Cəbhədə əlil olan mayor sığorta şirkətindən şikayətçidir - PROBLEM
15 May 2014 15:31 ProblemBakıda yaşayan, hərbi xidməti zamanı 2-ci qrup əlil olmuş zabit ailəsi ilə birlikdə küçələrdə yaşamaq təhlükəsilə üzləşib. 18 il cəbhə bölgəsində xidmət keçən zabitimiz ölkə başçısı İlham Əliyev və Azərbaycanın aidiyyəti qurumlarından imdad diləyir. Redaksiyamıza müraciət edən paytaxtın Suraxanı rayonu, Hövsan qəsəbəsi, Rüfət Abdullayev küçəsi ev 2, mənzil 5 ünvanında yaşayan 2-ci qrup hərbi əlil, ehtiyatda olan mayor Novruzov Rövşən Rafayıl oğlu deyir ki, məsələ ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etsə də, hələ ki cavab verən olmayıb. Çarəsiz qalan əlil prezidentdən kömək istəyir.
Müraciətdə deyilir: Cənab president! Əmək qabiliyyətimi itirib, 2-ci qrup əlil olduqdan sonra nədənsə bəzi sığorta orqanları tərəfindən mənə biganə yanaşılır, xoşagəlməz münasibət bəslənilir. Bildirmək istəyirəm ki, biz əlillərin müdafiəçisi Ali Baş Komandanımız, Maliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərimiz var, onlar bizə daima dayaq olub və olacaqlar da".
Şikayətçi bildirir ki, 20 may 1979-cu ildə Laçın rayon Pircahan kəndində anadan olub. 1992-ci ildə Laçın rayonundan məcburi köçkün düşüb və 1993-cü ildə Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olub. 1996-ci ildə oranı bitirdikdən sonra həmin ildə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə daxil olub, 2000-ci ildə həmin məktəbi Taktiki Qoşun Kəşfiyyatı Komandiri ixtisası üzrə tam kurs bitirib "leytenant" hərbi rütbəsi ilə müdafiə nazirinin əmrinə əsasən N saylı hərbi hissəyə göndərilib: " Mən 27.07.1996-cı ildən 21.08.2013-cü ilədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmətdə olmuşam. Xidmət müddətində Müdafiə Nazirliyinin tərkibində olan N saylı hərbi hissələrdə mayor rütbəsində zabit kimi müxtəlif vəzifələrdə xidmət etmişəm. 2004-cü ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001) və 2008-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illik yubiley medalları, 2011-ci ildə 3-cü dərəcəli qüsursuz xidmətlərə görə medalı ilə təltif olunmuşam. Qeyd etmək istəyirəm ki, xidmətimin axırıncı 8 ilini düşmənlə təmas şəraitində olan Qazax rayon Daşsalahlı, Kəmərli, Aslanbəyli, Qaymaqlı, Abbasbəyli, Fərəhli, Məzəm, Quşçuayrım, Cəfərli, Qızılhacılı kəndlərinin ərazilərində keçirmişəm, 21.08.2013-cü il tarixdə müdafiə nazirinin əmri ilə təxris olmuşam. Hal-hazırda 2-ci qrup əliləm, ehtiyatda olan zabitəm, 18 təqvim ili xidmət etmişəm".
Rövşən Novruzov deyir ki, o xidmət müddətində güzəştli şərtlərlə "Azəriqazbank"dan ipoteka götürərək, Suraxanı rayon Hövsan qəsəbəsində ev alıb, bu günə qədər bank və sığorta xərclərini vaxtlı-vaxtında ödəyıb. Lakin indi işsiz olduğu və iş qabiliyyətini itirdiyi üçün ipoteka kreditini ödəyə bilmir: " Eyni zamanda, "PAŞA Həyat Sığorta" Açıq Səhmdar Cəmiyyətində sığortalanmışam. Mənim bu vəziyyətimdə sığorta ödəmək istəmirlər".
Əlil zabit deyir ki, sığortasını ala bilmədiyi üçün ipoteka kreditini ödəyə bilmir. Bu da onun mənzilinin əlindən alınması ilə nəticələnə bilər: "Mənə kömək edin. Ehtiyata buraxıldıqdan sonra Hərbi Kliniki Hospitalda müayinə və müalicə olunmuşam və xəstəliyi hərbi xidmət dövründə almışam. Hərbi Həkim Komissiyasının qərarı ilə şəhadətləndirilmişəm. Respublika Tibbi-Sosial Ekspertiza Komissiyasının qərarı ilə 2-ci qrup əlil təyin olunmuşam. Eyni zamanda qeyd etmək istəyirəm ki, 19.02.2014-cü ildən başlayaraq dəfələrlə "PAŞA Həyat Sığorta" Açıq Səhmdar Cəmiyyətinə müraciət etmişəm, müraciətimə müsbət cavab verən yoxdur, qeyd etmək istəyirəm ki, mən 7 il Ali Hərbi Məktəb oxumuşam, 18 il müəyyən vəzifələrdə xidmət etmişəm".
Rövşən Novruzov deyir ki, "PAŞA Həyat Sığorta" Açıq Səhmdar Cəmiyyəti onu süründürməçiliyə salır, qanuni sığortasını vermək istəmir: "Hətta mənə rəhbərliklə görüşməyə də icazə vermirlər. Şirkətdən mənə dedilər ki, "PAŞA Həyat Sığorta" Açıq Səhmdar Cəmiyyəti mənim həyatımı sığortalayaraq, ödəniş tələb edir. Sonda isə mən hərbi xidmətlərə görə 2-ci qrup əlil olanda, müqavilə şərtlərini kobudcasına pozaraq, ödəniş etməkdən imtina edirlər, hər dəfə başqa-başqa sənədləri tələb edirlər. Bu kimi ədalətsizliyi, haqsızlığı görüb, sizə müraciət edirəm ki, "PAŞA Həyat Sığorta" Açıq Səhmdar Cəmiyyəti 2-ci qrup əlilin hüquqlarını pozur. Azərbaycan Respublikası prezidentinin 25 dekabr 2007-ci il tarixli 519 nömrəli sərəncamı ilə təsdiqlənən "Sığorta fəaliyyəti haqqında" qanununun 14-cü maddəsi kobud pozulur. Sizdən xahiş edirəm ki, "PAŞA Həyat Sığorta" Açıq Səhmdar Cəmiyyətinə bütün tələb edilən sənədləri təqdim etdiyim üçün qanuna müvafiq olaraq sığortalandıqdan sonra 2-ci qrup əlil olduğum və "PAŞA Həyat Sığorta" Açıq Səhmdar Cəmiyyətində sığortalandığım üçün mənə qanuna müvafiq olaraq sığorta ödənilməsinə göstəriş verəsiniz. Hal-hazırda cərahiyyə olunmağa ehtiyacım var, işləmirəm, ailəliyəm, iki azyaşlı uşağım var, himayəmdə müharibə və əmək veteranı, təqaüdçü atam, anam var. Mənə kömək edəcəyinizə inanıram".
Sığorta şirkəti tərəfindən süründürməçiliyə salınan şikayətçi məsələ ilə bağlı 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsində iddia qaldırıb.