köçkün ailəsi tərəfindən zəbt edilən qanuni mənzilinin boşaldılması üçün o da məhkəməyə müraciət edib. Məhkəmə iddianı təmin edib və ailənin qanuni mənzilinə köçürülməsi barədə qərar çıxarıb. Amma, bəzi icra məmurları ailəni hələ də süründürməklə məşğuldur: " Mənim də iddiam əsasında, məcburi köçkün ailəsinin mənzilimdən çıxarılması barədə məhkəmə qərarı verilib və qərar bizdədi, tam qanuni qüvvəyə minib. Amma, bu qərar icra olunmadı. Baxmayaraq ki, Konstitusiyada deyilir: "Hamı qanun və məhkəmə qarşısında bərabərdir". Bu qanun bizə şamil edilmir. Məhkəmə icraçıları bizi süründürməklə məşğuldur".
Firudin Ağakişiyev deyir ki, məhkəmə qərarı əlində olsa da, kirayədə yaşamaq məcburiyyətində qalıb. Səbəb isə məhkəmə icraçılarının mənzili boşaltmaq istəməməsidir: "Nəticədə kirayədə yaşamağa məcbur olduq. Təqaüdümün tamamını kirayə haqqına ödəməli oluram ki, bu da məni çox üzür. Məni daha çox üzən isə odur ki, mənzilim olduğu halda, təqaüdçü kimi 65 yaşımda, haqsız olaraq kirayədə yaşamağa məcbur edilmişəm".
Şikayətçi deyir ki, məhkəmə icraçılarının bu hərəkəti barədə bütün aidiyyəti qurumlara məlumat versə də, hələ ki, bu barədə heç bir tədbir görülməyib: "Vəziyyətimlə əlaqədar müvafiq ünvanlara müraciət etmişəm. Lakin heç bir tədbir görülmür. Aldığım cavablar isə məni qane etmir, əksinə üzür, çünki cavablarda, 65 yaşımda kirayədə yaşamağım, bu üzdən məruz qaldığım maddi sıxıntım nəzərə alınmır, məhkəmə qərarının icrasının mümkün olmadığı, buna səbəb kimi də, 298 və 1346 saylı prezident sərəncamlarının olduğu göstərilir. Buna görə də mənzillə bağlı məsələmin, zəbt olunmuş mənzillərin ümumi həlli ilə eyni vaxtda, hətta işğal olunmuş rayonların işğaldan azad ediləcəyi illərdə mümkün olacağı bildirilir".
Çarəsiz qalan şikayətçi məsələ ilə bağlı prezident İlham Əliyevə müraciət edib: "Cənab Prezident! Bir təqaüdçü olaraq 65 yaşımda kirayədə yaşamağa məcbur edilməklə məruz qaldığım sıxıntılı vəziyyətimin qeyri normal, analoqu olmayan bir hal olduğunu düşünür, bu səbəbdən mənzil məsələmin ayrıca həll olmasını istəyirəm. Buna görə, məsələyə Sizin müdaxilənizi istəyərək xahiş edirəm, məhkəmə qərarımın icra olunması ilə mənzilimə köçə bilməm üçün, mənə kömək edəsiniz".