“Azərsığorta” ittihamlara cavab verdi - "ALDATMAMIŞIQ"
29 Aprel 2014 16:08 ProblemAzərbaycan Dövlət Sığorta Kommersiya Şirkəti ("Azərsığorta) öz müştərilərini aldatması barədə ittihamlara avab verib. Fins.az-ın məlumatına görə, "Olaylar" qəzetində "Azərsığorta"nın sürücüləri sığortalamasına baxmayaraq sığorta hadisəsi zamanı ödənişdən imtina etdiyi bildirilirdi.
Belə ki, bu ilin aprel ayının 11- də axşam saatlarında Bakı-Quba yolunun Şabran rayonu ərazisində Əzizağa İsmayılov özünə məxsus 10 LA 782 dövlət nömrə nişanlı "KAMAZ" markalı yük maşını ilə Şabran şəhər sakini Əliməmmədov Samir Xanbaba oğluna məxsus 10 TP 562 dövlət nömrə nişanlı "Mercedes" avtomobili vuraraq qəza törədib. Hadisə yerinə Şabran rayon Dövlət Yol Polisinin əməkdaşları gələrək hadisə ilə bağlı akt tərtib ediblər. Tərtib edilən aktda həqiqətən də "Kamaz" markalı avtomobilin "Mercedes" i vuraraq qəza törətdiyi və "Mercedes"in ciddi əzildiyi qeyd olunub. "Kamaz" markalı avtomobilin sürücüsü Əzizağa İsmayılov avtomobilinin sığorta olunduğu Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkətinə zəng edərək qəza törədilən yerə əməkdaşlar göndərilməsini xahiş edib. Lakin məlumata görə, sığorta şirkəti hadisə yerinin uzaqlığını bəhanə edərək şirkətin Şabrandakı filialına müraciət etməyi tövsiyə ediblər. Dövlət Sığorta Şirkətinin Şabran filialının əməkdaşları da hadisəni olduğu kimi qeydə alıblar.
"Konkret imtina etmirlər, amma uzadırlar"
Amma Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkəti hadisə nəticəsində avtomobili əzilən "Mercedes" markalı avtomobilin sürücüsü Samir Əliməmmədova dəyən ziyanı ödəməkdən imtina edib: "Şirkət konkret demir ki, ödəmirlər, amma bəhanələr axtarırlar. Hər dəfə bir bəhanə ilə kompensasiyanı ödəməkdə n boyun qaçırırlar. Gah deyirlər qəza bilərəkdən olub, gah deyirlər qəsdən törədilib və ona görə kompensasiya vermirlər".
"Azərsığorta" polisin rəyinə inanmır?
Maraqlıdır ki, Şabran şəhər DYP-nin və Dövlət Sığorta Kommersiya Şirkətinin yerli filialının rəylərinə baxmayaraq, şirkətin Bakı ofisi qəza hadisəsinin qondarma olduğunu bildirir. Yəni heç bir hadisə baş verməyib və sürücülər bilərəkdən onlardan pul istəyir. Halbuki, hadisə yerində həm Şabran DYP əməkdaşları, həm də sığorta şirkətinin öz nümaynədələri olub. Hər iki qurum üzvləri akt tərtib edərək hadisənin olması barədə məlumatları yazıb, araşdırmalar aparıblar. Amma, şirkətin baş ofisindən kompensasiyanın ödənilməsinə razılıq vermirlər. Şikayətçinin sözlərinə görə, Dövlət Sığorta Şirkəti sürücülərlə yanaşı, Şabran rayon DYP-ni və hətta özünün rayondakı filialını da saxtakarlıqda ittiham edib.
Sığorta şirkəti: "Hadisə ilə bağlı şübhələrimiz var"
Öz növbəsində "Azərsığorta" şirkəti baş vermiş qəza ilə bağlı şübhələrinin olduğunu təsdiqləyib. Sığorta ödənişinin gecikdirilməsi ilə bağlı vətəndaşın şikayətinə münasibət bildirən "Azərsığorta"nın nəqliyyat sığortası departamentinin direktoru Orxan Ağakişiyev fins.az-a açıqlamasında bildirib ki, əvvəla qəza gecə olub və hər iki maşın hadisə yerindən götürülüb: "Avtomobillər hadisə yerindən götürüləndən sonra vətəndaş bizimlə əlaqə saxlayıb və qəzanın baş verdiyini bildirib".
Şirkət əməkdaşları maşınlara baxış keçirəndə isə bəzi şübhələr yaranıb: "Aprelin 12-də hadisə yerində bizim Şabran filialının əməkdaşları avtomobillərə baxış keçiriblər. Hadisə yeri ilə avtomobillərin əzilməsi arasında uyğunsuzluq var. Belə ki, vətəndaşın bildirdiyinə görə "Kamaz" "Mercedes"ə çırpılıb o da ağaca dəyərək əzilib. Maraqlı fakt burasındadır ki, "Mecsedes" ağaca çırpılırsa, demək avtomobilin qabaq hissəsi şaquli formada əzilməlidir. Amma avtomobilin qabaq hissəsi üfüqi istiqamətdə əzilib".
"Hadisə yerində başqa avtomobilinin hissələri tapılıb, saxtakarlıq olsa, sürücünü məhkəməyə verəcəyik"
Bu azmış kimi, hadisə yerində "Vaz 2106"ya məxsus olan hissələrin, məsələn qapı dəstəyinin tapılması şübhələri daha da artırıb. O qeyd edib ki, Ədliyyə Nazirliyinin məhkəmə ekspertizası bu məsələ ilə bağlı araşdırma aparır. Əgər hadisənin doğruluğu təsdiqlənsə vətəndaş sığorta ödənişi alacaq, əksi sübut olunsa vətəndaş məhkəməyə veriləcək.fins.az