Leysan Tovuza ciddi ziyan vurub, 61 kəndin elektriki kəsilib
22 May 2014 13:18 Problem"Tovuz rayonuna heç vaxt budəfəki kimi leysan yağmayıb. Dəyən ziyan hesablandıqdan sonra vətəndaşlara yardımlar ediləcək". Bunu Modern.az-a Tovuzdan seçilən deputat Rafiq Məmmədhəsənov bildirib. O deyib ki, hadisə ilə bağlı mütəmadi olaraq rayonla əlaqə saxlayır.
Tovuz rayonu İcra Hakimiyyəti başçısının müavini Niftalı Qasımov isə Modern.az-a açıqlamasında ilk növbədə bağlanan yolda nəqliyyatın bərpasına çalışdıqlarını vurğulayıb. Onun dediyinə görə, mayın 21-də axşam saat 20 radələrindən başlayaraq Tovuz rayonu ərazisinə güclü tufanla müşahidə olunan leysan yağıb: "Nəticədə Ağdərə, Ağbaşlar, Qəribli, İbrahimhacılı, Bayramlı, Çapaq, Kirən, İsəkənd, Qarabağlılar, Çeşməli və digər kəndlərdə vətəndaşların təsərrüfatına, yaşayış evlərinə, sosial infrostrukturlara ciddi ziyan dəyib. Dağlardan gələn sel, yolları qum, çınqılla örtüb, su keçidlərini doldurub. Leysan Qovlar-Ağbaşlar avtomobil yolunun İsəkənd ərazisinə keçən hissəsində yolun 10 metrliyini yuyub aparıb, ətraf kəndlərlə avtombil əlaqəsi kəsilib. 61 dağ kəndinə elektrik verilişi dayandırılıb. Hazırda həmin ərazidə Fövqaladə Hallar Nazirliyinin əməkdaşları çalışır, texnika cəlb olunub. Ümumi dəyən ziyan müəyyənləşdirilir, bundan sonra vətəndaşlara hər hansı yardım edilməsi dəqiqləşəcək". Tovuz razyonunda seçilən digər deputat Qənirə Paşayeva da hadisə ilə bağlı narahat olduğunu qeyd edib: "Leysan rayonun dağ kəndlərinə ciddi zərər dəyib. Əsas zərərin də kənd təsərrüfatına dəydiyi bildirilir. İndilərdə rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalovla əlaqə saxladım. Zərər həddindən artıqdır. İndiki məlumata görə, Tovuz-Saratovka yolu bağlanıb, 10 baş heyvanı sel aparıb, insanlara dəyən ziyanı hesablamaq üçün ayr-ayrı kəndlərdən məlumatlar toplanır. İnsan xəsarəti, dağıntı yoxdur. Əsasən Qovlarada evlərin zirzəmisinə su dolub".
O, təbii fəlakətlə bağlı bu gün rayona gedəcəyini, vətəndaşlarla görüşəcəyini bildirdi.