Ağcabədi rayon Məhkəməsinin sədri və hakimi ölüm işini 6 min manata batırıb?

Hakim Xanlar Fərhadov qatili necə azadlığa buraxıb

Azərbaycanda məhkəmə sistemində islahatlar aparılmasına baxmayaraq, bəzi hakimlər hələ də müəyyən qanunsuzluqlara yol verməkdən çəkinmirlər. Artıq demək olar ki, hər il bir və ya bir neçə hakim vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyi və qanunsuzluğa yol verdiyi üçün ciddi cəzalandırılsa da, bəzi hakimlərə bu hələ də dərs olmayıb. Yenə də bəziləri gizli yollarla tərəfkeşlik edir, qeyri-obyektiv qərarlar çıxarır. Bu cür hallar bölgələrdə daha çox baş verir.

Redaksiyamıza daxil olan şikayət ərizəsində də bu cür hakim özbaşınalığından yazılıb.  Şikayət Ağcabədi rayon Məhkəməsində baş verən qanunsuzluqdan gedir.  Şikayət ərizəsində bildirilir ki, Ağcəbədi rayon Məhkəməsinin hakimi Etibar Quliyev və məhkəmə sədri Xanlar Fərhadov birləşərək ölüm işini ört-basdır edib, günahkar şəxsi azadlığa buraxıb.  Şikayət ərizəsində iddia olunur ki, avtomobillə adam vurub öldürən sərxoş şəxs yüngül cəza ilə islah əmək müəssisəsinə deyil, islah əmək düşərgəsinə göndərilib. Şikayət ərizəsində belə deyilir: "Təbii ki, şəxsi imkanları, pulu və verdiyi rüşvət ona kömək etdi. Bu barədə ölkə prezidenti İlham Əliyevin avtoşlarla bağlı səsləndirdiyi fikirlərə belə əhəmiyyət verilmədi".

Şikayətdə deyilir ki, vətəndaşı vurub öldürən sərxoş şəxs həm də məmurdur.  Belə ki, Laçın rayon Suvarma Sistemləri İdarəsinin baş mühasibi Quliyev Asif İdris oğlu bu il yanvarın 4-də Ağcabədi rayonunun "Yastı yol" deyilən ərazisində iş yoldaşı Sədrəddin adlı  şəxsin nəvəsinin kiçik toy məclisindən evə gələrkən yolda adam vurub. Hadisə Heydər Əliyev parkına paralel olan yolda baş verib. Axşam saat 20:00 radələrində sərxoş halda Məmmədov Rafiq Dadaş oğlunu maşınla vuraraq öldürüb. İçkili olduğu halda rayon Ekspertiza və Anatomiya Şöbəsinin növbətçi həkimi Elbrus Bədəlov onun spirtli içki qəbul etmədiyinə dair rəy verib: "Təbii ki, burada da Asif Quliyevin pulu önəmli olub. Asif Quliyev izahatında isə maşını 50-55 km/saat sürətlə idarə etdiyini, mərhumu vurarkən yolun qaranlıq olduğunu yazıb. Daha doğrusu, ona belə məsləhət biliblər ki, yazıb".

Şikayət ərizəsində göstərilir ki, polisin apardığı araşdırmadan məlum olub ki, mərhum vurulandan sonra avtomobil onu 48 metr sürüyüb. 48 metr sürünmə faktı məhkəməyə də təqdim olunan sənədlərdə öz əksini tapıb. Lakin müqəssir Quliyev Asif İdris oğlu barəsində həbs qətiimkan tədbiri 13 fevral 2014-cü ildə hakim Etibar Quliyev tərəfindən ləğv edilərək, ev dustaqlığı ilə əvəz olunub. Məhkəmə hakimi və məhkəmə sədri müəyyən maraqları naminə cinayət törədən şəxsi həbsdən azad edib.

Mərhumun yaxınları dərhal məhkəmənin qanunsuz qərarından apellyasiya şikayəti verib. Şirvan Apellyasiya Məhkəməsi 19 fevral 2014-cü ildə apellyasiya şikayətini təmin edib. Maşınla adam vuran vəzifəli şəxs Quliyev Asif İdris oğlu barəsində təkrar həbs qətiimkan tədbiri seçilib. Amma bu son olmayıb. Hakim Etibar Quliyevdən yol verdiyi qanun pozuntusuna dair Ədliyyə Nazirliyinə olunan şikayət baxılması üçün təkrar Ağcabədi rayon Məhkəməsinin sədrinə göndərilib. İş Etibar Quliyevdən alınıb, hakim Xanlar Fərhadova həvalə edilib. Etibar Quliyevin yol verdiyi qanun pozuntusuna görə isə bu günə qədər hüquqi qiymət verilməyib. Cinayət işinə baxılması üçün məhkəmə tarixi 21 aprel, sonda isə 30 aprel 2014-cü il tarixlərinə salınıb. 21 və 30 aprel tarixli məhkəmə proseslərində isə aydın olub ki, hakim Xanlar Fərhadov baş mühasibə 5 ildən az və ya 5 il iş verməklə onu islah əmək müəssisəsinə deyil, islah əmək düşərgəsinə göndərmək istəyir: "Müqəssirin içkili olmadığı, himayəsində azyaşlı uşağın olduğu, birinci cinayət işi olduğu əsas götürülərək bu cür etmək istədi və belə də oldu. Aprelin 30-da saat 15:00-da hökm elan olunur. Laçın Suvarma Sistemləri İdarəsinin baş mühasibi Quliyev Asif İdris oğluna Xanlar Fərhadovun sədrliyi ilə keçən məhkəmə prosesində 5 il iş verilir. Beləliklə, qatilə məhkəmə hakimi tərəfindən "yaşıl işıq" yandırılır. Saatda 130 km/saat sürətlə maşını idarə edib Məmmədov Rafiq Dadaş oğlunu vurub öldürən Quliyev Asif İdris oğlu islah əmək müəssisəsinə deyil, islah əmək düşərgəsinə göndərilir. Yəni, maşınla adam vurub öldürənə gündüzlər düşərgədə, axşamlar evində gecələmək məsləhət bilinir".

Şikayət ərizəsində daha bir ciddi ittiham irəli sürülür. Bildirilir ki, məhkəmə mərhumun qanını 6 min manata batırıb: "Məhkəmə 6 min manat alıb ölüm işini bağlayıb.  Mərhumun ailəsi olaraq biz yerli məhkəmə qərarından apellyasiya şikayəti verməyə hazırlaşırıq. Həqiqət isə fərqli olduğundan,  nədən hakim Xanlar Fərhadov aşağıdakı xüsusatları nəzərə almadı?

1). 50-55 km/saat sürətlə gələn maşın vurduğu insanı 48 metr qabağında sürüyə bilərmi? Sürüyə bilərsə, avtomobilin əyləci nə üçündür? Axı həmin müddət sürətin geriyə getməsi baş verməli idi ki, bu da həmin yolda hadisə baş verən an sürətin kvadratı ilə mütənasib olmalı idi. Yəni, Xanlar Fərhadov bunu bilmir ki, nəzərindən qaçırır? Pul ilə verilən ekspertiza həkimin rəyini əsas götürür, əslində ekspertiza həkiminin rəyi məhkəmə hakimi tərəfindən ifşa edilməli idi.

2). Quliyev Asif İdris oğlu izahatında hadisə baş verən gün yolun qaranlıq olduğunu yazıb. Hadisə Heydər Əliyev parkına paralel yolda baş verib. Orada da gecə-gündüz işıqlar yanır. Bunu da nəzərə almaq olmazdı?

3). Müqəssir izahatında işdən gəldiyini qeyd edib. Həqiqətdə isə toydan gəlirmiş. Bunu toyun kasetinə, baxmaqla, toyda iştirak edən şəxslərin izahatının alınması ilə təsdiq etmək olmazdımı? Bununla Fərhad Xəlilovun özü üçün belə istisna olmayan, cəmiyyət həyatı üçün qorxulu şəkil ala bilən halın qarşısını almaq olmazdımı? Və ən nəhayət fakt odur ki, kimin pulu, vəzifəsi, adamı varsa, maşını sürətlə idarə edə bilər. Hətta, maşınla adam da vura bilər. Buna nümunə isə 30 Aprel 2014-cü ildə Xanlar Fərhadovun sədrliyi ilə keçirilən məhkəməni göstərmək olar. Quliyev Asif İdris oğlu məhkəmədən islah əmək düşərgəsinə göndərilib. Bəli, bəli, düşərgəyə...".

Hazırda məhrumun ailəsi bununla bağlı bütün aidiyyəti qurumlara müraciət hazırlayır. Ailə mərhumun qanını batıran məmurların və günahkar şəxsin ciddi cəza almasını tələb edir.

Samir Əli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31